Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Hava Limanına çəkilmiş yolun kənarında Zığ-Günəşli yamacında görülən yaşıllaşdırma işləri ilə tanış olmuşdur

 

Ekologiya təbii sərvətlər naziri Hüseynqulu Bağırov dövlətimizin başçısına layihə əsasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, iyul ayından başlanmış hazırlıq işləri, əsasən, qurtarmışdır. 11 kilometrdən çox məsafədə 240 min ədəd müxtəlif növ ağac əkiləcəkdir. Bunlardan 35 mini sərv və şam, 90 mini zeytun, qalanları isə akasiya, nar və digər ağac növləri olacaqdır. Layihəyə uyğun olaraq, burada suvarma sistemi də quraşdırılmışdır. Oktyabr ayının 25-dən sonra həmişəyaşıl ağacların əkilməsinə başlanılmışdır. İndiyə qədər 40 mindən artıq ağac əkilmişdir. İndi təşkil olunmuş iməcilikdə nazirliyin müxtəlif idarə və təşkilatlarının 500-dən artıq əməkdaşı iştirak etmiş, 6 hektar ərazidə körpə ağaclar basdırılmışdır.

Prezident İlham Əliyev ərazinin yaşıllaşdırılması layihəsi ilə tanışlıqdan sonra özü də ağac əkdi və su verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2008.-9 noyabr.-S.1.