ARDNŞ- xarici jurnalistlərlə görüş keçirilib

 

ARDNŞ-nin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Avropa Jurnalistika Mərkəzini təmsil edən bir qrup jurnalistlə görüşmüşdür.

E.Nəsirov xarici qonaqlara Azərbaycan, onun zəngin tarixi və mədəniyyəti, ölkə iqtisadiyyatının dayağı sayılan neft sənayesinin yaranma və formalaşma tarixi barədə ətraflı məlumat vermişdir. Dünya neft sənayesinə böyük töhfələr verən Azərbaycan neft-qaz sənayesinin son illər ərzində qazandığı uğurlardan söz açan ARDNŞ-nin vitse-prezidenti ölkədə ikinci neft bumunun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi" ilə sıx bağlı olduğunu bildirmişdir. Həmin müqavilə çərçivəsində qazanılan nailiyyətlərdən, xarici tərəfdaşlarla bağlanan hasilatın pay bölgüsü sazişlərindən, həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri layihələrindən danışan E.Nəsirov Azərbaycan neft-qaz sənayesinin gələcək perspektivləri barədə də fikirlərini söyləmişdir.

Azərbaycan neft-qaz sənayesinin flaqmanı hesab edilən Dövlət Neft Şirkətinin yaranma tarixi, inkişaf yolu və başlıca fəaliyyət sahələri barədə Avropalı jurnalistləri ətraflı məlumatlandıran E.Nəsirov daha sonra onların suallarını cavablandırmışdır. ARDNŞ-nin vitse-prezidenti Azərbaycan qazının Avropaya nəqli perspektivləri, bu istiqamətdə hazırlanan layihələr, ölkənin qlobal əhəmiyyətli enerji layihələrində iştirakı məsələləri, habelə neft və qaz kəmərlərinin diversifikasiyası ilə əlaqədar suallara cavab verərkən bildirmişdir ki, mütəmadi olaraq Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş Nabukko, TAP, TGİ kimi layihələrdə iştirak etmək barədə təkliflər daxil olur. Azərbaycan dövləti bu təkliflərin hamısını diqqətlə dəyərləndirir və qiymətləndirmədə əsas etibarı ilə iqtisadi səmərəlilik prinsipini prioritet hesab edir.


         
"Azərbaycan"

 

           Azərbaycan.-2008.-9 noyabr.-S.4.