Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İlkər Başbuğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İlkər Başbuğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələri əhatə etdiyini, o cümlədən hərbi sahədə uğurlu işbirliyinin yaradıldığını vurğuladı. Yenidən Prezident seçildikdən sonra Türkiyəyə ilk rəsmi səfər etdiyini bildirən dövlətimizin başçısı səfərin yüksək səviyyədə keçdiyini, görüşlər zamanı ikitərəfli münasibətlərimizin bir daha təhlil olunduğunu və gələcək üçün yeni planların müzakirə edildiyini qeyd etdi. Prezident İlham Əliyev general İlkər Başbuğun Türkiyə Baş Qərargahının rəisi vəzifəsinə təyin olunandan sonra ilk dəfə Azərbaycana səfər etməsinin əhəmiyyətindən danışaraq əmin olduğunu bildirdi ki, bu səfər hərbi əməkdaşlıq sahəsindəki uğurların daha da artmasına kömək edəcəkdir.

Ordu generalı İlkər Başbuğ yeni vəzifəyə təyin olunduqdan sonra ilk dəfə Azərbaycana səfər etməsindən məmnunluğunu bildirdi. O, yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi, Azərbaycan xalqının rifahı naminə Prezident İlham Əliyevə uğurlar arzuladı. İlkər Başbuğ bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığının daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.


          
AzərTAc

 

          Azərbaycan.-2008.-8 noyabr.-S.1.