Türkiyənin Ceyhan şəhərində Heydər Əliyev adına liseyin açılışı olmuşdur

 

Mərasimdə Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türkiyənin milli təhsil naziri Hüseyn Çəlik, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, respublika təhsil nazirinin müavini Elmar Qasımov, Adana valisi İlhan Atış, ölkəmizin Türkiyədəki səfiri Zakir Həşimov və digər rəsmi şəxslər iştirak etmişlər.

Mərasimi açan nazir Hüseyn Çəlik 600 şagird yerlik liseyin dördmərtəbəli binasının tikintisinin bu ilin may ayında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ilə imzalanmış protokol əsasında 5 ay müddətində tamamlandığını, "bir millət, iki dövlət" kəlamı ilə xalqlarımızın qardaşlığını daha da möhkəmləndirən dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan bu təhsil ocağının Ceyhan sakinlərinə böyük töhfə olduğunu bildirmişdir. Mövlana Cəlaləddin Ruminin "eyni dildə danışanlar deyil, eyni şeyi hiss edənlər yaxşı anlaşa bilirlər" sözərini xatırladan nazir demişdir ki, biz azərbaycanlı qardaşlarımızla həm eyni dildə danışır, həm də eyni şeyləri hiss edirik. Bu liseydə təhsil alanlar daim Heydər Əliyevi rəhmətlə anacaqlar. Burada yetişən uşaqlar onun adı ilə yaşayacaqlar.

Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında demişdir ki, indi dövrümüz müharibələr deyil, elm və texnologiya dövrüdür. Bütün dünyada türk xalqlarının da zirvələrə çatması yalnız təhsillə bağlı olacaqdır. Ceyhanı indi bütün dünya tanıyır. Mən nə vaxtsa bu məktəbdən Türkiyənin nazirlərinin və idarəçilərinin çıxacağına inanıram.

Azərbaycan təhsil nazirinin müavini Elmar Qasımov iki ölkə arasında təhsil sahəsində əməkdaşlıqdan bəhs etmişdir. O bildirmişdir ki, hazırda Azərbaycanda 4 min türk, Türkiyədə isə 4 min azərbaycanlı tələbə təhsil alır.

Açılış mərasimindən sonra Hüseyn Çəlik və Əli Həsənov ulu öndər Heydər Əliyevin liseydəki büstünün önünə gül qoydular, yadigar olaraq, bir-birinə xatirə hədiyyələri təqdim etdilər.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Adana

 

Azərbaycan.-2008.-9 noyabr.-S.2.