Azərbaycan mədəniyyəti Ukraynada

 

   Azərbaycan Respublikası Mədəniyyət və Turizm NazirliyiUkrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2012-ci illər üzrə əməkdaşlıq haqqında Protokola əsasən 2009-cu il 20-24 may tarixlərində Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Azərbaycandan Ukraynaya yola düşən 80 nəfərlik nümayəndə heyətinə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev rəhbərlik edirdi. Rəsmi nümayəndə heyətinin tərkibinə nazirliyin Aparat rəhbərinin müavini Cavanşir Cəfərov, Dövlət Uşaq Filarmoniyasının direktoru Fərəh Şəkinskaya daxil idi. Səfərin ilk günü nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin Ukraynadakı Azərbaycan səfirliyinin yaxınlığındakı bağda ucaldılmış abidəsini ziyarət edib, daha sonra isə dahi Azərbaycan şairi Səməd Vurğunun adını daşıyan kitabxananın yaxınlığında şairin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar. Mərasimdə Azəbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Ukrayna mədəniyyət və turizm nazirinin müavini Timofey Koxan, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, diasporumuzun fəalları iştirak ediblər.

   Həmin axşam Kiyev Milli Rəssamlar İttifaqında Azərbaycan rəssamlarının rəngkarlıq əsərlərindən ibarət sərgi açılıb. Sərgini iki ölkənin mədəniyyət və turizm nazirləri - Əbülfəs QarayevVasil Vovkun açıb, respublikamızın mədəni əlaqələrindən danışıblar. Ə.Qarayev bildirib ki, ekspozisiyada ötən əsrin 60-cı illərindən tutmuş müasir dövrümüzədək müxtəlif nəsillərdən olan rəssamların əsərləri təqdim olunubburda nümayiş olunan bəzi rəssamların əsərləri məşhur Sotbis hərracına çıxarılacaq. Bu isə Azərbaycan təsviri sənət məktəbinin dünyada tanınmasından xəbər verir, iyunun 5-də isə rəssamlarımızın əsərləri Venesiyadakı Beynəlxalq Müasir İncəsənət Biennalisində sərgilənəcək. Bir gün əvvəl isə orada ukraynalı rəssamların əsərlərinin nümayiş olunmasında da sanki bir qanunauyğunluq var. Azərbaycan və Ukrayna arasında mədəniyyət sahəsində əməkdaşlıqdan danışan Ə.Qarayev bildirdi ki, tərəflər iki respublikada hər il mədəniyyət günləri keçirmək barədə razılığa gəlmişlər. Vasil Vovkun da bu sərginin Ukrayna sənətsevərləri üçün əsl bayram olduğunu dedi və istedadlı Azərbaycan rəssamlarına uğurlar arzuladı.

   Sonra Milli Filarmoniyada Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılışı və bayram konserti olub. Ə.Qarayev açılış nitqində birgə tədbirlərin keçirilməsinin xoş ənənəyə çevrildiyini söyləyib. O bildirib ki, Azərbaycan və Ukrayna prezidentlərinin tapşırığı ilə nazirliklər son 3 ildə iki dost ölkə arasında mədəni əlaqələri daha da fəallaşdırmışlar. Ötən il Azərbaycanda keçirilmiş Ukrayna Mədəniyyəti günləri parlaqyaddaqalan hadisəyə çevrildi. Əbülfəs Qarayev qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Vasil Vovkuna təşəkkürünü bildirib. Ukraynanın mədəniyyət və turizm naziri də azərbaycanlı qonaqları və həmkarı Əbülfəs Qarayevi səmimi salamlayaraq bildirdi ki, iki dost ölkə mədəniyyət sahəsində səmərəli əməkdaşlığın və əlaqələrin daha da dərinləşdirilməsi nümunəsi göstərir. O xatırladıb ki, Azərbaycanda görkəmli şair, Ukrayna xalqının görkəmli qızı Lesya Ukrainkanın, azadlıq və müstəqillik nəğməkarı Taras Şevçenkonun, Ukraynada isə görkəmli dövlət xadimi, məşhur siyasi xadim Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, dahi şair Səməd Vurğunun abidələri ucaldılıb. Nazir dost xalqlar arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.

   Konsert proqramı xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəyovun “Ey Vətən” əsəri ilə başlanıb və Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblı və solistlər -xalq artistləri Azər Zeynalov, Faiq Ağayev, əməkdar artist, xanəndə Gülyaz Məmmədova, müğənni Lalə Məmmədova, xanəndə Səbuhi İbayevUşaq Filarmoniyasının solisti Rəşid Seyidovun ifaları ilə davam edib. Xormeyster Gülbacı İmanova, baletmeyster Cəmilə Bayramova, səs rejissoru Vahid Talıbov, konsertin direktoru Elçin Abbasov, quruluşçu rejissor, Azərbaycanın əməkdar incəsənət xadimi, professor Əli Usubov idi. Mayın 22-də Azərbaycan mədəniyyəti günləri çərçivəsində Kiyevin peyk şəhəri İrpendə davam etdirilib. Bu şəhərdə mərkəzi küçələrdən biri dünya-şöhrətli oftalmoloq-alim Zərifə xanım Əliyevanın daşıyır, onun adını daşıyan məktəb tikilib və “Zərifə parkı”nda abidəsi ucaldılıb. Azərbaycan nümayəndə heyəti Zərifə xanımın abidəsini ziyarət edib və həmvətənlərimizin çoxluq təşkil etdiyi səfalı yerdə daha bır gözəl konsert veriblər.   

 

   T.Şükürova

 

Mədəniyyət. - 2009.- 27 may.- S. 2.