Dünyanın
ən qədim xalqlarından olmaqla bəşər
sivilizasiyasına mühüm töhfələr vermiş azərbaycanlılar
taleyin sərt sınaqları üzündən ötən əsrin
90-cı illərinədək vahid ideologiya ətrafında
dövlətçilik ənənələri
formalaşdırmaq, ümummilli mənafelər ətrafında
birləşmək imkanından məhrum olmuşlar. 1991-ci ilin oktyabrında
canı, qanı bahasına müstəqilliyinə
qovuşmuş Azərbaycanda cəmiyyətin qütbləşərək
parçalanması, milli maraq və mənafelər ətrafında
səfərbər olunmaması, birlik və həmrəylik
ideyalarının özünə yer tapmaması
özünü ciddi problem kimi göstərmiş, milli
inkişafı əngəlləyən amilə
çevrilmişdir. Bunun nəticəsi kimi də
1993-cü ilin iyun ayınadək Azərbaycanda vətəndaş
sülhü və həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki
siyasi konfrontasiya kəskinləşərək ağır
siyasi böhrana gətirib çıxarmış,
bütövlükdə ölkə, parçalanmaq və
müstəqil dövlətçiliyini itirmək təhlükəsi
ilə üzləşmişdir.
Bu arzuolunmaz vəziyyət
yalnız 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra aradan qalxmışdır. Ulu öndər
müxtəlif səbəblərdən Azərbaycanın
hüdudlarından kənarda yaşayan
soydaşlarımızın vahid ideologiya və milli-mənəvi
dəyərlər sistemi ətrafında birləşməsinə,
onların malik olduğu güclü potensialın ümummilli
problemlərinin həllinə yönəldilməsinə xidmət
edən bir sıra tədbirlər həyata
keçirmişdir. İndi siyasi
baxışlarından asılı olmayaraq hamı etiraf edir
ki, Heydər Əliyevin 1993-cü ildə xalqın tələbilə
hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə
edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji
sərvətlərindən biridir. Xalqın
təhtəlşüurunda bütöv, milli şəxsiyyət
kimi təcəssüm olunan Heydər Əliyev Azərbaycana
ikinci rəhbərliyi dövründə vətəndaş
sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi
xəttini davam etdirmiş, bu siyasi xətti özünün
konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə
qaldırmışdır. Ümummilli lider
cəmiyyətin bütövləşməsi, azərbaycançılıq
ideologiyasının milli həmrəyliyin aparıcı amilinə
çevrilməsi istiqamətində mühüm işlər
görmüş, ümumxalq birliyinin dərin politoloji və nəzəri
əsaslarını irəli sürmüşdür. "Hər bir insan üçün milli mənsubiyyəti
onun qürur mənbəyidir. Həmişə
fəxr etmişəm, və bu gun də fəxr edirəm ki, mən
Azərbaycanlıyam" - deyən ulu öndər yeritdiyi
siyasətlə dünya azərbaycanlılarının şəksiz
siyasi-mənəvi liderinə çevrilmişdir.
Ulu öndər
özünəməxsus uzaqgörənlik və müdrikliklə
ilk gündən xarici siyasətdə strateji hədəfləri
düzgün müəyyənləşdirərək
demişdir ki, müasir dövrdə hər bir dövlətin
qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun
xaricdə formalaşdırdığı diaspor və lobbinin
gücü ilə ölçülür. Bu sahəyə
xüsusi diqqət yetirmədən xarici siyasətdə
hansısa ciddi nailliyyətlər qazanmaq, habelə milli məsələlərin
beynəlxalq müstəvidə qaldırılmasına nail
olmaq mümkün deyil. Məhz bu səbəbdən də
Azərbaycan hakimiyyəti son 10 ildə dünya azərbaycanlılarının
həmrəyliyinə nail olmaq üçün üzərinə
düşən tarixi missiyanı məsuliyyətlə yerinə
yetirməyə, bu sahədə sistemli və ardıcıl
siyasət yeritməyə çalışmışdır. Xarici ölkələrdə yaşayan
soydaşlarımızla çoxşaxəli münasibətlər
qurmaq, onları ideoloji-siyasi müstəvidə
silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər
etmək Azərbaycanın xarici siyasətində prioritet
istiqamətlərdən birinə çevrilmişdir. Bu sahədə dövlət siyasətinin məqsədi
xaricdə yaşayan soydaşlarımızın milli
özünəməxsusluğunu qorumaq və inkişaf etdirməkdən,
Azərbaycanla əlaqələrini genişləndirməkdən,
habelə digər hüquqlarını reallaşdırmaqdan
ibarətdir.
Azərbaycan dövləti
dünya azərbaycanlılarının potensial
imkanlarını səfərbər etmək, müstəqil
dövlət quruculuğu prosesində meydana çıxan
müxtəlif problemlərin həllinə yönəltmək,
daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq
istiqamətində ardıcıl və sistemli iş
aparmışdır. 2001-ci ilin ən yadda qalan və
milli həmrəyliyimizin nümayişinin ən yüksək
zirvələrindən biri noyabrın 9-10-da Bakıda Dünya
Azərbaycanlılarının Birinci Qurultayının
keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin
2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən
keçirilmiş bu qurultay dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın və həmvətənlərimizin
müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin
daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları
arasında birliyin, həmrəyliyin təmin olunması, habelə
Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin
gücləndirilməsi və əlaqələndirilməsi
üçün şərait yaratmışdır.
Həmin tarixi qurultayın
nümayəndəsi kimi böyük qürur hissi ilə
xatırlayıram ki, ümummilli lider Heydər Əliyev
çıxışında dünya azərbaycanlıları
arasında milli birliyin və həmrəyliyin təmin edilməsi,
Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının
əlaqələrinin möhkəmləndirilməsi,
qarşıya çıxan problemlərin həllində səylərin
birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi
dəyərlərimizin qorunub saxlanılması, inkişaf
etdirilməsi zərurəti ilə bağlı tövsiyə
xarakterli fikirlərini söyləmişdir. Azərbaycanın
beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif
ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin
yüksək səviyyədə təbliği, Ermənistanın
təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni
lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun
təşkili məsələləri qurultayın
qarşıya qoyduğu başlıca vəzifələr
olmuşdur.
Həmin
qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə
yeni mərhələyə qədəm qoymuş, ümummilli
lider Heydər Əliyev bu sahədə sistemli dövlət
siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə
2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla
İş Üzrə Dövlət Komitəsinin yaradılması
barədə" fərman imzalamışdır. Komitənin
yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin,
birliklərinin və dərnəklərinin fəaliyyətinin
vahid mərkəzdən koordinasiyasına, habelə onların
dövlət qayğısı ilə əhatə
olunmasına geniş imkanlar vermişdir. Dövlət
Komitəsinin yaradılması dünya azərbaycanlılarının
konsolidasiyasında, diaspordan lobbiyə doğru
inkişafında yeni bir mərhələnin
başlanğıcını qoymuşdur. Komitə
qısa müddətdə dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın azərbaycançılıq
ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi
istiqamətində xeyli iş görməyə müvəffəq
olmuşdur.
Qürur
doğuran haldır ki, ulu öndərin layiqli
davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev
də diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən
biri kimi yanaşır. Ötən 5 ildə bu yöndə
ardıcıl və sistemli tədbirlərin həyata
keçirilməsini təmin edən Prezident İlham Əliyev
müxtəlif ölkələrə səfərləri
çərçivəsində soydaşlarımızla
keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının
vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması
zərurətini önə çəkmiş, bunun
ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir.
Dövlət başçısı müasir
dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan
xarici siyasətdə hansısa ciddi uğur qazanmağın
qeyri-mümkünlüyünü
çıxışlarında dəfələrlə
vurğulamışdır. Cənab İlham Əliyevin 8
fevral 2006-cı il tarixli sərəncamı
ilə 2006-cı il martın 16-da Bakı şəhərində
Dünya Azərbaycanlılarının II Qurultayının
keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs
verməklə, ötən 5 ilin ən əlamətdar hadisələrindən
biri kimi yadda qalmışdır.
Dünya Azərbaycanlılarının
II Qurultayının keçirilməsində isə məqsəd
hesabat dövründə diaspor quruculuğu istiqamətində
görülmüş işləri dəyərləndirmək,
habelə xaricdə yaşayan soydaşlarımızın
üzləşdiyi bəzi problemləri, yaşadıqları
ölkələrin iç siyasətinə təsir
imkanlarını öyrənməkdən, onların tarixi Vətənlə
daha geniş əlaqələrinin qurulmasına xidmət edən
tədbirlərin hazırlanmasını təmin etməkdən
ibarət olmuşdur. 16 mart 2006-cı ildə
keçirilmiş qurultayda Azərbaycan diasporunun hazırkı
vəziyyəti müzakirə edilmiş, bu sahədə
çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi
işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin,
xalqımıza qarşı törədilmiş terror və
soyqırımı aktları ilə əlaqədar
çoxsaylı faktların dünya ictimaiyyətinə
çatdırılmasının daha müasir
metodlarının hazırlanması, digər xalqların
diaspor təşkilatları ilə əlaqələrin
gücləndirilməsi məsələləri xüsusilə
önə çəkilmişdir. Yüksək mütəşəkillik
və ruh yüksəkliyi ilə başa çatan
qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət
konsepsiyasının hazırlanması barədə qərarın
qəbul edilməsi, dünya azərbaycanlılarına
müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü
ilə bağlı xüsusi bəyanatın, işğal
olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni
irsimizin dağıdılması ilə bağlı beynəlxalq
təşkilatlara müraciətlərin və digər sənədlərin
qəbulu istər təbliğati, istərsə də səmərəli
əks-hücumun təşkili baxımından böyük əhəmiyyətə
malikdir.
Azərbaycan Prezidenti
İlham Əliyevin ötən 5 ildə dünya azərbaycanlılarının
milli-mənəvi birliyinin təmin olunması, onların tarixi
Vətənlə əlaqələrinin genişləndirilməsi,
habelə yaşadıqları xarici ölkələrdə
hüquqlarının qorunması istiqamətində
atdığı qətiyyətli addımlar Rusiyadakı azərbaycanlılar
tərəfindən də ürəkbən bəyənilir.
Ümumrusiya Azərbaycanlıların Konqresinin vitse-prezidenti,
Ural Şurası Dairəsinin sədri kimi əminliklə
vurğulamaq istərdim ki, Rusiyanın Yekaterinburq şəhərində
yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən mütərəqqi
islahatları dəstəkləyir, Azərbaycanın ötən
beş ildə sosial-iqtisadi sahədə qazandığı
böyük uğurları rəğbət hissi ilə
qarşılayırlar. Bu da təsadüfi
deyildir - hazırda respublikamızda qazanılan böyük
nailiyyətlər kənarda daha qabarıq sezilir. Hər dəfə doğma Vətənimizə gələndə
yeni-yeni uğurların, böyük dəyişikliklərin,
müasirliyin şahidi oluruq. Təkcə
paytaxt deyil, respublikamızın rayon və şəhərləri
inkişaf edir, gözəlləşir, insanların maddi rifah
halı, yaşayış səviyyəsi yüksəlir.
Azərbaycan doğrudan da, bir çox ölkələrin
onilliklər boyu keçdiyi inkişaf yolunu qısa müddətdə
başa vurmuş, nəzərəçarpacaq uğurlara imza
atmışdır.
Bütün
bunlar həm də Prezident İlham Əliyevin fenomenal liderlik
xüsusiyyətlərindən, xalqına, dövlətinə
bağlı layiqli rəhbər olmasından irəli gəlir. Təsadüfi
deyil ki, son prezident seçkilərində UAK-nın Ural Dairə
Şurasının geniş toplantısı
keçirilmiş, cənab İlham Əliyevin prezidentliyə
namizədliyini dəstəkləyən bəyanat qəbul
olunmuşdur. Hesab edirik ki, 2008-ci ilin 15
oktyabrında cənab İlham Əliyevin xalqın iradəsi
ilə yenidən dövlət başçısı
seçilməsi Rusiya-Azərbaycan münasibətlərinin
daha da inkişafında keyfiyyətcə yeni mərhələ
açacaqdır.
Oktyabrın
24-də keçirilmiş andiçmə mərasimində
iştirakımız zamanı bir daha əmin olduq ki, cənab
İlham Əliyev xalqını və dövlətini sevən
lider olaraq bundan sonra da Azərbaycanın inkişaf və tərəqqisi
üçün əlindən gələni əsirgəməyəcəkdir. Böyük
qürur hissi ilə demək olar ki, respublikamızı firavan
gələcəyə aparan bu siyasətin
davamlılığı qarşıdakı illərdə də
təmin olunacaq, müstəqil Azərbaycan İlham Əliyevin
rəhbərliyi altında inkişaf tempini sürətləndirərək
dünyanın qabaqcıl dövlətləri sırasında
layiqli yerini tutacaqdır.
Şahin Şıxlinski,
Ümumrusiya
Azərbaycanlıları
Konqresinin
vitse-prezidenti,
Ural Dairə
Şurasının sədri
Azərbaycan.-2008.-9 noyabr.-S.2.