Avropa ölkələrini təmsil edən jurnalistlər Azərbaycanda
AzərTAc xəbər verir ki, Milli Məclisdə ölkəmizdə
səfərdə olan Avropa İttifaqına üzv ölkələrin
jurnalistləri ilə görüş keçirilmişdir.
Milli Məclisin İqtisadi siyasət
daimi komissiyasının sədri Ziyad Səmədzadə
parlamentin iqtisadi qanunvericilik bazası, rəhbərlik etdiyi
komissiyanın fəaliyyəti, ölkəmizdə aparılan
islahatlar, Azərbaycanın təşəbbüskarı və
iştirakçısı olduğu regional layihələr barədə
ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, müstəqilliyinin
ilk illərində bir sıra çətinliklərlə, eyni
zamanda, erməni təcavüzü nəticəsində ciddi
iqtisadi böhranla üzləşən Azərbaycan artıq
dünyada islahatçı ölkə kimi tanınır. Azərbaycanda
büdcə gəlirləri, adambaşına düşən
ümumi daxili məhsulun həcmi ötən illərlə
müqayisədə xeyli artmışdır.
Z.Səmədzadə qonaqların
gəlişinin çox əlamətdar
bir dövrə təsadüf etdiyini, respublikamızda prezident
seçkilərinin yenicə başa
çatdığını və Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin siyasi xəttinin layiqli
davamçısı İlham Əliyevin yenidən 5 il müddətinə ölkəmizin rəhbəri
seçildiyini xüsusi vurğulamışdır.
Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu məsələləri daimi komissiyasının sədri
Əli Hüseynov Avstriya, Çex, Finlandiya, İrlandiya,
İsveçrə və digər ölkələrdən gəlmiş
jurnalistlərə Azərbaycanın Avropa İttifaqı, eləcə
də digər nüfuzlu beynəlxalq təşkilatlarla
qarşılıqlı əlaqələrindən söhbət
açmışdır. Bildirmişdir ki,
torpaqlarımızın 20 faizi erməni təcavüzkarları
tərəfindən işğal olunmuşdur. Bir milyondan artıq yurddaşımız öz tarixi
dədə-baba torpaqlarından qovularaq
qaçqına-köçkünə çevrilmişdir.
Ə.Hüseynov təkcə Cənubi Qafqazda
deyil, bütün dünyada lider dövlət kimi tanınan Azərbaycanın
bu problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları
çərçivəsində həllini tapmasında Avropa
İttifaqının dəstəyinə ümid etdiyini diqqətə
çatdırmışdır.
Nümayəndə heyətinin üzvləri
Johanna Ruzicka, İya Ban, Miçal Kacevic və digərləri
səmimi görüşə və ətraflı məlumata
görə təşəkkür etdilər. Ölkəmizdə
müşahidə etdikləri inkişafdan məmnun
qaldıqlarını bildirən qonaqlar onları
maraqlandıran məsələlər barəsində suallar verdilər.
Görüşdə Azərbaycanla Avropa
İttifaqı arasında əlaqələrin inkişaf
perspektivləri, qarşılıqlı səfərlərin təşkili,
regional əməkdaşlığın inkişafı, özəlləşdirmə,
işsizliyin azaldılması və digər məsələlər
barəsində fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2008.-8 noyabr.-S.2.