Sosial-iqtisadi yüksəlişin davamlılığına əsaslı təminat yaranıb

 

Azərbaycan kifayət qədər ciddi və məsuliyyətli bir siyasi mərhələni - prezident seçkiləri kampaniyasını uğurla başa çatdırmış, dünəninə, bugününə və sabahına biganə qalmayan ölkə vətəndaşları öz taleyini növbəti beş il müddətində qəlbən inandığı və güvəndiyi siyasi liderə etibar etmişlər. Əminliklə demək olar ki, ötən beş ilin zəngin yekunları, respublikamızın bir çox inkişaf etmiş dövlətlərin uzun illər ərzində keçdiyi inkişaf yolunu qısa müddətdə adlayaraq Cənubi Qafqaz regionunun aparıcı dövlətlərindən birinə çevrilməsi, cəmiyyət həyatının ən müxtəlif sahələrində yüksəliş və tərəqqinin təmin edilməsi ölkə vətəndaşlarının 15 oktyabr tarixli seçimini şərtləndirmiş, xalqın böyük dəstəyini qazanan cənab İlham Əliyev ikinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Xalqın dəyişməz seçimini labüd edən ən başlıca amil isə Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət və xalq qarşısında götürdüyü öhdəliklərə ötən beş ildə tam əməl etməsi, hər bir vədini əməli işi ilə doğrultması, bir sözlə, milli mənafelərə cavab verən siyasət yeritməsidir. 2003-cü ilin 15 oktyabrından ümummilli liderin dövlətçilik kursunu ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev qısa zamanda özü də yeni bir idarəçilik məktəbinin banisinə çevrilmişdir. Azərbaycan Prezidentinin son 5 illik inamlı fəaliyyəti onun Heydər Əliyev ideyalarının, sadəcə, davamçısı deyil, eyni zamanda bu ideyaları yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun inkişaf etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir.

Azərbaycan Prezidenti İlham Əliyev ötən beş ildə hakimiyyətin sosial məsuliyyət prinsipinə söykənərək fəaliyyəti ilə bağlı xalqa müntəzəm hesabat verməsini idarəçilikdə müsbət ənənə kimi müəyyənləşdirmişdir. Bu, bir tərəfdən ictimaiyyətin hakimiyyətə olan etimadını artırırsa, başqa tərəfdən məmur təbəqəsini ümumi məqsədlər uğrunda monolit komanda kimi işləməyə, qarşıya qoyulan vəzifələri çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirməyə sövq edir. Bütün məsələlərdə şəffaflığın tərəfdarı kimi çıxış edən Azərbaycan Prezidentinin təkmil idarəçilik konsepsiyasında da bu mütərəqqi prinsip daim önə çəkilir və özünü praktik fəaliyyətdə göstərir. Hələ hökumətin ilk iclasındakı çıxışında "Biz xalqın xidmətçisiyik" - deyən dövlət başçısı prezidentliyinin birinci dövründə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə nəzərən müəyyənləşdirmiş, ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-cı ilin 9 aylıq yekunlarına həsr olunmuş iclası bunun əyani təsdiqi olmaqla, respublikamızın sosial-iqtisadi siyasət prioritetlərinin düzgün müəyyənləşdirildiyini və uğurla həyata keçirildiyini təcəssüm etdirir.
Yalnız bir faktı vurğulamaq kifayətdir ki, ilin əvvəli ilə müqayisədə Azərbaycanın valyuta ehtiyatları 2,4 dəfə artaraq 17 milyard dollara çatmışdır. Respublikanın əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul istehsalı artmışdır. Eləcə də adambaşına düşən ÜDM istehsalı əhəmiyyətli dərəcədə artaraq 5800 dollar təşkil etmişdir. Hökumətin iclasında dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini vurğulamışdır: "ESon doqquz ay ərzində Azərbaycan iqtisadiyyatı öz dinamik inkişafını davam etdirmişdir. Bizim iqtisadi artım sürətimiz, həmişəki kimi, çox yüksək olmuşdur və ümumi daxili məhsul doqquz ay ərzində 15 faiz artmışdır. Nəzərə alsaq ki, son dörd il ərzində Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada bir nömrəli ölkədir, bu, çox yüksək göstəricidir. Bizim iqtisadi inkişafımız çox sürətli olubdur və belə yüksək sürətin saxlanılması onu göstərir ki, bizim bütün islahatlarımız həm konkret məsələlərin həllinə yönəldilib, həm də ölkəmizin uzunmüddətli inkişafını təmin edir. Dörd il ərzində iqtisadi inkişaf sürətinə görə dünya miqyasında birinci olmaq çox böyük nailiyyətdir. Azərbaycan dövləti öz siyasətini bu istiqamətdə davam etdirəcək və əminəm ki, ölkəmizin uğurlu iqtisadi inkişafı bundan sonra da davam etdiriləcəkdir".

Hesabat dövründə sosialyönümlü strategiyaya sadiqlik nümayiş etdirən dövlət başçısı İlham Əliyev vətəndaşların pensiyalarının, əməkhaqlarının artırılması ilə bağlı siyasətini davam etdirmişdir. 2008-ci ilin yanvarın 1-dən minimum əməkhaqqı və minimum pensiya məbləğinin dövlət başçısı tərəfindən 20 faiz artırılaraq 60 manata, sentyabrın 1-dən isə daha 25 faiz artırılaraq 75 manata çatdırılması 1 milyon 250 minə yaxın pensiyaçının sosial müdafiəsənin gücləndirilməsinə səbəb olmuşdur.

Respublikamızın ötən 5 ildə dinamik inkişafını təmin edən əsas amillərdən biri də neftdən əldə olunan vəsaitlərin regionların davamlı və tarazlı inkişafına yönəldilməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardır. Azərbaycan Prezidentinin hələ 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı son 5 ildə xüsusilə aktual olmaqla, Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, mərkəzdə və əyalətlərdə özəl sektorun yüksəlişi, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirmişdir. Dövlət Proqramı çərçivəsində atılmış ardıcıl addımlar ötən 5 ildə regionlarımızın sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri nəzərəçarpacaq səviyyədə aradan qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə ciddi zəmin yaratmışdır. Respublikamızın mərkəzində olduğu kimi, əyalət şəhərlərində, hətta ucqar rayonlarda, kəndlərdə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, qaz, su, rabitə təminatı kimi sosial-infrastruktur problemlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə yol açmışdır. Nazirlər Kabinetinin iclasında dövlət başçısı həyata keçirilən infrastruktur islahatlarının ölkəyə böyük uğurlar gətirdiyini xüsusi vurğulamışdır: "2008-ci il üçün nəzərdə tutduğumuz bütün tədbirlər icra edilir və nəhəng infrastruktur layihələri - nəqliyyat, energetika, tikinti və digər sahələri əhatə edən infrastruktur layihələri icra olunur. Bu, ölkəmizi böyük dərəcədə gücləndirən amildir. Ölkəmizin bundan sonra uzun müddət ərzində dayanıqlı inkişafını təmin edir və şübhəsiz ki, qeyri-neft sektorunun inkişafına böyük təkan verir. Çünki güclü infrastruktura malik ölkələr, əlbəttə, bu imkanlardan geniş istifadə edirlər. Azərbaycanda son illər ərzində bu sahəyə çox böyük vəsait qoyulmuşdur. Demək olar ki, dövlət xərclərinin böyük əksəriyyəti infrastruktur layihələrinə sərf olunmuşdur. Biz bunun gözəl nəticələrini bu gün görürük. Çoxlu elektrik stansiyaları tikilib, qaz xətləri çəkilib, su və meliorasiya məsələlərinin həlli üçün əməli-praktik işlər görülübdür. Avtomobil yolları, dəmir yolu, hava, dəniz nəqliyyatı - bütün bunların inkişafı göz qabağındadır. Ölkəmizin hərtərəfli inkişafı üçün, regionların inkişafı üçün həyata keçirilən infrastruktur layihələri, eyni zamanda nəhəng transmilli layihələrlə tamamlanır".

Dövlət başçısı ötən beş ildə yüksək siyasi qətiyyət göstərərək Azərbaycan üçün bəzi taleyüklü məsələlərin də həllinə nail olmuş, xüsusən də enerji-kommunikasiya layihələrinin icrası prosesində yeni mərhələ yaranmışdır. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmiş, Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasına başlanılmışdır. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış etməsi də danılmaz reallıqdır. Bu fakt Azərbaycanın dünya üçün önəmini daha da artırır, ölkəmizin Avratlantik strukturlara inteqrasiya rrosesini sürətləndirir. Nazirlər Kabinetinin iclasında dövlət başçısı ölkəmizin enerji təhlükəsizliyinin təmini, habelə qazlaşdırma istiqamətində mühüm irəliləyişlərin olduğunu da xüsusi vurğulamışdır: "...2007-ci ilə qədər biz xaricdən qaz alırdıq və böyük məbləğdə vəsait ödəyirdik. Ancaq ondan sonra görülən tədbirlər nəticəsində biz idxaldan tamamilə imtina etdik. Baxmayaraq ki, bunu etmək o qədər də asan məsələ deyildi. Biz xaricdən 4,5 milyard kubmetr qaz alırdıq. Bir gündə mən qərar verdim ki, biz bu idxaldan imtina etməliyik. Ancaq, əlbəttə, bilirdim ki, biz vəziyyətdən çıxacağıq. Çətin də olsa, vəziyyətdən çıxdıq. Bu gün Azərbaycanda qaz hasilatı artır və biz nəinki özümüzü təmin edirik, qazlaşdırmanı uğurla aparırıq, həm də xaricə qaz ixrac edirik. Yəni 2003-cü ildə Azərbaycanda qaz hasilatı 5,5 milyard kubmetr idi, 2008-ci ildə isə 26 milyard kubmetr qaz hasilatı gözlənilir. Qazlaşdırma 2003-cü ildə 62 faiz idi, 2008-ci ildə 84 faiz təşkil edir. Son beş il ərzində 14 rayonun qaz təchizatı təmin olunmuşdur. Onlardan bir neçəsi heç vaxt, heç sovet dövründə də qaz almamışdır. Böyük xərc çəkərək o ucqar rayonlara qaz xətləri çəkildi. Bu gün Azərbaycanda, işğal olunmuş rayonlardan başqa, elə rayon yoxdur ki, oraya qaz verilməsin. Hər bir rayona qaz verilir. Növbəti illərdə daha çox kəndlərə qaz veriləcəkdir".

Nazirlər Kabinetinin son iclasının yekunları deməyə əsas verir ki, Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə qazandığı yüksək nəticələr dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qıza zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə sadiqliyini sübuta yetirmişdir. Cənab İlham Əliyevin ikinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi isə bu uğurların davamlılığına ən etibarlı təminatdır.

 

 

S.ELMANOĞLU,

 

Azərbaycan.-2008.-26 noyabr.-S.1.