Beynəlxalq konfrans "Bakı gənclər təşəbbüsü"nü qəbul etmişdir
AzərTAc xəbər
verir ki, noyabrın 8-də Bakıda "İslamofobiya və
ksenofobiyanın müxtəlif növləri: gənclərə
təsir və onların qarşısının
alınmasında gənclərin iştirakı"
mövzusunda beynəlxalq konfrans başa
çatmışdır.
Gənclər və İdman Nazirliyinin, Avropa Şurasının,
İSESKO-nun, Avropa Gənclər Forumunun və İslam
Konfransı Təşkilatının "Dialoq və əməkdaşlıq
uğrunda" Gənclər Forumunun himayəsi ilə
"Dini fərqlərə baxmayaraq" devizi altında
keçirilən konfransda 43 ölkədən 124 nümayəndə
iştirak etmişdir.
Gənclər və idman naziri Azad Rəhimov forumun
iştirakçılarına müraciətində
bildirmişdir ki, beynəlxalq komanda olduqca yaxşı və
faydalı iş görmüşdür. Dörd
gün davam edən gərgin diskussiyalar, bilik mübadilələri
dünyanın müxtəlif ölkələrindən olan və
müxtəlif dinlərə etiqad edən insanları birləşdirmişdir.
Konfransın qəbul etdiyi "Bakı gənclər
təşəbbüsü" baza sənədidir. Nazir əmin olduğunu bildirmişdir ki, əməkdaşlıq
bu sahədə gənclərimizin rifahına xidmət edəcək,
xalqlararası dialoqa dəstək olacaqdır.
Avropa Şurası
Gənclər və İdman Direktorluğunun
rəhbəri Ralf-Rene Veynqartner bildirmişdir ki, konfransın
başlıca məqsədinə - gənclərlə işə,
islamofobiyaya, ksenefobiyaya, dini dözümsüzlüyün digər
növlərinə qarşı mübarizə, insan
hüquqlarının müdafiəsi məsələlərinin
müzakirəsinə nail olunmuşdur. İşçi qruplar
islamofobiya və antisemitizmə, dini
dözümsüzlüyün digər formalarına, sosial və
irqi ayrı-seçkiliyə qarşı mübarizənin,
gender bərabərliyinin, gənclər siyasətinin hüquqi
baxımdan əsaslandırılması məsələlərini
müzakirə etmiş, gənclər təşkilatları və
təsisatları arasında əməkdaşlığın
yollarını müəyyənləşdirmiş, mədəniyyətlərarası
və dinlərarası dialoqu ardıcıl şəkildə
dəstəkləmək üçün tədbirlər nəzərdə
tutmuşlar.
Konfransın yekunlarına
görə qəbul edilmiş və dinlərarası
dialoqa töhfə verə biləcək gənclər layihələrinə
maliyyə dəstəyini nəzərdə tutan "Bakı gənclər
təşəbbüsü" islamafobiyaya, antisemitizmə,
dini və etnik dözümsüzlüyün digər təzahürlərinə
qarşı mübarizəyə yönəlmişdir.
İslamafobiya və ksenofobiyaya
qarşı mübarizəyə həsr olunmuş növbəti
konfrans 2009-cu ildə Tatarıstanın paytaxtı Kazanda
keçiriləcəkdir.
Azərbaycan.-2008.- 9 noyabr.-S.3.