- Hörmətli millət vəkilləri!
Hörmətli Baş nazir, əziz
dostlar!
Mən
çox şadam ki, yenidən qardaş ölkədəyəm.
Bildiyiniz kimi,
Azərbaycanda ötən ay keçirilmiş prezident
seçkilərindən sonra mən ilk rəsmi səfərimi
Türkiyəyə edirəm. Bu, əlbəttə
ki, təbii haldır. Ancaq bununla bərabər,
bu, bizim münasibətlərimizin nə qədər yüksək
səviyyədə olmasını göstərir. Həqiqətən, Türkiyə-Azərbaycan
münasibətləri dünyada bir örnəkdir. İnanmıram ki, dünyada tapılsın başqa
ölkələr ki, onların arasında münasibətlər
belə səmimi, belə gözəl olsun. Bizim münasibətlərimiz dərin tarixi köklər
üzərində qurulubdur. Əsrlər
boyu bizim xalqlarımız birlikdə yaşamış,
yaratmışlar. Ancaq sonralar dünyada gedən
proseslər nəticəsində biz bir-birimizdən ayrı
düşmüşdük. Yalnız Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən sonra
Türkiyə-Azərbaycan münasibətləri qurulmağa
başlamışdır. Bu gün iki
müstəqil ölkə bir-birinə dəstək verməklə,
ikitərəfli münasibətlərin inkişafına xidmət
göstərir, eyni zamanda bölgədə gedən proseslərə
bizim təsir imkanlarımız güclənir.
Bizim münasibətlərimiz
çoxşaxəlidir. Siyasi əlaqələr çox yüksək
səviyyədədir, birgə imzalanmış sənədlər
çox gözəl hüquqi baza yaradır. İqtisadi sahədə ticarət dövriyyəsi
artır və çoxlu türk şirkətləri Azərbaycanda,
Azərbaycan şirkətləri Türkiyədə fəaliyyət
göstərir.
Bu gün biz artıq qarşılıqlı sərmayələrdən
danışa bilərik. Bu da çox
önəmlidir. Azərbaycana qoyulan sərmayələr
bizim iqtisadiyyatımızı gücləndirir və biz
çox şadıq ki, bu sərmayələrin böyük
hissəsi Türkiyədən gəlir. Son
müddət ərzində Azərbaycan şirkətləri də
Türkiyəyə sərmayə qoymağa
başlamışdır. Bu, bir tərəfdən
Azərbaycanın artan imkanlarını göstərir, digər
tərəfdən, yenə də demək istəyirəm ki,
bütün bunların təməlində bizim aramızda olan
dostluq, qardaşlıq münasibətləri dayanır.
Bizim birgə səylərimiz,
təşəbbüslərimiz nəticəsində bölgədə
çox önəmli və transmilli layihələr icra olunur. Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin uğurla fəaliyyəti həm bölgədə
sabitliyin möhkəmlənməsinə, əməkdaşlığın
dərinləşməsinə xidmət göstərir, həm
də bizim iqtisadi imkanlarımızı gücləndirir.
Bu gün biz artıq Şərq-Qərb enerji dəhlizinin
uğurlu fəaliyyətini müşahidə edirik. Onun əsasında da bizim təşəbbüslərimiz
dayanır. Hər kəs bilir ki,
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi çox mürəkkəb
geosiyasi vəziyyətdə həyata keçirilmişdir.
Uzun danışıqlardan, bəzi hallarda uzun mübahisələrdən
və edilən təzyiqlərdən sonra biz, nəhayət,
bu layihənin həyata keçirilməsinə nail ola bilmişik. Biz əfsanəni
gerçəyə çevirmişik. Bizim
iradəmiz, xalqlarımızın birgə fəaliyyəti,
siyasi rəhbərliyin uğurlu və müdrik siyasəti nəticəsində
bu, artıq reallıqdır və hər kəs bu reallıqla
hesablaşmalıdır. Bu, sadəcə,
bir enerji layihəsi, yaxud da ki, iqtisadi layihə deyildir. Bunun çox böyük mənası var. Bu,
xalqlarımızı uzun illər bundan sonra üçün
iqtisadi maraqlarla birləşdirir, bizim önəmimizi
artırır. Artıq bölgədə
Şərq-Qərb enerji dəhlizi və enerji təhlükəsizliyi
məsələləri Türkiyə və Azərbaycanın
iştirakı olmadan həll oluna bilməz.
Xəzər dənizinin
təbii ehtiyatları dünya enerji bazarı üçün
yeni mənbədir və bunun önəmi getdikcə
artacaqdır.
Bu mənbənin başında biz
dayanmışıq və əlbəttə ki, bunun gözəl
nəticələrini biz ondan sonrakı layihələrdə də
görürük. Biz "Şahdəniz"
layihəsinin uğurla icra olunmasını birlikdə qeyd
etmişik. Bu gün Azərbaycan qazı
Türkiyə bazarına daxil olur. Bir neçə il bundan əvvəl Azərbaycan təbii
qazın idxalı ilə məşğul idi. Bu
gün biz bunu ixrac edirik və ilk növbədə, qardaş
Türkiyəyə ixrac olunur. Əminəm
ki, növbəti illərdə Azərbaycanda qaz
ehtiyatlarının işlənilməsi nəticəsində
biz buna daha da böyük həcmdə nail olacağıq.
Biz öz siyasətimizlə, öz layihələrimizlə
bir-birimizi gücləndiririk və belə də
olmalıdır. Belə olan halda, bölgədə
və dünyada bizim imkan dairəmiz daha da genişlənəcək,
təsir imkanlarımız artacaqdır. O cümlədən
iqtisadi və enerji siyasətimizin uğurla aparılması ilə
biz öz siyasi maraqlarımızı daha da dolğun şəkildə
müdafiə edəcəyik.
Bu gün biz
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə məşğuluq. Bu da tarixi bir
layihədir ki, Türkiyə və Azərbaycan üzərindən
Avropanı Asiya ilə birləşdirəcəkdir. Türkiyəni Azərbaycanla dəmir yolu ilə birləşdirəcəkdir.
Bunun çox böyük tarixi və əlbəttə
ki, iqtisadi və siyasi önəmi vardır.
Bütün bu
layihələr, deyə bilərəm ki, son illər ərzində
tamamlandı.
Mən xatırlayıram, dörd il bundan əvvəl,
2004-cü ildə bu kürsüdən Məclis
qarşısında çıxış edərkən, bu
layihələr barədə danışarkən onların
uğurlu icrası haqqında fikirlər söyləmişdim.
Ancaq o zaman nə Bakı-Tbilisi-Ceyhan, nə
Bakı-Tbilisi-Ərzurum, nə də ki, Bakı-Tbilisi-Qars
layihələri nə icra olunmuşdu, nə də ki,
icrası başlanmışdı. Bu
gün isə bunlar reallıqdlr. Biz tarix
baxımından qısa müddət ərzində,
müştərək səylərlə, birgə iradə ilə
dostluğumuzun, qardaşlığımızın möhkəmlənməsi
ilə bunu bacardıq. Mən heç
şübhə etmirəm ki, bundan sonra qarşıda duran
bütün məsələlər eyni uğurla həll
olunacaqdır.
Bu gün
Türkiyə-Azərbaycan birliyi bölgədə sabitləşdirici
amildir. Cənubi Qafqazda yaşanan hadisələr bizim
hamımızı düşündürür və narahat
edir. Biz Azərbaycanda çox şadıq
ki, Türkiyə bu məsələlərlə bağlı
çox fəal siyasət aparır. Cənubi
Qafqazda sabitlik və əməkdaşlıq təşəbbüsü
ilə çıxış edən Türkiyə bölgədə
gedən proseslərə daha ciddi şəkildə müdaxilə
edəcəkdir. Bu müdaxilənin ancaq və
ancaq müsbət nəticələri olacaqdır. Biz buna çox böyük önəm veririk, bu təşəbbüsləri
alqışlayırıq. Əminəm ki,
bu təşəbbüslər və bölgədə yerləşən
digər ölkələrin xoş niyyəti nəticəsində
Cənubi Qafqazda sabitlik və sülh təmin olunacaqdır.
Buna böyük ehtiyac var. Biz çox həssas
bölgədə yaşayırıq, çox mürəkkəb
tarixi dövrdə yaşayırıq və bizim siyasətimizdən
bölgənin, geniş mənada bölgənin gələcək
taleyi, sabitliyi asılıdır.
Cənubi Qafqazda yaşanan son gərgin hadisələr bir daha onu göstərir ki, bu bölgədə sülh çox həssas məsələdir. Bölgədə, əslində, sülh bərqərar olunmayıbdır. Atəşkəs rejimi mövcuddur. O da imkan vermir tam əminliklə deyək ki, artıq vəziyyət sabitləşibdir. Cənubi Qafqazda və ümumən bölgədə ən böyük təhlükə mənbəyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Uzun illərdir ki, münaqişə öz həllini tapa bilmir. İyirmi ilə yaxındır ki, Azərbaycan torpaqları işğal altındadır. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, etnik təmizləmə siyasəti Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması, 1 milyondan artıq azərbaycanlının öz doğma torpaqlarında qaçqın, köçkün vəziyyətinə düşməsi ilə nəticələnibdir. Bizim ərazi bütövlüyümüz pozulubdur. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan, əfsuslar olsun, hələ ki, beynəlxalq davranış qaydalarına riayət etmir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etmir. Bu qətnamələrdə Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması nəzərdə tutulubdur. Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Türkiyənin dəstəyi ilə qəbul olunmuş qərar erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasını tələb edir. O qərar da icra olunmur. Yəni biz burada beynəlxalq hüquq normalarına olan laqeyd münasibəti görürük. Biz ümid edirik ki, bölgədə yaranan yeni vəziyyət münaqişə ilə bağlı olan və məşğul olan bütün tərəfləri daha da fəallaşdıracaqdır. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi bölgədə gedən prosesləri düzgün təhlil edəcək və yeni yaranmış reallıqlarla barışmalı olacaqdır. Bunun nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapa bilər.
Azərbaycanın
ərazi bütövlüyü bərpa olunacaqdır və
işğaldan, etnik təmizləmə siyasətindən əziyyət
şəkən Azərbaycan vətəndaşları öz
doğma torpaqlarına qayıda biləcəkdir. Bunu etmək
üçün, əlbəttə ki, Ermənistan tərəfi
siyasi iradə göstərməli və beynəlxalq hüquq
normalarına tam şəkildə riayət etməlidir.
Son aylar ərzində
bölgədə gedən proseslər, göstərilən təşəbbüslər,
Türkiyə tərəfindən irəli
sürülmüş təşəbbüs, ondan sonra Rusiyada
üç ölkənin prezidentlərinin
görüşü və bu görüş nəticəsində
qəbul edilmiş siyasi Bəyannamə bizim nikbinliyimizi bir az artırır. Çünki o Bəyannamədə,
ilk növbədə, məsələnin beynəlxalq hüquq
normaları əsasında həll olunması qeyd edilir. Digər
tərəfdən, Bəyannamədə məsələnin mərhələli
yollarla həll edilməsi təsdiq olunur.
Bu, həmişə Azərbaycanın mövqeyini əks
etdirmişdir.
Biz həmişə demişik ki, məsələ mərhələli yollarla həll olunmalıdır. İlk növbədə, işğal edilmiş ərazilər işğalçı qüvvələrdən boşaldılmalı, Azərbaycan vətəndaşları o bölgələrə qayıtmalıdırlar. Ondan sonra Dağlıq Qarabağın gələcək statusu haqqında söhbət aparıla bilər. Ancaq o da aydındır ki, bu status, gələcək status Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Bir sözlə, bu məsələnin həll olunmaması, əlbəttə ki, bölgədə əlavə gərginliyin böyüməsinə gətirib çıxarır. Ancaq bununla bərabər, biz hesab edirik ki, atılan addımlar və gələcəkdə atılacaq addımlar məsələnin həllinə gətirib çıxara bilər. Bir daha demək istəyirəm ki, Türkiyənin bu işlərə çox ciddi yanaşması bizi çox sevindirir, ruhlandırır. Biz Türkiyənin mövqeyini bəyənirik, dəstəkləyirik və əminəm ki, növbəti aylarda biz yeni siyasi addımların şahidi olacağıq.
Bütövlükdə,
bir daha demək istəyirəm ki, bölgədə sülh vəziyyətinin
yaranması bizim birgə fəaliyyətimizdən
asılıdır. Bizim birgə fəaliyyətimiz təkcə
bölgədə gedən proseslərlə məhdudlaşmır.
Biz bu gün beynəlxalq müstəvidə öz səylərimizi
birləşdiririk. Bütün beynəlxalq təşkilatlarda
Türkiyə və Azərbaycan vahid mövqedən
çıxış edir. Bu fürsətdən
istifadə edərək, mən bu yaxınlarda Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə
Türkiyəni, bütün türk xalqını ürəkdən
təbrik etmək istəyirəm. Bu, böyük qələbədir,
böyük uğurdur. Bu, sizin uğurunuzdur, bu, bizim
uğurumuzdur.
Biz, eyni zamanda xaricdə yaşayan soydaşlarımızın birgə fəaliyyəti üçün də əməli-praktik işlər görürük. Azərbaycanda keçirilmiş Türkiyə-Azərbaycan diaspor təşkilatları rəhbərləri forumunun nəticələrini biz çox yüksək qiymətləndiririk. Xaricdə yaşayan soydaşlarımız indi vahid mövqedən çıxış edirlər, birgə tədbirlər keçirirlər. Ölkələrimiz, xalqlarımız haqqında dəqiq, dolğun, ədalətli məlumatı çatdırırlar. Bəzi hallarda bizim haqqımızda süni şəkildə yaradılan mənfi rəy bizim maraqlarımıza təsir göstərir. Əminəm ki, biz xaricdəki diaspor təşkilatlarının birgə fəaliyyəti nəticəsində ölkələrimiz, xalqlarımız, xalqlarımızın tarixi, mədəni irsi, zəngin mədəniyyəti haqqında dünya birliyinə daha dolğun məlumatın çatdırılmasına nail olacağıq. Biz buna çox böyük önəm veririk və mən çox şadam ki, birgə səylərimiz, təkcə ikitərəfli müstəvidə deyil, eyni zamanda bütün dünyada özünü göstərir.
Biz yaranmış vəziyyətə, əlbəttə ki, reallıq nöqteyi-nəzərindən yanaşmalıyıq. Bu gün reallıq belədir ki, Türkiyə və Azərbaycanın güclənməsi, bizim iqtisadi və siyasi potensialımızın artması nəticəsində bölgədə yeni vəziyyət yaranıbdır. Biz bu gün Xəzər dənizi-Qara dəniz əməkdaşlıq çərçivələrini genişləndiririk. Deyə bilərəm ki, bu gün enerji təhlükəsizliyi məsələləri dünyanın gündəliyində ön sıralardadır. Bu gün nəqliyyat təhlükəsizliyi məsələləri uğurla həll edilir. Bütün bu işlərdə Türkiyə və Azərbaycanın mövqeyi həlledici rol oynayır. Bizim birliyimizdən həm gələcəyimiz asılıdır, həm bölgədə gedən proseslər asılıdır, həm də ki, ölkələrimizin artan siyasi çəkisi və bunun nəticəsində bizim maraqlarımızın daha dolğun şəkildə müdafiə olunması asılıdır.
Mən çox şadam ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir, davam edir. Mənim bu səfərim bunun əyani sübutudur. Bizim aramızda çox səmimi dostluq münasibətləri vardır. Biz bu münasibətlərə çox böyük önəm veririk, onları çox vacib amil hesab edirik. Mən şübhə etmirəm ki, növbəti illərdə bizim birgə səylərimiz ölkələrimizi daha da gücləndirəcəkdir.
Hörmətli millət vəkilləri, bu gün mən, eyni zamanda Azərbaycanda son illər ərzində gedən proseslər haqqında da sizə qısaca olaraq öz fikirlərimi bildirmək istəyirəm. Son beş il ərzində Azərbaycan uğurlu yol keçmişdir. Azərbaycanda siyasi islahatlar çox uğurla aparılmışdır. Azərbaycan dünya birliyinə uğurla inteqrasiya etmişdir. Bizim dünya birliyinə inteqrasiya siyasətimiz çox aydındır, çox dəqiqdir. Bizim üçün, tariximiz üçün, millətimizin mentaliteti üçün məqbul olan bütün müsbət təcrübələri Azərbaycanda tətbiq etməyə çalışırıq. İstər iqtisadi, istər siyasi, yaxud da ki, sosial sahədə. Biz öz gələcəyimizi dərin və zəngin tarixi köklər üzərində qururuq. Bizim üçün milli-mənəvi dəyərlərimiz, ənənələrimiz başlıca rol oynayır. Bu möhkəm mənəvi zəmin üzərində Azərbaycan müasirləşir, yeniləşir və Azərbaycanda aparılan siyasi və iqtisadi islahatlar ölkəmizi gücləndirir.
Bizim müstəqillik tariximiz birmənalı olmamışdır. Müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox ağır keçmişdir. Hətta deyə bilərəm ki, ilkin mərhələdə bizim gələcək müstəqilliyimiz şübhə altına düşmüşdü. Ölkədə gedən xoşagəlməz proseslər, daxili çəkişmələr, hətta vətəndaş müharibəsi, torpaqlarımızın bir hissəsinin işğal altına düşməsi və bütövlükdə qeyri-sabit vəziyyət Azərbaycanın gələcəyini qeyri-müəyyən edirdi. Ancaq bu gün biz gələcəyə çox böyük ümidlərlə, çox böyük nikbinliklə baxırıq. Azərbaycan bu gün tam şəkildə müstəqil siyasət aparır. Bizim müstəqil siyasət aparmaq imkanlarımız möhkəm iqtisadi əsas üzərində qurulubdur. Çünki iqtisadi müstəqillik olmasa, siyasi müstəqillikdən söhbət etmək mümkün deyildir. Bu gün müstəqil siyasət aparmaqla Azərbaycan bölgədə öz mövqelərini möhkəmləndirir. Bizim xoşməramlı təşəbbüslərimiz rəğbətlə qarşılanır. Son illər ərzində Azərbaycanda siyasi islahatların dərinləşməsi, demokratiyanın inkişafı istiqamətində çox böyük işlər görülüb və bütün dünya bunun şahididir.
Bununla bərabər, iqtisadi islahatlar uğurla aparılır. Bəli, Azərbaycanın çox zəngin təbii ehtiyatları vardır. Neft, qaz və başqa təbii ehtiyatlarımız Azərbaycanın uğurlu inkişafını, ən azı, növbəti 100 il ərzində təmin edəcəkdir. Bütün hesablamalar göstərir ki, təbii qaz ehtiyatları, ən azı, 100 il müddətində bizə kifayət edəcəkdir. Amma bununla bərabər, uğurlu enerji siyasətinin aparılması ilə bərabər, biz iqtisadiyyatın digər sahələrinin inkişafına çox böyük diqqət göstəririk. Bu gün iqtisadiyyatımız çoxşaxəlidir. Qeyri-neft sektorunun inkişafına böyük önəm verilir.
İqtisadi
islahatların aparılmasında Azərbaycan çox
böyük uğurlar əldə edibdir. Bunun ən gözəl
təzahürü ondan ibarətdir ki, bu il, 2008-ci ildə
Dünya Bankı tərəfindən aparılan tədqiqata əsasən,
Azərbaycan dünya miqyasında bir nömrəli
islahatçı ölkə kimi tanınıbdır. Bu,
böyük bir nəticədir. Bu onu göstərir ki, bizim
iqtisadi islahatlarımız çox müsbətdir,
iqtisadiyyatımız tam liberallaşıbdır. Ümumi
daxili məhsulda özəl sektorun payı 85 faiz təşkil
edir. Çox geniş özəlləşdirmə siyasəti
aparılmışdır. Azərbaycan son 4 il ərzində
iqtisadi artım sürəti baxımından dünya
miqyasında birinci ölkədir. Dörd il
ardıcıllıqla bizim iqtisadiyyatımız dünyada ən
yüksək sürətlə artıbdır. Son beş il ərzində
bütövlükdə iqtisadiyyat 2,7 dəfə
artıbdır.
Azərbaycanda son beş il ərzində sənaye istehsalı təxminən
3 dəfə artıbdır. Azərbaycanda böyük
maliyyə resursları yaradılır. Bu gün bizim maliyyə
resurslarımız təxminən 20 milyard dollara bərabərdir.
Son beş il ərzində büdcə xərcləri 10 dəfə
artıbdır. Sosial ödəmələr 10 dəfə,
minimum əməkhaqqı 8 dəfə, orta əməkhaqqı
4 dəfə artıbdır. Demək olar ki, Azərbaycanda
işsizlik problemi əsasən həll olunmuşdur. Son beş
il ərzində 740 min yeni iş yerləri
açılmışdır və onların tam əksəriyyəti
bölgələrdə, qeyri-neft sektorundadır. Biz Dünya
Bankı ilə birlikdə yoxsulluğun azaldılması
üçün çox vacib addımları atırıq və
son beş il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi
49 faizdən 16 faizə düşmüşdür. Bu, bir tərəfdən, Azərbaycanda gedən
sosial siyasətin əlaməti kimi göstərilə bilər,
digər tərəfdən,- o da çox önəmlidir, - onu
göstərir ki, Azərbaycanda neftdən gələn gəlirlər
cəmiyyətdə ədalətli şəkildə
bölünür, tam şəffaflıq təmin
olunubdur. Əminəm ki, növbəti illərdə
bütün bu uğurlu nəticələr davam edəcəkdir.
Əlbəttə ki, problemlər də var, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da bu problemlər var. Biz bu problemlərin həlli üçün çalışırıq. Hər bir sahə üçün xüsusi proqramlar icra olunur və son beş il ərzindəki uğurlu fəaliyyətimiz deməyə əsas verir ki, gələcəkdə də bu müsbət meyillər davam edəcək, Azərbaycan daha da güclənəcək, müasirləşəcək və dünya birliyində daha da möhkəm yer tutacaqdır.
Bütün bunları etmək üçün həm siyasi iradəmiz, konkret proqramlarımız var, həm də bizim dostlarımız var. Dünyada bizim dostlarımızın sayı artır. Ancaq bu dostların arasında, həmişə olduğu kimi, Türkiyənin xüsusi yeri, xüsusi rolu var. Mən əminəm ki, bundan sonra da Türkiyə-Azərbaycan münasibətləri, dostluq, qardaşlıq üzərində qurulan münasibətlər daim inkişaf edəcək, xalqlarımıza sülh, rifah, əmin-amanlıq gətirəcəkdir.
Əziz dostlar,
mənə bu fürsəti verdiyinizə görə sizə
bir daha öz dərin minnətdarlığımı bildirmək
istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm
ki, Türkiyə-Azərbaycan münasibətləri uğurla
inkişaf edəcəkdir.
Yaşasın Türkiyə-Azərbaycan
dostluğu, qardaşlığı!
* * *
Millət vəkilləri
Azərbaycan Prezidentinin nitqini ayaq üstə
alqışladılar.
Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan dövlətimizin
başçısının nitqini parlamentin iclas salonunda dinləmişdir.
AzərTAc
Azərbaycan.-2008.-7 noyabr.-S.1-2.