Sürətlə inkişaf
edən Azərbaycan- Türkiyə münasibətləri
bölgədəki proseslərə çox
ciddi və müsbət təsir
göstərir
Azərbaycan Prezidenti İlham
Əliyevin Türkiyəyə
rəsmi səfəri
Azərbaycan
Prezidenti İlham Əliyevin nitqi
- Hörmətli
cənab Prezident!
Hörmətli
Hayrünnisə xanım!
Hörmətli
cənab Baş nazir!
Əziz
dostlar!
İlk növbədə, əziz
dostum, Prezident Abdullah Gülə məni Türkiyəyə dəvət
etdiyinə görə
dərin minnətdarlığımı
bildirmək istəyirəm.
Təsadüfi deyil ki, prezident seçkilərindən
sonra mənim ilk rəsmi səfərim məhz Türkiyəyədir.
Bu, təbiidir, iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq
münasibətlərinin təzahürüdür.
Bu, çox önəmlidir.
Türkiyə-Azərbaycan əlaqələri həm ölkələrimiz,
xalqlarımız üçün,
həm də bütün bölgə üçün çox böyük əhəmiyyət
daşıyır.
Əziz dostum cənab Prezident öz nitqində ikitərəfli
münasibətlərin, demək
olar ki, bütün sahələrini
əhatə etdi. Bu, doğrudan da hərtərəfli münasibətlərdir,
bütün sahələri
əhatə edir, elə bir sahə
yoxdur ki, orada Türkiyə-Azərbaycan
münasibətləri inkişaf
etməsin. Çox böyük
məmnunluq hissi ilə qeyd etmək
istəyirəm ki, biz
bütün sahələrdə
uğurları görürük.
Praktik əməkdaşlığın gözəl nəticələrini
görürük. Bizim birgə
təşəbbüslərimiz - istər siyasi sahədə, istər iqtisadi, istərsə də enerji, nəqliyyat sahələrində
irəli sürülmüş
təşəbbüslər həm ölkələrimizi
gücləndirir, həm
iki ölkə arasında olan münasibətləri yeni
pilləyə qaldırır,
həm də yaşadığımız bölgədə
əməkdaşlığın, sabitliyin möhkəmlənməsinə
gətirib çıxarır.
Bu gün tam qətiyyətlə
deyə bilərəm
ki, Türkiyə və Azərbaycanın birgə fəaliyyəti bölgədə sabitləşdirici
amilə çevrilibdir.
Bizim iştirakımız olmadan,
razılığımız olmadan bölgədə heç bir layihə - istər siyasi, istər iqtisadi və başqa layihələr icra oluna bilməz.
Məhz bizim təşəbbüsümüzlə
bölgə üçün
və dünya üçün böyük
əhəmiyyət daşıyan
enerji, nəqliyyat layihələri çox uğurla gerçəkləşir.
Bu uğurun təməlində
iki ölkə arasında olan münasibətlər dayanır,
iki xalqın iradəsi, bir-birimizə olan dostluq-qardaşlıq duyğuları dayanır.
Ən əsası bundan ibarətdir. Türk və
Azərbaycan xalqları
əsrlər boyu bir yerdə yaşamışlar. Biz bir millət - iki dövlətik. Ancaq bu gün biz iki müstəqil dövlətik. Azərbaycan dövlət
müstəqilliyini bərpa
etdikdən sonra, ilk növbədə bizi Türkiyə dəstəkləmişdir.
Ən çətin anlarımızda
Türkiyə daim bizim yanımızda olubdur. Bu gün
də belədir.
Ancaq bu gün Azərbaycan
da güclənibdir.
Azərbaycan da ikitərəfli
münasibətlərə öz
töhfəsini verir və bir-birimizi dəstəkləməyimiz, əlbəttə
ki, bizi gücləndirir. Bunu biz bölgədə
gedən proseslərdə
görürük, geniş
mənada beynəlxalq
müstəvidə görürük.
Bu fürsətdən istifadə
edib, bütün türk xalqını bu yaxınlarda Türkiyənin Birləşmiş
Millətlər Təşkilatı
Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilməsi münasibətilə
ürəkdən təbrik
etmək istəyirəm. Bu, böyük qələbədir.
Böyük uğurdur. Böyük səsçoxluğu
ilə Birləşmiş
Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilmək böyük
nailiyyətdir. Bu, Türkiyənin artan imkanlarını, təsir
imkanlarını göstərir.
Bu, Türkiyəni gücləndirir və Azərbaycanı gücləndirir.
Qarşımızda duran məsələlər
uğurla həll olunur və biz bölgədə, Cənubi
Qafqazda sülhün bərqərar olunmasında
Türkiyənin rolunu
alqışlayırıq, bunu
bəyənirik, dəstəkləyirik.
Türkiyənin Cənubi Qafqaz
bölgəsində gedən
proseslərdə fəal
iştirakını biz böyük
sevinclə qarşılayırıq
və görəndə
ki, bu təşəbbüslər
artıq bölgədə
vəziyyətin müsbət
istiqamətdə dəyişməsinə
gətirib çıxarır,
sevincimiz daha da artır. Türkiyə tərəfindən irəli sürülmüş
Qafqazda Sabitlik və Əməkdaşlıq
Platformasının ilkin
əlamətlərini biz görürük.
Ümid edirik ki, bu
təşəbbüs və
bölgədə yaşanan
digər hadisələr,
digər təşəbbüslər
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
ədalətli həllinə
gətirib çıxara
bilər. Bu münaqişə yalnız
beynəlxalq hüquq normaları əsasında
həll oluna bilər. Azərbaycanın ərazi bütövlüyü
bərpa olunmalıdır
və işğaldan əziyyət çəkən
Azərbaycan vətəndaşları
öz doğma torpaqlarına qayıtmalıdırlar.
Bu məsələnin həlli yolları ilə bağlı fikir artıq dünyada daha da aydın görünür.
Daha da aydın görünür
ki, beynəlxalq hüquq normaları əsas şərtdir.
Çox
sevindirici haldır ki, nəhayət, Ermənistan tərəfi də bunu qəbul
etməyə başlamışdır.
Bunun əyani sübutu bu yaxınlarda Moskvada Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin
imzaladığı birgə
Bəyannamədir.
Bir sözlə, bölgədə
sülhün, sabitliyin
tam bərqərar olunması
bizim qarşımızda
yeni imkanlar, yeni üfüqlər açacaqdır. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz
həllini taparsa, yeni imkanlar açılacaqdır.
Bölgədə əməkdaşlıq, bölgədə yaşayan
xalqların bir-biri ilə əlaqələrinin
qurulması, ölkələrarası
münasibətlər - bütün
bunlar öz həllini tapa bilər. Bizim niyyətimiz xoş
niyyətdir. Bir daha demək istəyirəm ki, Türkiyə-Azərbaycan
təşəbbüsləri, son illər ərzində bölgədə irəli
sürülmüş təşəbbüslər
yalnız əməkdaşlığa
yönəldilibdir. Ümid edirəm
ki, növbəti illərdə biz bu təşəbbüslərin daha
da böyük nəticələrini görəcəyik.
Mən bu gün çox
şadam ki, yenidən qardaş Türkiyədəyəm, yenidən
öz dostlarımın
arasındayam. Bizim şəxsi
münasibətlərimiz də
çox səmimidir, çox gözəldir.
Həm əziz dostum Prezidentlə,- həm əziz dostum Baş nazirlə çoxsaylı
görüşlərimiz, - həm Bakıda, həm Ankarada, İstanbulda, digər şəhərlərdə, - həm
bizim aramızda olan münasibətləri
daha da gücləndirir,
eyni zamanda, iki ölkə arasındakı, sözün
əsl mənasında,
qardaşlıq əlaqələrini
gücləndirir. Bu, çox sevindirici haldır. Mən tam əminliklə deyə bilərəm ki, bəlkə də dünyada Türkiyə-Azərbaycan münasibətləri
qədər ikinci belə səmimi və yaxın münasibətlər yoxdur.
Bu, böyük bir dəyərdir, böyük bir nemətdir. Təbii ki, bu münasibətlər dərin
tarixi əsaslar üzərində qurulubdur.
Ancaq bununla bərabər, bizim birgə siyasətimiz, bir-birimizə
olan münasibət, bir-birimizə göstərilən
dəstək, əlbəttə
ki, bu münasibətləri
daha da gücləndirir.
Mən bütün
türk xalqına yeni uğurlar, yeni qələbələr,
xoşbəxtlik və
rifah arzulayıram!
Azərbaycan.-2008.-7 noyabr.-S.1.