Azərbaycan Dövlət
Teleqraf Agentliyinin (AzərTAc) fotomüxbiri, dəfələrlə
beynəlxalq müsabiqələrin qalibi olmuş İlqar Cəfərov
bu yaxınlarda iki fotomüsabiqənin - Moskvada keçirilən
"Biz idmanı seçirik!" və Avstriyada təşkil
edilmiş "Təmiz dünya 2008" müsabiqələrinin
mütləq lideri hesab edilmişdir.
İ.Cəfərov "KATMAT" Nəşriyyat
evi və "Foto & Video" jurnalı tərəfindən
təşkil edilmiş müsabiqəyə "Kölgələrin
mübarizəsi" adlı fotoşəkil göndərmişdi.
2008-ci ilin aprel ayında Bakıda qadınlar arasında top ilə
xokkey üzrə beynəlxalq turnirdə çəkilmiş
bu fotoşəkil müsabiqənin baş mükafatına
layiq görülmüşdür. Xatırladaq
ki, müsabiqəyə göndərilən fotoşəkillər
idman mövzusunu - idmançıların emosiyalarını,
üzlərindəki ifadələri, hərəkətlərini
əks etdirməli idi. Müsabiqə
iştirakçılarının təqdim etdiyi işlər
münsiflər heyəti və internet istifadəçiləri
tərəfindən Online-səsvermə rejimində qiymətləndirilirdi.
İ.Cəfərovun Avstriyanın
GREEN CLEAN şirkəti tərəfindən təşkil
edilmiş "Təmiz dünya 2008" beynəlxalq
fotomüsabiqəsinə təqdim etdiyi iki fotoşəkil də
- "Trio" və "İstirahət dəqiqəsi"
böyük maraq doğurmuşdur.
Həmin fotomüsabiqə çoxsaylı
aspektləri olan təmizlik mövzusuna həsr edilmişdi. Foto
ustalarının vəzifəsi mövzunun interpretasiyası
üçün ən orijinal və novator həllər
axtarıb tapmaqdan ibarət idi. Oliver Rixter (Almaniya), doktor
Mark Lüdviq (FotoTV), Martin Broytman (Almaniya), Todd Qustavson
(ABŞ), Ansel F.Vunderer (Avstriya) kimi tanınmış mütəxəssislərdən
ibarət münsiflər heyəti təqdim olunmuş
materialları yüksək tələbkarlıqla nəzərdən
keçirmiş və Avstriya beynəlxalq fotomüsabiqəsinin
baş mükafatını AzərTAc-ın müxbirinə
vermişlər.