ABŞ Azərbaycanlıları Şəbəkəsi seçkilərin nəticələrindən məmnundur

 

Noyabrın 4-də ABŞ-da seçki məntəqələrinə gələnlər arasında Azərbaycan mənşəli vətəndaşlar da vardı. Onlar Konqresin Nümayəndələr Palatası və Senatına keçirilən seçkilərin nəticəsindən razıdırlar.

ABŞ Azərbaycanlıları Şəbəkəsi seçkilərlə bağlı yaydığı bəyanatla yeni seçilən prezident, vitse-prezident və Konqres üzvlərini təbrik etmişdir. Soydaşlarımız Konqresdəki Azərbaycan üzrə işçi qrupunun həmsədrləri - demokrat konqresmen Solomon Ortiz və respublikaçı Bill Şusterin, eləcə də işçi qrupunun digər üzvlərinin seçkilərdə qələbə qazanmasından məmnun qaldıqlarını qeyd etmişlər. Azərbaycan mənşəli elektorat üçün digər ürəkaçan xəbər türkdilli vətəndaşların mövqeyinə daim laqeyd yanaşan bəzi qanunvericilərin məğlub olmasıdır. Onların arasında kəskin ermənipərəst mövqeləri ilə tanınan Konqresin erməni məsələləri üzrə işçi qrupunun həmsədri Co Nollenberq, senatorlar Elizabet Doul və Con Sununu da vardır.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin direktoru Adil Bağırov hesab edir ki, diaspor təşkilatları Konqresdəki köhnə dostlar və yeni simalarla fəal iş quraraq, Azərbaycan mənşəli elektoratı maraqlandıran məsələləri onların diqqətinə çatdırmağı davam etdirməlidirlər. Vaşinqtondakı yeni icraçı və qanunverici hakimiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində dinc yolla həlli, eləcə də ABŞ-Azərbaycan münasibətlərinin uzunmüddətli strateji tərəfdaşlığa çevrilməsinin vacibliyini anlamalıdırlar. Bu istiqamətdə maarifləndirmə işi aparmaq isə şəbəkə üzvlərinin üzərinə düşür.


          Şəfəq AKİFQIZI,
         AzərTAc-ın xüsusi müxbiri
         Vaşinqton

 

         Azərbaycan.-2008.-7 noyabr.-S.4.