Bakı Metropoliteninin işçiləri peşə bayramlarını qeyd etmişlər

 

 AzərTAc xəbər verir ki, noyabrın 8-də Bakı Metropoliteninin işçiləri peşə bayramlarını qeyd etmişlər.

Metropoliten işçiləri əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçək dəstələri düzülmüşdür.
Bakı Metropoliteni rəisinin müavini Arif Rəsulov bildirmişdir ki, Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncama əsasən hər il noyabrın 8-i metropoliten işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bakı Metropoliteninin istismar tarixi 1967-ci il noyabrın 6-dan başlanır. Həmin tarixdə Bakı şəhərində metropolitenin Bakı Soveti-Nərimanov sahəsində 5 stansiyalıq 1-ci növbəsi istismara verilmişdir. Bu, SSRİ-də beşinci, Yaxın Şərqdə isə ilk yeraltı elektrik dəmir yolu idi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə Bakı Metropoliteninin tikintisi tarixində yeni mərhələnin başlanğıcı qoyulmuşdur. Ümummilli liderin hakimiyyətə ikinci dəfə qayıdışından sonra isə metropolitenin həyatında növbəti mərhələ başlanmışdır. Beş stansiya istisna olmaqla, qalan stansiyaların tikintisi məhz ulu öndərin adı ilə bağlıdır. Bu gün ümummilli lider Heydər Əliyevin metropolitenə və metro işçilərinə qayğısı Prezident İlham Əliyevin timsalında davam edir. Hazırda ölkədə digər sahələrlə yanaşı metro tikintisi də diqqət mərkəzindədir. Bu yaxınlarda istifadəyə verilmiş "Nəsimi" stansiyası Azərbaycan müstəqillik əldə etdikdən sonra tikilmiş ilk stansiyadır. 2025-ci ilədək Bakıda metro stansiyalarının sayı 60-ı keçəcəkdir.

Qeyd edək ki, bayram ərəfəsində metropolitenə yeni gətirilmiş 5 vaqona baxış keçirilmiş, 20 ildən artıq müddətdə burada çalışan 500-dək işçi mükafatlandırılmışdır.

 

 

Azərbaycan.-2008.-9 noyabr.-S.3.