Liderlik nümunəsi

 

Demokratiyanın mühüm göstəricilərindən biri də hökumətin ictimai rəyə həssas münasibəti əsasında müəyyənləşir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatlar kursu həyata keçirməyə çalışır. Bu prinsip son 5 ildə Heydər Əliyevin dövlətçilik irsini inamla davam etdirən və daha da möhkəmləndirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin başlıca qayəsini təşkil edir. İlk gündən hakimiyyətin xalqa xidmət vasitəsi olduğunu bəyan etmiş ölkə rəhbəri ötən müddətdə verdiyi bütün vədləri əməli işi ilə doğrultmaq üçün əzmlə çalışmış, hər bir addımda vətəndaşların mənafeyini əsas götürmüşdür.

Müdrik və uzaqgörən Azərbaycan xalqının 2008-ci il 15 oktyabr tarixli seçimi də məhz bu reallıqla şərtlənmişdir. Ölkə vətəndaşları son beş ildə hər vədini əməli işi ilə doğruldan, əzmkar fəaliyyəti ilə həyatın ən müxtəlif sahələrində inkişaf və tərəqqiyə zəmin formalaşdıran, insan və şəxsiyyət amilini uca tutan layiqli siyasi liderə səs vermişlər. Ölkədəki islahatların davam etdirilməsi zərurəti Heydər Əliyev siyasi kursunun davam etdirilməsini, hakimiyyət estafetinin bu xətti uğurla başa çatdırmağa qadir liderə - cənab İlham Əliyevə ötürülməsini diktə etmişdir. Xalqına və dövlətinə qəlbən bağlı olan cənab İlham Əliyevin ikinci müddətə Azərbaycan Prezidenti seçilməsi dünyanın tərəqqipərvər və sabitlik, demokratiya, sülh, rifah və inteqrasiya istəyində olan bütün mütərəqqi qüvvələri tərəfindən razılıqla qarşılanmışdır.

Ulu öndər Heydər Əliyev kimi böyük dühanın ailəsində yetkinləşərək zəngin dövlətçilik məktəbi əxz edən, müasir bilik və təcrübəyə yiyələnən cənab İlham Əliyev şəxsi liderlik keyfiyyətləri sayəsində cəmiyyətdən lazımi dəstəyi ala bilmişdir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzv vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bugünü və sabahına sonsuz, sarsılmaz sədaqət - bunlar İlham Əliyev şəxsiyyətini hər bir insana sevdirən cəhətlərdir. Liderlik xüsusiyyətlərinin əksəriyyət tərəfindən qəbul edilmək, geniş siyasi spektrin inamını qazanmaq və elektoral dəstəyə malik olmaq kimi politoloji bir mənanı ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyalar üzrə dövlət başçısı İlham Əliyevə şamil etmək olar. Cənab İlham Əliyev həm də müasir dünyanın qloballaşma və yeni geosiyasi reallıqlardan irəli gələn siyasi mənzərəsini qiymətləndirməyi bacaran liderdir. Bu amilə diqqət yetirən nüfuzlu ABŞ politoloqu Zbiqnev Bjezinski xüsusilə cənab İlham Əliyevin regional liderlik keyfiyyətlərini önə çəkir: "Prezident İlham Əliyev həm Qafqazda, həm də GUAM təşkilatında öz konstruktivliyi ilə seçilir. Mən onu on ildən artıq bir müddətdir ki, tanıyıram. Bu müddət ərzində onun Prezident vəzifəsinə kimi yüksələ bilmək qabiliyyəti mənə yaxşı təəssürat bağışlayır. O, enerjili, ağıllı bir gənc idi. İndi isə o özünə inamlı, ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolu və konstruktiv mövqeyi ilə seçilir".

2008-ci il oktyabrın 24-də keçirilən təntənəli andiçmə mərasimində dövlət başçısı İlham Əliyev ötən beş ildə xalq qarşısında verdiyi bütün vədləri gerçəkləşdirdiyini, qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini vurğulamışdır. Xalqın etimadını bundan sonra da doğruldacağını, üzərinə düşən missiyanın öhdəsindən layiqincə gələcəyini, Heydər Əliyevin siyasətini davam etdirəcəyini söyləyən Prezident İlham Əliyev oktyabrın 15-də Azərbaycan xalqının sülhə, əmin-amanlığa, tərəqqiyə, inkişafa, quruculuğa, sabitliyə səs verdiyini, ölkədə bu siyasətə alternativ olmadığını xüsusi vurğulamışdır: "Beş il bundan əvvəl andiçmə mərasimində mən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Çünki bu, Azərbaycanın bugünü və sabahı üçün, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuşdur, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanda sabitlik yaradılmış və inkişaf başlamışdır. Bu gün bir daha demək istəyirəm ki, növbəti beş il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan dönməyəcəyəm".
Sosial-iqtisadi inkişaf yüksək idarəçilik keyfiyyətlərinə malik liderlə və qarşıda duran vəzifələrə doğru inamla irəliləyən çevik komandanın birgə fəaliyyətinin məntiqi nəticəsi olan mütərəqqi proses kimi səciyyələnir. Dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən liderlər həm də cəmiyyətin davamlı inkişafına xidmət edən məqsədləri gerçəkləşdirməyə nail olurlar. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strateji siyasi kursu ötən 5 ildə inamla davam etdirən Azərbaycan Prezidenti məhz belə qurucu liderlərdən biri olaraq çoxşaxəli fəaliyyəti ilə ona bəslənilən ümidləri tam doğrultmuş, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla, hər bir fərdin marağına cavab verən qətiyyətli qərarlar qəbul etmişdir. 2003-cü ildə "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" deyə prezident səlahiyyətlərinin icrasına başlayan dövlət başçısı ötən beş ildə bu vədini hər bir vətəndaşın həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir.

Dövlət başçısının ötən 5 ildə əldə etdiyi böyük nailiyyətlər ilk növbədə sistemli və düzgün koordinasiya olunmuş fəaliyyətin məntiqi nəticəsi kimi diqqəti çəkir. Cənab İlham Əliyevin fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır. Dövlət idarəçiliyi sisteminə müasirlik çalarları gətirmiş cənab İlham Əliyev hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin mühüm şərti hesab etməklə yanaşı, son 15 ildə müstəqil Azərbaycanın davamlı, dönməz inkişaf yoluna çevrilmiş demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin keyfiyyətcə yeni mərhələsi kimi dəyərləndirir. Son beş ildə kadr seçiminə yanaşma prinsipləri yeni dövrün reallıqları ilə şərtlənmiş, məmurların fəaliyyəti onların xalqa xidmət məramına nəzərən müəyyənləşdirilmişdir. Cənab İlham Əliyevin idarəçilik üslubunda kadrın peşəkarlığı, vəzifə məsuliyyəti, xalqa qüsursuz xidməti mühüm amil kimi aktuallıq kəsb edir. Ümummilli lider uzun illər ərzində elə bir dövlətçilik təsisatı formalaşdırmışdır ki, müasir dövrdə hansısa kadr öz liderinə xəyanəti ilə bu təsisatın fəaliyyətinə əngəl törədə, öz çirkin məqsədlərini həyata keçirə bilməz. Bu zaman sistem özü onu dərhal sıralarından kənarlaşdıracaq, onun səlahiyyətləri saf əqidəyə malik digər şəxsə həvalə ediləcəkdir. Bununla belə, cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursa sadiqlik amili yenə də aktualdır. Bu sadiqlik anlayışı daha çox hər hansı kadrın müasir təfəkkürə, mütərəqqi baxışlara malik olması, ona tapşırılmış sahədə vicdanla fəaliyyət göstərməsi, xalqın problemlərinə həssas münasibəti əsasında müəyyənləşir.

Son 5 ildə ölkənin sosial-iqtisadi inkişafında yüksək nailiyyətlər əldə edilmiş, makroiqtisadi sabitlik daha da möhkəmlənmiş, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmışdır. Milli dövlət quruculuğu prosesi sürətləndikcə, ictimai, hüquqi, psixoloji mühit dəyişdikcə, respublikanın dünya iqtisadiyyatına inteqrasiyası dərinləşdikcə, sosial-iqtisadi inkişaf prioritetləri də mahiyyət etibarilə dəyişir. Bu kimi incə məqamları nəzərə alan cənab İlham Əliyevin əsas məqsədi kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçidi təmin etməkdən, hər bir Azərbaycan vətəndaşı üçün bu iqtisadi uğurlardan yetərincə bəhrələnmək imkanı yaratmaqdan ibarətdir. Son 5 ildə ölkədə həyata keçirilən siyasətin əsasən sosialyönümlü xarakter daşıması, sosial məsələlərin həllinə xüsusi diqqətlə yanaşılması da deyilənlərin əyani təsdiqidir. "Uzaq və yaxın tarixdən də bilirik ki, köklü islahatlar müvəqqəti olaraq insanların yaşayış səviyyəsini endirir. Azərbaycanda isə biz bunun əksini görürük. Biz köklü iqtisadi islahatlar aparmaqla bərabər, sosial məsələlərin həllində böyük işlər görmüşük. Son beş il ərzində minimum pensiyanın məbləği 4 dəfə artırılmışdır. Minimum əməkhaqqı 8 dəfə, orta əməkhaqqı 3,6 dəfə artırılmışdır. Bu gün dövlətdən birbaşa ünvanlı sosial yardım alan insanların sayı 600 minə çatmışdır. Dövlət ehtiyacı olan vətəndaşlarının yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün öz köməyini göstərir və biz gələcəkdə bu siyasəti davam etdirəcəyik. Azərbaycanda yoxsulluğun azaldılması məni çox sevindirir. Əgər 2003-cü ildə yoxsulluq şəraitində yaşayanların sayı 49 faiz idisə, 2007-ci ilin yekunlarına görə, bu rəqəm 16 faizə düşübdür" deyə Azərbaycan Prezidenti andiçmə mərasimində vurğulamışdır.

Azərbaycanda iqtisadi modernləşmənin başlıca prinsipi hər bir sahədə yeni dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması yolu ilə insan resurslarının inkişafıdır. Cənab İlham Əliyev bildirir ki, dövlət yalnız sosial müdafiə və təminat sistemi vasitəsilə hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin edə bilməz. Respublika əhəmiyyətli magistral yolların təmiri, bölgələrin elektrik enerjisi, işıq, qaz, su kimi problemlərinin həlli, kommunal xidmət sferasında mütərəqqi islahatların aparılması kimi tədbirlər bütövlükdə Azərbaycan vətəndaşlarının firavan və rahat yaşayışının təminatı məqsədindən irəli gəlir. Xatırlatmaq yerinə düşər ki, son 5 ildə hökumətin investisiya vəsaitləri hesabına bir çox ucqar rayonlara qaz kəməri çəkilmiş, təmirinə ciddi ehtiyac olan yollar bərpa edilmiş, İsmayıllı-Oğuz bölgəsindən Bakıya içməli su kəmərinin çəkilişinə başlanılmış, paytaxtda müasir körpülərin və yol qovşağının salınması, şəhər infrastrukturunun yeniləşdirilməsi, tarixi memarlıq və mədəniyyət abidələrinin, park və xiyabanların yenidənqurulması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı İlham Əliyev andiçmə mərasimindəki çıxışında infrastrukturun yeniləşdirilməsi vacibliyini bir daha önə çəkmişdir: "Bizim böyük infrastruktur layihələrimiz həyata keçirilir. Son beş il ərzində 4 beynəlxalq aeroport istismara verilibdir. Səkkiz elektrik stansiyası tikilibdir. Minlərlə kilometr yollar salınıbdır. Qazlaşdırma prosesi uğurla gedibdir. Əgər 2003-cü ildə Azərbaycanda qazlaşdırma 62 faiz idisə, bu gün 85 faizdir. Su kəmərləri çəkilir. Yəni, bütün bu infrastruktur layihələri Azərbaycanı gücləndirir. Amma bununla bərabər, insanların yaşayış səviyyəsinin qalxması, yoxsulluq içində yaşayanların vəziyyətinin yaxşılaşması - bu, mənim üçün az əhəmiyyət kəsb etmir, bəlkə daha da böyük əhəmiyyət kəsb edir. Çünki bizim bütün siyasətimiz Azərbaycan xalqının yaxşı yaşamasına, Azərbaycanın möhkəmlənməsinə yönəldilibdir".
Son illər həyata keçirilən çevik islahatlar nəticəsində çağdaş dünyanın ümumi daxili məhsul istehsalına görə ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilən, qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsində mühüm rol oynayan Azərbaycanın Avratlantik məkana inteqrasiya kursuna sadiqliyi beynəlxalq ictimaiyyətin diqqətini həm də ölkəmizdəki demokratikləşmə proseslərinə yönəldir. Hazırkı mərhələdə neft gəlirlərindən əldə olunan külli miqdarda vəsaitin respublikada vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin daha da sürətləndirilməsinə, ümumilikdə insan amilinin yüksəlişinə yönəldilməsi demokratiya sahəsində böyük təcrübəsi olan dövlətlər və ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Dövlət başçısı qloballaşma dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn mənzərənin əsas cizgilərinə cavab verən siyasət yürüdür və bu siyasətin mahiyyətində insan hüquqları məsələsi prioritet mahiyyət kəsb edir.
Ulu öndərin tarazlaşdırılmış xarici siyasət kursunu ötən 5 ildə inamla davam etdirən cənab İlham Əliyev dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində də böyük səy və əzmkarlıq göstərmişdir. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan Cənubi Qafqazın lokomotiv dövlətinə, sülh, sabitlik və iqtisadi tərəqqinin əsas mərkəzinə çevrilmişdir. Balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq mövqelərini və milli təhlükəsizliyini möhkəmləndirə bilmiş, qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur.
Respublikanın milli təhlükəsizliyinin təmini, qlobal və yerli təhlükəsizlik maraqlarının uzlaşdırılması son 5 ildə dövlət başçısını ciddi şəkildə düşündürən məsələlər sırasında olmuşdur. Bu da təsadüfi deyil - Azərbaycan Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin keçdiyi əhəmiyyətli geosiyasi, geoiqtisadi və geostrateji məkanda yerləşdiyindən regionun və bütövlükdə dünyanın aparıcı dövlətləri arasında tarazlaşdırılmış siyasət yeritməyə, kəsişən və üst-üstə düşən maraqları nəzərə almağa çalışır.

Bütün bunlar Azərbaycanın ictimai-siyasi cəhətdən sabit, iqtisadi cəhətdən sürətlə inkişaf edən, eyni zamanda, beynəlxalq miqyasda maraq və mənafeyini layiqincə təmin edən dövlətə çevrilməsində Prezident İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət kursunun mühüm əhəmiyyət daşıdığını birmənalı təsdiqləmişdir. Oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində dövlət başçısı İlham Əliyev ötən beş ildə xarici siyasətdə nəzərəçarpacaq uğurların olduğunu razılıqla qeyd etmişdir: "Azərbaycan son beş il ərzində bölgədə öz yerini möhkəmləndiribdir. Biz bütün ölkələrlə ikitərəfli surətdə faydalı əməkdaşlığın dərinləşməsində maraqlıyıq, bunu edirik və bizim təşəbbüslərimiz bu məqsədi güdür. Xarici siyasətdə Azərbaycan son beş il ərzində böyük dərəcədə öz mövqelərini möhkəmləndirə bilmişdir. Bizim regional müstəvidə təşəbbüslərimiz həm regional əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərir, həm də Azərbaycanın maraqlarına uyğundur. Əminəm ki, bölgədə bizimlə əməkdaşlıq edən ölkələr də bu əməkdaşlıqdan razıdır. Bizim bütün təşəbbüslərimiz bu məqsədi güdür ki, bölgədə sülh, sabitlik daha da möhkəm olsun, iqtisadi əməkdaşlıq sürətlənsin və bölgədə yerləşən bütün ölkələr sülh, sabitlik, dostluq şəraitində yaşasınlar".

Azərbaycanın son illər dünya enerji satışı bazarında çəkisinin və rolunun xeyli dərəcədə artması Avropa dövlətlərinin respublikamızla bu sektorda sıx əməkdaşlıq etmək marağını daha da gücləndirmişdir. Respublikamızın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması istər fövqəl dövlətləri, istərsə də aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı etiraf olunur. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını inamla davam etdirən Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan bu gün regionda hansısa ölkədən enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir. Respublikamızda uğurla həyata keçirilən enerji siyasətinin məqsədi Azərbaycanın dünya bazarına çıxışını artırmaq, həmin bazarlar üçün alternativ mənbə yaratmaqdan ibarətdir və bu da beynəlxalq ictimaiyyətin maraqlarına tamamilə cavab verir.

Xüsusi vurğulamaq lazımdır ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri məhz cənab İlham Əliyevin prezidentliyi dövründə reallığa çevrilmiş, perspektivdə Şimal və Cənubun genişmiqyaslı əməkdaşlığına geniş imkanlar yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanmışdır. 2006-cı ilin noyabrında Avropa İttifaqı ilə enerji sahəsində anlaşma memorandumu imzalamış respublikamız bu gün bütövlükdə MDB və Avropa məkanında Rusiyadan enerji asılılığı olmayan, müstəqil siyasət yeridən dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın dünya birliyi üçün önəmini xeyli artırmış, respublikamızın Avratlantik strukturlara inteqrasiya rrosesini sürətləndirmişdir.

İnkişaf etmiş dövlətlərin də təcrübəsi təsdiqləyir ki, iqtisadi sistemin sabitliyi labüd surətdə ictimai şüurun daha geniş demokratikləşməsinə doğru aparır. Dörd ildən artıq müddətdə genişmiqyaslı iqtisadi tədbirlər kompleksinin həyata keçirilməsi əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, vətəndaşların maliyyə imkanlarının artmasına şərait yaratmış, bu da cəmiyyət üzvlərinin davranış stereotiplərinin dəyişməsinə zəmin yaratmışdır.

Azərbaycanda həyata keçirilən dövlət siyasətinin üstün istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutlarını möhkəmlətmək, siyasi plüralizm, demokratikləşmə prosesini dərinləşdirmək, bu yöndə Qərbə inteqrasiya - Avropa Şurası, Avropa Birliyi və ATƏT kimi mötəbər təşkilatlarla əməkdaşlıq xəttini davam etdirməkdən ibarətdir. Demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində qazandığımız uğurlar, Prezident İlham Əliyevin bu sahədə yeritdiyi siyasət beynəlxalq birlik tərəfindən təqdir olunur, dünyanın aparıcı siyasi mərkəzləri, təşkilatları bunu müsbət qiymətləndirir. Prezident İlham Əliyev andiçmə mərasimində iqtisadi inkişaf və demokratikləşmə kursunun Azərbaycan üçün prioritet mahiyyət kəsb etdiyini bir daha vurğulamışdır: "Müasirləşmə, sadəcə olaraq, infrastruktur layihələri ilə, yaxud da iqtisadi artımla ölçülmür. Eyni zamanda, bizim siyasi sistemimiz müasirləşməli, təkmilləşməlidir. Mən çox şadam ki, beş il ərzində Azərbaycanda demokratiyanın inkişafı üçün, siyasi islahatların aparılması üçün çox gözəl şərait yaradılmış və bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Bu yaxınlarda keçirilmiş prezident seçkiləri bunun əyani sübutudur. Mən şübhə etmirəm ki, bizim bu istiqamətdə siyasətimiz bundan sonra da uğurla davam etdiriləcək və Azərbaycanın hərtərəfli inkişafı təmin olunacaqdır".

İqtisadi inkişafda davamlılığın təmin olunması, xarici siyasət sahəsində fəal diplomatiyanın həyata keçirilməsi, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi, habelə dövlət idarəetmə sistemi üçün yüksək ixtisaslı, bacarıqlı, intellektual səviyyəli, vətənpərvər kadrların hazırlanması zərurəti təhsil sahəsində dövrün tələbi ilə səsləşən ardıcıl islahatların reallaşdırılması məsələsini xeyli aktuallaşdırır. Prezident İlham Əliyev haqlı olaraq çıxışlarında bir məqamı xüsusi vurğulayır ki, müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, müasir biliklərin, intellektual əməyin inkişafından, habelə kompüter və informasiya texnologiyalarının bütün idarəetmə səviyyələrində geniş tətbiqindən keçir.

Cənab İlham Əliyev ötən 5 ildə milli ənənələri qorumaqla, Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin bu sahədəki qabaqcıl təcrübəsinin mənimsənilərək yayılması, ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi məqsədinə xidmət edən kompleks tədbirlər həyata keçirmişdir. Azərbaycan Prezidentinin bu sahəyə xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir.

Təhsil mürəkkəb, çoxkomponentli və çoxparametrli proses olmaqla cəmiyyətin inkişaf dinamikasına stimul verən sistemdir. Həmin prosesin müvəffəqiyyətinin ardıcıl olaraq təmin edilməsi təhsil ststemində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, təhsilin məzmunca tamamilə yeniləşməsi, keyfiyyətin tələbata uyğunluğuna maksimum nail olunması və bu sahənin fəaliyyətində proses və hadisələrin keyfiyyət göstəricilərini yetərincə öyrənəcək, davamlı müşahidə edəcək işlək modellərə əsaslanan müasir monitorinq və qiymətləndirmə mexanizmlərinin tətbiqi zərurətini ortaya qoymuşdur. Bu, modern dövlət quruculuğu üçün vacib olan industrial, postindustrial cəmiyyət quruculuğu mərhələsini az qala birlikdə keçməli olan ölkə təhsilinin də sürətlə yeniləşməsi reallığından qaynaqlanır.

Neft gəlirləri ilə bağlı dövlət büdcəsi vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bəzi problemlərin məhz indiki mərhələdə həlli məsələsini aktuallaşdırır. Milli iqtisadiyyatın yüksək dinamizmlə inkişafı təhsilin müasirləşdirilməsi məqsədinə yönəlmiş dövlət investisiyalarının həcmcə artımını təmin edir, bu sahənin dünya standartları səviyyəsinə qalxmasına geniş imkanlar açır. Azərbaycanın dövlət büdcəsində təhsilə ayrılan xərclərin ildən-ilə artırılması da hökumətin bu sahənin keyfiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir. Prezident İlham Əliyev hesab edir ki, təhsilə qoyulan sərmayə Azərbaycan xalqının bugünkü və gələcək mənafeyinə xidmət edir.

Büdcədə təhsil üçün nəzərdə tutulmuş vəsaitlərin artması, eyni zamanda, məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılmasına, yeni məktəblərin və korpusların inşasına imkan yaratmışdır.

Nəzərə alsaq ki, Azərbaycan informasiya texnologiyalarının tətbiqi baxımından yeni beynəlxalq məkana çevrilmək üçün "Əsrin müqaviləsi" nə bərabər nəhəng layihələr ərəfəsindədir, onda modern cəmiyyət quruculuğunun industrial və postindustrial mərhələsindən onun sonuncu yüksək zirvəsi olan informasiya cəmiyyəti quruculuğu prosesinə keçid ciddi fakta çevrilir. Bu, yeni tipli Azərbaycan təhsilinin Avropa təhsil məkanına sürətlə, istisnasız daxil olmasını labüdləşdirir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncamı da bu baxımdan xüsusi aktuallıq kəsb edir. Sərəncamda qeyd olunur ki, 2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirmişdir. Bu prosesin tərkib hissəsi kimi Azərbaycan Respublikası Avropa ölkələrinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Bolonya deklarasiyasını imzalamaqla respublikanın ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə inteqrasiyası yolunda mühüm addım atmışdır. Azərbaycanın dünyada analoqu olmayan iqtisadi inkişafı Ümumavropa təhsil məkanına inteqrasiya proseslərinin daha da sürətləndirilməsini və bu sahədə həyata keçirilən işlərin intensivləşdirilməsini tələb edir. Ölkənin intellektual potensialının gücləndirilməsinin Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən biri olması ali təhsil sistemində islahatlara dair müvafiq dövlət proqramının hazırlanması zərurətini meydana çıxarmışdır.

Təcrübə göstərir ki, iqtisadi inkişaf strategiyasını elmi sütunlar üzərində qurmaqla təhsilin inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, ixtisaslı kadr hazırlığında hər zaman mütərəqqi ənənələrə istinad edən dövlətlər tərəqqiyə nail olur və beynəlxalq aləmdə özünəlayiq yer tuturlar. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur. Azərbaycan Prezidenti İlham Əliyevin ikinci müddətə dövlət başçısı seçilməsi də respublikamızda həyata keçirilən elm və təhsil islahatlarının davamlılığına, insan kapitalının formalaşmasına ən ciddi təminatdır.


          İradə HÜSEYNOVA,
          təhsil nazirinin müavini,
          YAP Siyasi Şurasının üzvü,
          tarix elmləri doktoru, professor

 

         Azərbaycan.-2008.-7 noyabr.-S.5.