Vətəndaşların müraciətlərinə baxılmasının yaxşılaşdırılması günün tələbidir

 

Mayın 25-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi Lənkəran şəhərində vətəndaşların müraciətlərinə baxılması və sənədlərlə işin təşkili mövzusunda zona seminar-müşavirəsi keçirmişdir.

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında keçirilən seminar-müşavirədə Lənkəran iqtisadi zonasına daxil olan 6 rayonun - Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının icra hakimiyyəti başçıları və onların müavinləri, həmin rayonların icra hakimiyyəti başçıları aparatlarının şöbə müdirləri, şəhər, qəsəbə və kənd ərazi icra nümayəndələri, bələdiyyə şuralarının sədrləri, respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional qurumlarının rəhbərləri, həmin rayonların məhkəmə və hüquq mühafizə orqanlarının nümayəndələri iştirak edirdilər.

200-dən artıq dövlət qulluqçusunun iştirak etdiyi seminar-müşavirəni Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açaraq belə bir tədbirin Lənkəran şəhərində keçirilməsinin, bu rayonlarda vətəndaşların müraciətlərinə diqqətin daha da artırılmasına təkan verəcəyini, bu işin daha da yaxşılaşdırılmasına kömək göstərəcəyini bildirmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavini İsrafil Qurbanov müzakirə olunan məsələ ilə əlaqədar geniş məlumat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Prezident Administrasiyasında vətəndaşların müraciətlərinə baxılması işini yaxşılaşdırmaq üçün müntəzəm tədbirlər görülür.

Bu məqsədlə vətəndaşların müraciətlərində qaldırılan məsələlər hərtərəfli təhlil olunur, onların sayı, coğrafiyası, müəlliflərin sosial tərkibi və müraciətlərin əsas mövzuları vaxtaşırı öyrənilir və bu barədə ölkə vətəndaşlarına müntəzəm məlumat verilir. Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2009-cu il fevralın 13-də "Azərbaycan" qəzetində dərc olunmuş "Vətəndaşların müraciətləri ölkə Prezidentinə və respublikanın davamlı inkişafına inamın təzahürüdür" sərlövhəli məqaləsində 2008-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin ətraflı təhlil olunduğu, bu sahədə ayrı-ayrı şəhər və rayonlarda, o cümlədən cənub bölgəsindəki rayonlarda da nöqsanlara yol verildiyi diqqətə çatdırılmışdır.

Belə seminar-müşavirələrin keçirilməsində əsas məqsəd bu işi daha da yaxşılaşdırmaq və təkmilləşdirmək, yerlərdə vətəndaşların problemlərinin həllinə diqqəti daha da artırmaqdır. Qeyd edilmişdir ki, ötən il dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən seminar-müşavirədə mərkəzi icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması məsələlərinin müzakirə edilməsi həmin orqanların bu sahədəki fəaliyyətinin yaxşılaşdırılmasına kömək etmiş, bu məqsədlə dövlət orqanlarında müraciətlərin daha geniş təhlil edilməsinə və müvafiq tədbirlər görülməsinə, o cümlədən vətəndaşların qəbulunun yaxşılaşdırılmasına səmərəli təsir göstərmişdir.

Seminar-müşavirədə vətəndaşların müraciətlərinə baxılması məsələlərini tənzimləyən normativ hüquqi aktların əsas tələbləri, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə uyğun olaraq qəbul edilmiş "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanuna 1997-ci ildən sonra edilmiş əsas dəyişiklik və əlavələr, həmin qanunla əlaqədar qəbul olunmuş kargüzarlıq qaydaları və digər sənədlər barədə geniş məlumat verilmiş, ölkə Prezidentinin bu sahədə qarşıya qoyduğu mühüm vəzifələr şərh edilmişdir.

İ.Qurbanov Prezident Administrasiyasına daxil olan müraciətlərin son illərdəki dinamikasından bəhs edərkən bildirmişdir ki, vətəndaşların ölkə Prezidentinə ünvanladıqları bütün müraciətlərdə dövlətimizin başçısının daxili və xarici siyasəti dəstəklənir, respublikada gedən böyük abadlıq və quruculuq işlərinə görə minnətdarlıq ifadə olunur. Ümumiyyətlə, vətəndaşların ictimai fəallığı yüksəlmişdir, ictimai məzmunlu müraciətlərin və təkliflərin artması bunu təsdiq edir. Prezident Administrasiyasına daxil olan müraciətlərin tərkibində şikayətlərin faizinin ildən-ilə azalması meyli müşahidə olunur ki, bu da müraciətlərə daha qayğı ilə yanaşılmasının, insanların gündəlik problemlərinin həllinə daha çox diqqət yetirilməsinin nəticəsidir.

Seminar-müşavirədə qeyd edilmişdir ki, Lənkəran iqtisadi rayonunda 820 mindən artıq əhali yaşayır və Prezident Administrasiyasına daxil olan müraciətlərin müəyyən hissəsi bu bölgənin payına düşür. Bölgədə böyük abadlıq və quruculuq işlərinin getməsinə baxmayaraq, hələ də vətəndaşlar bəzi yerli idarə və təşkilatlarda laqeydlik və süründürməçilik halları ilə rastlaşır və buna görə Prezident Administrasiyasına müraciət etməli olurlar. Prezident Administrasiyasına 2007-ci ildə Lənkəran iqtisadi zonasından 6 mindən çox, 2008-ci ildə isə 7 minədək müraciət daxil olmasına baxmayaraq, Lənkəran rayonundan daxil olan müraciətlərin sayı əvvəlki ilə nisbətən azalmışdır. Astara və digər rayonlardan müraciətlərin sayı isə artmışdır.

Müraciətlərin əsas mövzularından bəhs edilərkən göstərilmişdir ki, bölgədə torpaq, mənzil, vətəndaşların sosial və digər şəxsi problemləri, habelə məhkəmə və hüquq-mühafizə orqanları haqqında müraciətlər üstünlük təşkil etmişdir. Seminar-müşavirədə vətəndaşların şəxsi qəbulu məsələlərinin təhlilinə də geniş yer verilmiş, səyyar qəbullardan daha geniş istifadə edilməsinin müsbət nəticələri qeyd olunmuş, keçən il zonada 6 rayon üzrə 15 mindən artıq vətəndaşın, o cümlədən icra başçıları tərəfindən 10 minə yaxın vətəndaşın qəbul edilməsi sayəsində Prezident Administrasiyasına bu bölgədən qəbul üçün müraciət edənlərin sayının azaldığı göstərilmişdir.

Seminar-müşavirədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı Minayə Əliyeva çıxış edərək mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması işini yaxşılaşdırmaqda təhlillərin əhəmiyyəti, müraciətlərə baxılmasında nəzarətin rolu məsələlərindən bəhs etmiş, müraciətlərə nəzarət qaydasında daha çox baxılmasının vacibliyini göstərmişdir.

Seminar-müşavirədə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Lerik rayonundan Habil Məlikov, Yardımlı rayonundan Azər Əkbərov və Astara rayonundan Məzahim Hüseynov çıxış edərək vətəndaşların qəbulu, onların yazılı və şifahi müraciətlərinə baxılması ilə bağlı görülmüş işlərdən danışmış, bu sahədə yol verilmiş nöqsanları ətraflı təhlil etmiş, vətəndaşların müraciətləri ilə işi yaxşılaşdırmaq üçün daha ciddi tədbirlər görəcəklərini bildirmişlər.

Seminar-müşavirədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşları S.Qəmbərov və M.Babayeva da iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-27 may.-S.4