Laçınlılar doğma yurdlarına qayıdacaqlarına indi daha çox inanırlar

 

Azərbaycan mütərəqqi yolla irəliləyərək demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Respublikamızda sosial-iqtisadi inkişafın, siyasi sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olması gələcək yüksəlişimizə etibarlı təminat yaradır. Azərbaycanın bugünkü hərtərəfli inkişafının əsas səbəbi ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi islahatlar kursunun yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Ölkəmizin dinamik inkişafı ilə yanaşı, ağrılı problemi də mövcuddur. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyondan artıq soydaşımızın öz doğma yurdlarından didərgin düşməsi ümumi inkişafa mane olur.

Ermənistanın təcavüzü nəticəsində işğal edilən Azərbaycanın dilbər guşələrindən biri olan Laçın şəhərinin yaradılmasının 85 ili tamam olur. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə bağlı Şuşa qəzası ləğv olunaraq, Ağdam qəzası yarıdılıb. Elə o zaman Laçın, Kəlbəcər və Qubadlının birləşməsi ideyası ortaya çıxıb. Həmin vaxt mərkəzin Laçın şəhəri olması məsələsi aktuallaşıb. Laçın şəhərinin yerini görkəmli ziyalı Tağı Şahbazi Simurğ seçib. O zaman Azərbaycan İctimai Şura Cümhuriyyəti Mərkəzi İcraiyyə Komitəsinin katibi işləyən bu yazıçı Laçın şəhərinin adını yaxınlıqdakı Laçın dağından götürüb. Beləliklə, Şuşa-Gorus yolunun təxminən 200 metr kənarında yerləşən Abdallar kəndi 1924-cü ildən şəhər statusu alıb. 1930-cu ildə isə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.

Laçın rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Rayon 1992-ci ilin mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 264 nəfər şəhid, 103 nəfər əlil olmuş, 65 nəfər girov götürülmüşdür. Rayon sakinləri respublikanın bütün bölgələrində məskunlaşsalar da, onlar tam əmindirlər ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində öz dədə-baba torpaqlarına qayıdacaqlar.

Laçın şəhərinin inkişafında yerli sakinlərdən Hüsü Hacıyevin, İsmayıl Şəfiyevin, Qara İlyasovun, Canbaxış Abdullayevin, Ocaqqulu Musayevin böyük rolu olmuşdur. Şəhərin salınması prosesi də çox çətin olub. Şəhərin tikintisi üçün lazım olan bütün tikinti materialları Yevlaxdan at arabaları ilə daşınıb. Laçına avtomobil yolları 1950-ci illərdə çəkilməyə başlayıb.

Laçın şəhərinin yüksəliş dövrü isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində xüsusi olaraq Laçın şəhərinin inkişafının sürətləndirilməsi üçün respublika rəhbərliyi səviyyəsində çoxsaylı göstərişlər verilib, sənədlər imzalanıb. Məhz həmin dövrdə Laçının sosial-iqtisadi inkişafı sürətlənib, şəhərə və yüzdən artıq kəndə avtomoil yolu, su kəməri, işıq çəkilmişdir. Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövründə Şuşa ilə Laçını birləşdirən yollar əsaslı təmir edilmiş və demək olar ki, hər bir yaşayış məntəqəsində sosial obyektlər tikilərək istifadəyə verilmişdir. 1971-ci il 16 noyabr tarixində Azərbaycan KP MK və Nazirlər Soveti "Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında" qərar qəbul etmişdi. Elə həmin tarixdə respublika rəhbərliyinin "Laçın rayon zəhmətkeşlərinə mədəni məişət xidmətini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qüvvəyə minir. 1974-cü il avqustun 6-da isə Azərbaycan KP MK Bürosu "Laçın şəhərinin 50 illiyi haqqında" qərar qəbul edir. Məhz həmin tədbirlərin həyata keçirilməsi nəticəsində Laçın rayonu sıçrayışlı inkişaf yoluna qədəm qoymuşdur.

Rayonumuza uzun illər rəhbərlik etmiş mərhum Muradxan Cabbarov öz xatirələrində yazırdı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə ilk görüşündə Laçın barədə məlumat verib. Ancaq ulu öndər rayonun problemlərindən elə danışıb ki, sanki o, Laçında anadan olub və rayonun bütün məsələlərini bilir. Heydər Əliyevin Laçına olan diqqəti bu rayonun inkişafına gətirib çıxarmışdı. Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başlayanda hakimiyyətdə ulu öndər Heydər Əliyev olsaydı, bir qarış torpağımız belə, işğala məruz qalmazdı. Çünki ulu öndər erməni məkrinin qarşısını ala biləcək yeganə şəxsiyyət idi.
Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə xalqımız böyük bəlalardan xilas oldu. Dünya şöhrətli siyasətçinin hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı, işğal olunmuş ərazilərimizin azad edilməsi ümidini yaratdı. Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yüksəlməsinə nail olundu. Ölkəmizdə bir milyondan artıq qaçqının olmasına baxmayaraq, aparılan uğurlu siyasət sayəsində ötən il sonuncu çadır şəhərciyi də ləğv edildi. İndi müvəqqəti də olsa, məcburi köçkünlər müasir tipli qəsəbələrdə məskunlaşıblar.

Məcburi köçkün rayonlarına ümumi qayğı kimi ötən illərdə Laçının iri müəssisələrinin fəaliyyəti bərpa edilib. Mövcud müəssisə və təşkilatların yenidən qurulması, istehsal sahələrinin genişləndirilməsi yeni iş yerlərinin açılmasına gətirib çıxarmışdır ki, bu da qaçqın və məcburi köçkünlərin sosial güzəranlarının daha da yaxşılaşdırılmasına xidmət edir. 1996-cı ildə tikilib istifadəyə verilmiş 301 ailəlik "Taxta körpü" fin tipli qəsəbənin ərazisində müasir qəsəbə salınıb. Demək olar ki, ərazidə bütün kommunikasiya sisitemi yenidən qurulub. Yeni məktəblərin tikilərək istifadəyə verilməsi, məcburi köçkünlərin məskunlaşdıqları yataqxanaların təmiri və digər bu kimi məsələlər də insanların sosial həyatlarının yüksəlişinə xidmət edir.

Bütün bunlar həm də insanlarımızda Laçına dönmək ümidini artırır. Bu gün məcburi köçkünlərin sosial rifahının yüksəlişinə çalışan dövlətimiz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində də xüsusi iş aparır. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, siyasi sabitliyin təmin edilməsi, ölkəmizin mövqelərinin dünya arenasında getdikcə güclənməsi işğal olunmuş torpaqlarımızın azad edilməsinə ümidləri artırır.

Ölkəmizin 59 rayon və kəndlərində müvəqqəti məskunlaşmış laçınlıların şəhərin 85 illik yubileyini keçirmək üçün bir araya gəlmələri məqsədəuyğundur. Laçının işğalından sonra dünyaya gələn laçınlılar öz ata-baba yerləri haqda daha geniş və dolğun bilik əldə etmək imkanı qazanacaqlar. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində Azərbaycan Prezidentinin uğurlu fəaliyyəti barədə onlarda dolğun təsəvvür yaratmaq və Laçına dönəcəyimiz günün yaxınlaşdığını onlara bildirmək baxımından bu yubileyin keçirilməsi böyük əhəmiyyətə malikdir. Bu yubileyin respublika səviyyəsində keçirilməsi həm də dünyaya Azərbaycan xalqının öz torpaqlarını unutmadığını nümayiş etdirilməsi baxımdan əhəmiyyətli olardı.

Laçın şəhər əhalisinin əksəriyyətinin Bakı şəhəri və ətraf ərazilərdə məskunlaşdıqları nəzərə alınaraq yubiley tədbirinin Bakı şəhərində qeyd olunması məqsədəuyğun olardı. Bundan başqa, Laçın rayonunun dövlət müəssisə və təşkilatlarının yerləşdiyi "Taxta körpü" ərazisində və digər yaşayış yerlərində müxtəlif səpkidə tədbirlərin keçirilməsi də məqbul sayıla bilər.

 

 

Sevindik HƏTƏMOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2008.-9 noyabr.-S.2.