Binə atçılıq-idman kompleksi ilə tanışlıq

 

AzərTAc xəbər verir ki, Böyük Britaniyanın York hersoqu, şahzadə Endryu noyabrın 23-də Binədəki atçılıq-idman kompleksi ilə tanış olmuşdur.

Qonağa məlumat verildi ki, Azərbaycanda qədim tarixə malik olan atçılıq ənənələrinin bərpası üçün mühüm tədbirlər görülür. Belə layihələrdən biri də Binə atçılıq-idman kompleksinin yaradılmasıdır. 2000-ci ildə istifadəyə verilmiş kompleksdə ilk vaxtlar 26 at var idisə, indi onların sayı 150-dən çoxdur. Yeni atçılıq zavodu, təmiz və işıqlı tövlələr, geniş otlaq sahələri işin müasir tələblər səviyyəsində qurulduğunu göstərir. Zavodda təmizqanlı ingilis, axaltəkə, ərəb və yerli Qarabağ cinsindən olan 50-dək at bəslənilir.

Şahzadə Endryuya "Pərvin", "Pəhləvan", "Muğam", "Azal" və "Padşah" adlı təmizqanlı ingilis, "Tülpar" və "Eymar" adlı ərəb, "Sovqat" adlı Qarabağ atları barədə ətraflı məlumat verildi. Bildirildi ki, bu atlar son illər müxtəlif yarışlarda yüksək nəticələr göstərmişdir.
Komplekslə tanışlıq hörmətli qonaqda böyük maraq doğurdu.

 

 

Azərbaycan.-2008.-25 noyabr.-S.3.