Vyanada ATƏT-in Minsk qrupunun həmsədrləri mətbuat konfransı keçirmişlər

 

Noyabrın 6-da Avstriyanın paytaxtı Vyanada ATƏT-in Minsk qrupu həmsədrlərinin növbəti görüşü keçirilmişdir. Həmsədrlər - ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri Mətyu Brayzə (ABŞ), səfir Bernar Fasye (Fransa) səfir Yuri Merzlyakov (Rusiya) Minsk qrupunun üzvü olan digər ölkələrin nümayəndələrinə ötən aylarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılmış danışıqlar barədə məlumat vermiş, məsləhətləşmələr aparmışlar.

Vyanada ATƏT-in Katibliyindəki brifinqdən sonra həmsədrlər görüşün nəticələri ilə bağlı jurnalistlər üçün mətbuat konfransı keçirmişlər.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son danışıqların, eləcə bölgədə baş verən hadisələrin münaqişənin həlli prosesinə göstərə biləcəyi təsiri şərh edən həmsədrlər bu ilin iyunundan bəri Azərbaycan Ermənistan prezidentləri arasında keçirilmiş görüşlərlə danışıqların qarşılıqlı konstruktiv mərhələyə qədəm qoyduğunu bildirmişlər. Moskva Bəyannaməsini müsbət dəyərləndirən həmsədrlər bundan sonra da tərəflər arasında yüksək səviyyədə danışıqların davam etdiriləcəyinə ümid etdiklərini hər iki ölkənin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulamışlar.

Həmçinin bildirilmişdir ki, münaqişənin həlli prosesində hər aspektdən beynəlxalq hüququn prinsiplərinin qorunması ən vacib şərtdir.

Gürcüstanda baş vermiş hadisələrdən sonra danışıqların bəzi elementlərinin dəyişdiyini bildirən Bernar Fasye bölgədə yaranmış həssas vəziyyət nəzərə alınaraq, hər iki tərəfin məqbul kompromis həll variantına gedəcəyinə ümidvar olduğunu söyləmişdir.

Bildirilmişdir ki, hazırda münaqişənin həlli məsələsində Azərbaycan tərəfi ölkələrin ərazi bütövlüyü prinsipini, Ermənistan tərəfi isə xalqların öz müqəddəratını referendum yolu ilə təyinetmə hüququnu rəhbər tutur. Madrid təklifində hər iki mövqenin əks olunduğunu deyən həmsədrlər yekun olaraq hansı həll variantına üstünlük veriləcəyinin yalnız münaqişə tərəflərindən asılı olduğunu, Minsk qrupunun isə vasitəçilik funksiyası daşıdığını vurğulamışlar.

Mətbuat konfransında noyabrın ortalarında həmsədrlərin regiona səfəri gözlənildiyi bildirilmişdir.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

    

Azərbaycan.-2008.-7 noyabr.-S.5.