Azərbaycan şirkəti "POLEKO-2008" beynəlxalq sərgisində iştirak etmişdir
Polşa
Respublikasının Poznan şəhərində
"POLEKO-2008" beynəlxalq sərgisi keçirilmişdir.
Sərgidə bir çox dövlətləri təmsil edən
tanınmış şirkətlər, birgə müəssisələr,
firmalar ekologiya sahəsində öz fəaliyyət və
nailiyyətlərini əks etdirən stendlər və
eksponatlar nümayiş etdirmişlər.
Sərgi çərçivəsində
keçirilən seminarlarda ekoloji problemlər müzakirə
edilmiş, bu problemlərin həlli üçün birgə
fəaliyyətin təşkil edilməsi və
qarşılıqlı əməkdaşlıq münasibətlərinin
yaradılması tövsiyə olunmuşdur. "Ekol Mühəndislik
Xidmətləri" Qapalı Səhmdar Cəmiyyəti də
adıçəkilən sərgidə iştirak etmişdir.
Burada əsas məqsəd QSC-nin mövcud imkanlarını
nümayiş etdirmək, Avropada və dünyanın digər
dövlətlərində sifarişçi təşkilatlar
tapmaq və öz işini ölkə xaricində inkişaf
etdirmək, yeni texnologiyaların və ekoloji layihələrin
birgə həyata keçirilməsini təmin etməkdən
ibarət olmuşdur.
QSC-nin sərgidə
nümayiş etdirdiyi stend, onun fəaliyyət sahələri,
Azərbaycanın iqtisadi inkişafı, ARDNŞ-nin həyata
keçirdiyi layihələr və əldə etdiyi nailiyyətlər
haqqında verilən məlumatlar xarici şirkətlərin
marağına səbəb olmuşdur. "Ekol Mühəndislik
Xidmətləri" QSC-nin baş direktoru Soltan Əliyev sərgi
zamanı bir çox şirkətlərin rəhbərləri
ilə görüşlər keçirmiş, ekoloji
yönümlü layihələrin birgə həyata
keçirilməsi məsələlərini müzakirə
etmişdir. Görüşlər zamanı Polşa
Respublikasının Ekologiya Nazirliyi nəzdində fəaliyyət
göstərən İstehsalat Sahələrinin Ekologiya
İnstitutu, "Prote" şirkəti və
"ENVİTECH-Net" Ekoloji Texnologiyaların Beynəlxalq Elm
Mərkəzi ilə potensial əməkdaşlıq sahəsində
ilkin razılıqlar əldə olunmuşdur.
Ətraf mühitin
mühafizəsi, tullantıların emalı və ekoloji təhlükəsizlik
sahəsində bir çox xidmətlər göstərən
İstehsalat Sahələrinin Ekologiya İnstitutu birgə fəaliyyəti
genişləndirmək, torpaqların rekultivasiyası və
remidasiyası, uzunömürlü yaşıllıqların
salınması, monitorinq işlərinin və ekoloji layihələrin
həyata keçirilməsi sahəsində əməkdaşlıq
barədə "Ekol Mühəndislik Xidmətləri"
QSC-yə razılığını bildirmişdir.
"ENVİTECH-Net" Mərkəzi isə ekoloji
yönümlü biliklərin birgə öyrənilməsi,
beynəlxalq tərəfdaşların inteqrasiyası və
yeni texnologiyaların tətbiqi sahəsində QSC-nin mərkəzin
üzvlüyünə qəbul edilməsini təklif
etmişdir. "Ekol Mühəndislik Xidmətləri"
QSC-nin "POLEKO-2008" beynəlxalq sərgisində
uğurlu iştirakı QSC-nin ekologiya və iqtisadiyyat sahəsində
Avropaya inteqrasiyası və potensial əməkdaşlıq
münasibətlərinin yaradılması istiqamətində əsaslı
zəmin yaratmışdır.
Azərbaycan.- 2008.- 9 noyabr.- S.4.