Əhməd Davudoğlu: Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını azad etməlidir

 

Ermənistan işğala son qoymalıdır. Biz bölgəni gərginlikdən azad etməyə çalışmalıyıq. Regionu yalnız birgə əməkdaşlıq sayəsində inkişaf etdirmək mümkündür.

Bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında söyləmişdir.

Ə.Davudoğlu Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin mümkünlüyünü bildirmişdir.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində son zamanlar bir canlanma hiss olunmağa başlandığını söyləmişdir. O bu məqamdan səmərəli istifadə etməyin zəruriliyini vurğulamışdır. Bu məsələdə Türkiyə Azərbaycana hər zaman yardım göstərəcəkdir.

Ə.Davudoğlu regionda sülhün bərqərar olunmasının zəruriliyini vurğulamış demişdir ki, münaqişələrin tez bir zamanda həllində ATƏT-in Minsk qrupunun üzvləri bütün mümkün vasitələrdən istifadə etməlidir.

Türkiyəli nazir ölkəsinin xarici siyasətinin təməlinin Azərbaycan ilə əlaqələrə söykəndiyini bildirmişdir.

"Azərbaycanın istiqlalı, ərazi bütövlüyü, müstəqilliyi Türkiyə üçün vacibdir. Azərbaycanın güclü olması Türkiyənin qüdrətli olmasıdır. Heç kəs Türkiyənin Azərbaycana münasibətinə şübhə ilə yanaşmamalıdır. Türkiyə tarixdə olduğu kimi, həmişə Azərbaycanın yanında olacaqdır".

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı türkiyəli həmkarı ilə ətraflı fikir mübadiləsi apardıqlarını bildirmişdir.

E.Məmmədyarov, bundan əlavə, iki ölkə arasında enerji təhlükəsizliyi, mədəniyyət humanitar məsələlərlə bağlı müzakirələr apardıqlarını söyləmişdir. Ölkələrimiz arasında ticarət dövriyyəsinin 2 milyard dollar təşkil etdiyini deyən Azərbaycanın xarici işlər naziri bu rəqəmi artırmağın vacibliyini vurğulamışdır. Türkiyədə 3 minə yaxın azərbaycanlı tələbənin oxuduğunu deyən E.Məmmədyarov Azərbaycanda 1700 türkiyəli tələbənin təhsil aldığını diqqətə çatdırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-27 may.-S.4.