BAKIDA
BƏSTƏKAR ARİF MƏLİKOVUN 75 İLLİK
YUBİLEYİNƏ HƏSR EDİLMİŞ BEYNƏLXALQ
MUSİQİ FESTİVALI AÇILMIŞDIR
Görkəmli bəstəkar, Azərbaycanın
xalq artisti, SSRİ xalq artisti, Milli
Elmlər Akademiyasının
müxbir üzvü,
professor Arif Məlikovun
75 illik yubileyinə həsr edilmiş Beynəlxalq musiqi festivalı noyabrın
19-da Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında
simfonik musiqi gecəsi ilə başlanmışdır.
Baş nazirin müavini Elçin Əfəndiyev Festivalın açılış mərasimində demişdir ki, Arif Məlikovun musiqisi öz dərin məzmunu, obrazların çoxşaxəliliyi ilə fərqlənir. Onun musiqisi uzaq keçmişə və müasir dövrə aid gerçəkliyin müxtəlif cəhətlərini açıqlayır. Qəhrəmanlıq mövzusuna, dramatik və lirik mövzulara həsr edilmiş, zəngin emosional məzmunu ilə seçilən bu musiqidə obrazlar çox vaxt fəlsəfi-psixoloji aspektdə əks olunur.
E.Əfəndiyev xatırlatmışdır ki, Nazim Hikmətin librettosu əsasında yazdığı “Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci ildə Rusiyada, Leninqraddakı Mariya Teatrının səhnəsində olmuşdur. Dərhal bədii sensasiyaya çevrilmiş tamaşa o vaxtdan bəri həmin teatrın səhnəsindən düşməmişdir.
Açılış mərasimində Arif Məlikov özü də çıxış etmişdir. “Bu gün mən ən xoşbəxt insanam, sevinclə qarışıq həyəcan hissləri keçirirəm” – deyən bəstəkar bildirmişdir ki, onun “Məhəbbət əfsanəsi” baleti dünyanın yetmiş teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Yubilyar daha sonra demişdir: “Bu festivalın keçirilməsi təşəbbüsünü irəli sürmüş və onun təşkilinə kömək etmiş Azərbaycan Prezidenti İlham Əliyevə və ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevaya təşəkkür etmək istəyirəm”.
Festivalın açılışında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor xalq artisti Rauf Abdullayevdir) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər xalq artisti Gülbacı İmanovadır) ifasında “Vətən” simfonik poeması və 8 nömrəli “Əbədiyyət” simfoniyası səslənmişdir.
Sonra bəstəkarın ulu öndər Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət” simfoniyasının diskinin təqdimatı olmuşdur. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Məmmədov diskin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hazırlandığını bildirmişdir. Arif Məlikov muğamlarımıza böyük qayğı göstərən Mehriban xanıma həsr etdiyi “Muğam” kitabının da tezliklə nəşr olunacağını vurğulamışdır.
Prezidentin İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Azərbaycanda akkreditə edilmiş diplomatik korpusun nümayəndələri festivalın açılışında iştirak etmişlər.
Azərbaycan.- 2008.- 20 noyabr.- S. 6.