Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 10-da "Bakutel-2008"
XIV Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya
texnologiyaları sərgisində iştirak etmək
üçün ölkəmizdə səfərdə olan
dünya şöhrətli alim, həmyerlimiz Lütfi Zadəni
qəbul etmişdir.
Cənab Lütfi Zadə Bakıya
səfərindən və Prezident İlham Əliyevlə
görüşündən məmnunluğunu bildirdi. İlk dəfə
1965-ci ildə Bakıda birgünlük səfərdə
olduğunu xatırladan alim budəfəki səfərin onda
böyük təəssürat yaratdığını
söylədi. O, ötən dövr ərzində
ölkəmizin xeyli dəyişdiyini, Bakıda böyük
abadlıq və quruculuq işləri ilə yanaşı,
elmin və mədəniyyətin inkişafının da
yüksək səviyyədə olduğunu vurğuladı. Lütfi Zadə əldə olunan bütün bu
nailiyyətləri Azərbaycan Prezidenti İlham Əliyevin elmə
və mədəniyyətə göstərdiyi qayğı və
diqqətin nəticəsi kimi dəyərləndirdi.
Dövlətimizin başçısı bildirdi
ki, Azərbaycan hazırkı imkanlarından istifadə etməklə
elmin, təhsilin və mədəniyyətin müxtəlif sahələrini
inkişaf etdirməyi, ən müasir texnologiyaların tətbiqini
qarşıya məqsəd qoymuşdur. Prezident İlham Əliyev
dedi ki, indi ölkə üçün başlıca prioritet
məsələ qeyri-neft sektorunun inkişaf etdirilməsidir.
"Bakutel-2008" XIV Azərbaycan beynəlxalq telekommunikasiya və
informasiya texnologiyaları sərgisinin əhəmiyyətindən
danışan dövlətimizin başçısı
informasiya texnologiyaları sahəsində ölkəmizin
dünyanın qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq
etdiyini və Azərbaycanın yaxın gələcəkdə
bu sahədə regionun mərkəzinə çevrilməsi
üçün yaxşı imkanlarının olduğunu vurğuladı.
AzərTAc
Azərbaycan.-2008.-11 noyabr.-S.1.