Milli Məclisdə görüş

 

Noyabrın 6-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdən əvvəl nümayəndə heyətinin üzvləri parlamentin iclas salonu Heydər Əliyev Xatirə zalındakı eksponatlarla tanış olmuşlar.

Milli Məclisin Sədri O.Əsədov dost qardaş ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlər üzrə, o cümlədən ordu quruculuğu sahəsində sürətlə inkişaf etdiyini bildirmiş, Türkiyə hərbi mütəxəssislərinin Azərbaycan Müdafiə Nazirliyinin təlim-tədris mərkəzlərinə göstərdiyi köməyi diqqətə çatdırmışdır.

Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamını xatırladan Milli Məclisin Sədri, Azərbaycanın ən çətin anlarında Türkiyəni həmişə öz yanında hiss etdiyini söyləmişdir. Təsadüfi deyildir ki, yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev ilk rəsmi səfərini qardaş Türkiyəyə etmişdir.

Ölkələrimizin strateji tərəfdaş olduqlarının sözdə deyil, əməldə sübuta yetirildiyini vurğulayan O.Əsədov Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə salınmasının, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin buna bariz nümunə olduğunu söyləmişdir. Bildirmişdir ki, Azərbaycan xalqının ən ağrılı problemi - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Türkiyənin səyləri təqdirəlayiqdir. Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da digər dövlətlər üçün nümunə olacaqdır.

Bakıda ilk dəfə olduğunu söyləyən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ ölkələrimizi bir-birinə bağlayan çoxəsrlik tarixi, mənəvi, mədəni tellərin XX əsrin axırlarında Azərbaycanın müstəqilliyinin bərpasından sonra daha da möhkəm sarsılmaz olduğunu söyləmişdir. İ.Başbuğ Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin qardaş Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu vurğulamışdır. Bildirmişdir ki, Türkiyə hər zaman Azərbaycanın yanında olmuş bundan sonra da olacaqdır.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2008.-7 noyabr.-S.4.