Milli təhlükəsizlik naziri Eldar Mahmudov Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Rəhbərləri Konfransının XI iclasında iştirak etmişdir

 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, nazir, general-leytenant Eldar Mahmudov noyabrın 5-6-da Qazaxıstan Respublikasının Astana şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Rəhbərləri Konfransının XI iclasında iştirak etmişdir.
İclasda Rusiya Federasiyasının və Ukraynanın müvafiq qurumlarının yüksək vəzifəli nümayəndələri müşahidəçi qismində iştirak etmişlər. Transmilli mütəşəkkil cinayətkarlıq, onun müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan beynəlxalq terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlığın yeni reallıqlara uyğun təkmilləşdirilməsi və inkişafı əsas müzakirə mövzuları olmuşdur.

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudov iclasda "Türkdilli dövlətlər məkanında beynəlxalq terrorçu infrastrukturların fəaliyyətinin qarşısının alınması istiqamətində yeni nailiyyətlər" mövzusunda çıxış etmiş, terrorçuluq və dini ekstremizmlə mübarizənin Azərbaycanın qəti mövqeyi və ölkənin milli təhlükəsizlik orqanlarının prioritet vəzifəsi olmasını bir daha diqqətə çatdırmışdır. Nazir Eldar Mahmudov terrorçuluq fəaliyyəti ilə əlaqədar yeni təmayüllərin meydana çıxmasını, terrorçuların öz metod və taktikalarını, rabitə, eləcə də konspirasiya vasitələrini və qaydalarını daim təkmilləşdirdiklərini vurğulamış, bütün bunlarla əlaqədar konkret faktlar gətirmişdir.

Daha sonra, nazir beynəlxalq nəqliyyat dəhlizləri və transmilli enerji şəbəkələrinin təhlükəsizliyinin təmin olunması işində diqqət yetirilməsi vacib olan əsas amillərdən danışmış, iclasın iştirakçısı olan dövlətlərin xüsusi xidmət orqanları arasında əməkdaşlığın səmərəliliyinin artırılması yollarına toxunmuş, bununla bağlı bir sıra təkliflər irəli sürmüşdür.

Nazir E.Mahmudovun çıxışı iclasın iştirakçıları tərəfindən maraqla qarşılanmış, toxunulan məsələlər ətrafında geniş müzakirələr aparılmışdır. Nazir Eldar Mahmudov tədbir çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də keçirmişdir.

İclasın sonunda nümayəndə heyətlərinin rəhbərləri tərəfindən məlumat mübadiləsi və əməli əməkdaşlıq sahəsində xüsusi xidmət orqanlarının inteqrasiyası mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin hazırlanması üzrə birgə rəsmi sənəd imzalanmışdır.

 

 

Azərbaycan.-2008.-9 noyabr.-S.3.