Nailiyyətlərin memarı

 

2003-cü ilin prezident seçkiləri ərəfəsində xalqına müraciət edən ulu öndər İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü, respublikanın gələcək taleyi baxımından vacib olan bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına inandığını ifadə edərək yazırdı: "...Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

 

5 illə fərqlənən eyni gün - ümid və etimad günü

 

2003-cü il 15 oktyabr seçkilərini bir başqa ab-hava, bir özgə ovqat müşayiət edirdi. İllər uzunu özünü yeyib yoxsullaşmış, müflisləşmiş müxalifət siyasi ehtirasları qızışdırmağa nə qədər cəhd göstərsə də, xalq sayıq idi, bir dəfə girmək zorunda qaldığı çirkaba ikinci dəfə bulaşmaq niyyəti yox idi. Həmin seçkilərdə Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin siyasətinə, yoluna, ideyalarına və bir də prezidentliyə namizəd İlham Əliyevin timsalında öz ümidlərinə - övladının sabahından, ailəsinin rifahından, millətinin taleyindən yana bəslədiyi ümidlərə səs verdi.

Həmin seçkilər nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını və alternativsizliyini şərtləndirən amillərin sosial sifarişə əsaslandığını sübuta yetirdi. Xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyevin ötən beş illik fəaliyyəti bu kontekstdən mövcud siyasi strategiyanın varisliyinin təmin olunmasında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

Ölkədəki islahatların davamlılığı, ardıcıllığı, uğurla başa çatdırılması zərurəti hakimiyyət estafetinin bu xətti dəstəkləyən və uğurla başa çatdırmağa qadir yeni liderə - cənab İlham Əliyevə ötürülməsini diktə etmişdi. Heydər Əliyev kimi böyük dühanın ailəsində yetkinləşən, zəngin dövlətçilik məktəbi əxz edən, müasir bilik və təcrübəyə yiyələnən bu kamil şəxsiyyət ulu öndərin layiqli siyasi və mənəvi varisi olmaq üçün cəmiyyətdən lazımi dəstəyi ala bildi.

Azərbaycan xalqı öz səsi ilə bəyan etdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursuna, inkişaf yoluna sadiqdir. Təsdiq etdi ki, cənab İlham Əliyevin beş il ərzində apardığı fəaliyyətin nəticələri onu qane edir, həyati maraqlarına cavab verir. İsbat etdi ki, o kürsü meydan siyasətçilərinin boş çağırışlarını, irreal vədlərini deyil, əsl siyasətin real işə, konkret nəticəyə dayandığını əməli fəaliyyəti ilə sərgiləyən dövlətcil təfəkkürlü bir lideri dəstəkləyir.

Cənab İlham Əliyevin 2003-cü ilin 31 oktyabrında keçirilmiş andiçmə mərasimində "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" vədi onun ulu öndərin dövlətçilik irsinə sədaqətini bir daha nümayiş etdirdi. Həmin möhtəşəm mərasimdə ölkənin yeni dövlət başçısı Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiq xarakterizə etməklə yanaşı, növbəti beş il üçün özünün əsas fəaliyyət prioritetlərini açıqlamışdı: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün sosial rifah!

Prezident İlham Əliyev öz tükənməz enerjisi, zəhmət yanğısı, quruculuq fəlsəfəsi ilə hakimiyyətdə varisliyin yeni, daha bişkin, konkret, əyani və universal modelini ortaya qoydu. Bu model qarşıdakı illərdə Azərbaycanın aqrar, sənaye, sosial, mədəni, bir sözlə, bütün sferalarda kəskin keyfiyyət sıçrayışını nəzərdə tutduğu üçün xalqa daha yaxın idi. "Ən böyük siyasətin real, konkret iş" olduğu özünün bariz təcəssümünü az bir zamanda şəhər və kəndlərimizin abadlaşan simasında, paytaxtda və regionlarda işə salınan müəssisə və sənaye nəhənglərinin timsalında, açılmış 740 mindən artıq iş yerində çalışıb ailəsinə çörək aparan həmvətənlərimizin məmnunluq yağan çöhrəsində, istifadəyə verilmiş 1600 məktəbin divarları arxasında ucalan xoşbəxt uşaq səslərində, tikilmiş 240 müasir səhiyyə ocağında şəfa tapanların dua yağan dodaqlarında, 14 müasir olimpiya idman kompleksində, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə inşa olunan və yenidən qurulan uşaq evlərində isti qucaq, əsl valideyn qayğı və məhəbbəti, nəvaziş görən körpələrin məsum baxışlarında tapır. Bu sıraya paytaxtın qürur mənbəyinə çevrilən möhtəşəm körpüləri, yeraltı keçidləri, təzə salınan yolları, yenidən qurulan bağ və parkları da əlavə etmək mümkündür.

Ötən beş illik fəaliyyətin vətəndaşların və dövlətin mənafeyinə hesablanmış real və konkret nəticələri xalqın müdrik seçiminin ümidləri tam doğrultduğuna dəlalət edir. Prezident İlham Əliyevin əldə etdiyi böyük siyasi nailiyyətlər sistemli və düzgün koordinasiya olunmuş fəaliyyətin məntiqi nəticəsi kimi diqqəti çəkir.
2008-ci il oktyabr ayının 15-də xalq yenə də seçki məntəqələrinə axışdı. Ölkə vətəndaşları öz prezidentlərini seçmək üçün heyrətamiz mütəşəkkillik, qibtəediləcək yekdillik və möhkəm iradə nümayiş etdirdilər.

 

Nə üçün məhz O?!

 

Dedilər, ayı meşədən küsüb, meşənin xəbəri yoxdur. İndi meşə neyləməli idi, baytar kimi qalxıb meşədə məskunlaşmış cümlə heyvanatın kefinimi xəbər almalı idi? Məsəli hansının ata, hansınınsa ana olduğunu hələlik özlərinin də ayırd edə bilmədikləri ölkə müxalifətindən iraq. Zira, elə müxalifətin bu cığal kəsimi seçkiləri boykot etməklə düşündü ki, vəssalam, nə seçkiyə gələn olacaq, nə də onun nəticələrini tanıyan. Fəqət yanıldı. Və situasiyanı dramatikləşdirən də bu adamların nəinki yanılacaqlarını, lap yanacaqlarını da çox-çox əvvəldən bilmələri idi. Onlar əmin idilər ki, az qala iki onilliyin miskin müxalifçiliyi, yaşadıqları və millətə yaşatdıqları bir illik məşum iqtidar aqibəti, xalqa təmənnalı və ehtikar münasibət siyasi karyeralarına iri və ləkəli bir nöqtə qoyub. İdeoloji mübarizə üsulları aktuallığını itirmiş, siyasi varidat sarıdan zahid, bir qüvvə kimi bivec və nimdaş müxalifətin siyasi tarix tərəfindən arxiv malı edilib təqaüdə göndərildiyini ölkə vətəndaşlarının 15 oktyabr prezident seçkilərinə və seçdikləri Prezidentə isti münasibəti də isbatladı.

İnkar edilməsi mümkünsüz həqiqətdir ki, Azərbaycan cəmiyyəti həmişə ictimai hadisə və münasibətlərə tolerant münasibətilə seçilib. Əksideoloji səngəri, fərqli düşüncə tərzini bölüşən siyasi qüvvələr də bu qəbildən istisna deyillər. Cənab İlham Əliyev həmişə ölkənin inkişafı ilə bağlı alternativ konsepsiyalar irəli sürməyə qabil sağlam, konstruktiv müxalifətlə əməkdaşlığın mümkünlüyünü bəyan edib. Eyni xoş məram Prezidentin oktyabrın 24-də Heydər Əliyev adına sarayda keçirilmiş andiçmə mərasimində söylədiyi nitqində də səsləndi. Seçkilərdə onu dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə təşəkkürünü bildirən dövlət başçısı həmin istəyini belə ifadə etdi: "Mən ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, yeni ənənələri Azərbaycana gətirəcək və bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız sivil yollarla aparılacaqdır".

Etiraf olunmalıdır ki, cənab İlham Əliyevin qələbəsi Azərbaycanda beş ildən bəri davam edən inkişaf proseslərinin məntiqi nəticəsi idi. Həmin proseslər özündə çox geniş bir fəaliyyət məcrasını, palitrasını ehtiva edir. Yeni neft strategiyasının daha effektli bir şəkildə davam etdirilməsi, görünməmiş iqtisadi sıçrayış, aqrar sahədə əhəmiyyətli revanş, regionların möhkəm iqtisadi zəminlər üzərində artan sosial-mədəni potensialı, qəbul edilərək həyata keçirilən ən müxtəlif dövlət proqramları, ölkə coğrafiyasını əhatə edən nəhəng quruculuq işləri, infrastruktur layihələri, abadlıq tədbirləri... Saymaqla qurtaran deyil. Məhz bu sahələrdə əldə edilmiş uğurlar ölkə vətəndaşlarını öz seçimlərini həmin nailiyyətlərin tək memarı İlham Əliyevin üzərində saxlamağa sövq etdi.

Güclü, mobil və yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı hökumət qarşısında duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə yeni dövrün ən səciyyəvi cəhəti kimi, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkdi.

Sosialyönümlü siyasət yeridən Prezident İlham Əliyev ötən beş il ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sərgilədi. O, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldırılması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atdı.

 

İdarəetmədə xəlqi başlanğıc

 

O hakimiyyət daimi, güclü, yenilməzdir ki, xalqa söykənib, qüvvəsini onun birliyindən alır, mandatını hər bir fərdin iradə və etimad tərcümanı olan səsi ilə əldə edir. Politoloji müntəxəbatın bu sadə olduğu qədər də imperativ postulatı hakimiyyət ustası Heydər Əliyevin siyasi idarəetmə fəlsəfəsinin aparıcı qayə və prinsipinə çevrilmişdi. Cənab İlham Əliyev həmin incə hikməti əxz etməklə kifayətlənməmiş, bu məxəzi idarəetmə fəaliyyəti və dövlətçilik təcrübəsinin novator çalarları ilə daha da zənginləşdirmişdir.

"Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam. Əgər xalq mənim fəaliyyətimi dəstəkləyirsə, inanırsa, bu, ən böyük mükafatdır". Xalqın dəstəyini dövlət başçısı kimi öz fəaliyyətinin münbit stimulu, hakimiyyətin sütunu və dövlətin inkişaf konsepsiyasının sosial sifarişçisi hesab edən Prezident bu cür düşünür və oktyabrın 24-də andiçmə mərasimindəki nitqində eyni yöndən səsləndirdiyi növbəti fikir də az əhəmiyyətli deyil: "... Bütün bunları biz Azərbaycan xalqının dəstəyi ilə etmişik. Mən müxtəlif istiqamətlərdə atılan bütün bu addımları xalqla məsləhətləşmələr apararaq etmişəm".

Cənab İlham Əliyev, yəqin ki, azlıqda qalan o dövlət başçılarındandır ki, kabinetdə oturmağı xoşlamır, iş təqviminin xeyli hissəsini bölgələrə səfərlərdə keçirir, ölkənin sosial-iqtisadi infrastrukturu üçün mühüm əhəmiyyət kəsb edən obyektlərin açılışında iştirak edir. Müasir siyasi lider və menecer təfəkkürlü hakimiyyət başçısına xas olan məziyyətlərin uğurlu simbiozu özünü onun idarəetmə təcrübəsində bu cür pozitiv və novatorçu yöndən sərgiləyir.

Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin tələbkarlığı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Xalqı seçkidən-seçkiyə yada salan bəzi siyasi qüvvələrdən fərqli olaraq, Azərbaycan Prezidentinin bölgələrə səfərləri kampaniyaçılıqdan tamamilə uzaq olub onun təkmil idarəçilik üslubuna çevrilmişdir.

Xalqla dialoq, möhtəşəm layihələrin geçəkləşdirilməsində bu tükənməz ilham mənbəyinə müraciət və istinad bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı Prezidentin nitqində bir daha qirmızı xətlə keçmişdir: "Bizim bütün proqramlarımız xalq tərəfindən dəstəklənir. Əks təqdirdə onların heç biri həyata keçirilə bilməzdi. Əgər bu dəstək olmasaydı, əgər həmrəylik olmasaydı, bizim təşəbbüslərimiz xalq tərəfindən dəstəklənməsəydi, bunların heç birini edə bilməzdik. Azərbaycanın müasir tarixi, bizimlə eyni taleyi yaşayan digər ölkələrin tarixi onu göstərir ki, harada iqtidar tərəfindən irəli sürülmüş təşəbbüslər xalq tərəfindən dəstəklənirsə, orada həm həmrəylik var, həm sabitlik, həm də inkişaf var".

Bu bir həqiqətdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hakimiyyət uzunömürlüyünün formulu, iksiri onun iliyinə, qanına qədər xəlqi mündəricə daşımasında, dövlətin taleyindən yana prinsipial məsələlərin həllində xalqın iradə və səsinə istinad etməsindədir. Prezident İlham Əliyev bu hikməti sadəcə dəyərləndirməklə kifayətlənmədi, onu gündəlik fəaliyyətinin vazkeçilməz imperativinə çevirməyi bacardı ki, bu da öz bəhrəsini 15 oktyabr seçkilərində, belə demək mümkünsə, bol səs məhsulu ilə verdi.

 

Siyasətdə novator amplua

 

Dövlət başçısı cənab İlham Əliyev yeni tipli, yeni nəsil, idarəetmədə siyasi menecment elementlərindən barınmağa üstünlük verən Qərbyönümlü siyasətçilərdəndir. Yuxarıdakı "yeni" təyini özündən əvvəlki siyasətçilər sülaləsindən köklü şəkildə fərqlənən novator, proqressiv, mahiyyət və mündəricəsi etibarilə tam fərqli pozitiv prinsipləri ehtiva edir. Bu, iqtisadi təfəkkürlə düşünməyi bacaran və bunu siyasi konyunkturun fövqünə qaldıran, başqa sözlə desək, siyasəti əməli fəaliyyətin vasitəsinə çevirən bir siyasi təmayüldür. Vaxtilə layiq görüldüyü AŞ PA-nın "Şərəf və ləyaqət" ordeni onun siyasətçi ampluasına verilən ən dəqiq beynəlxalq qiymətdir.

Bəli, Əliyevlər hakimiyyətdə məhz kimin ifadə olunmasına sivil yanaşma mədəniyyəti bərqərar etdilər. Çünki dövlətin birinci şəxsinin kim olmasında məhz funksionerlər maraqlıdırlar. Xalqı isə birinci şəxsin necə işləyəcəyi, bu fəaliyyətin onun rifahında necə əks olunacağı daha çox maraqlandırır. Cənab İlham Əliyev nəinki ötən beş ildə, daha dəqiq ifadə etsək, ulu öndərin ona dövlət hakimiyyətində mühüm bir post etibar etdiyi gündən məhsuldar, effektiv fəaliyyəti ilə personasına ümumxalq maraq və inamı oyatmağı bacarmışdı. Bu inamı qidalandıran, ona yaşamaq hüququ verən əsas amil Prezidentin siyasətə və vəzifəyə məqsəd kimi deyil, məhz ali bir vasitə - xalqına, millətinə, torpağına, dövlətinə namuslu bir fərd kimi xidmət etməyə geniş imkanlar açan vasitə kimi yanaşmasıdır. Ölkə başçısının beş illik fəaliyyətinin məhvərində vaxtilə söylədiyi və ötən dövrün qazanılmış uğurlarının timsalında çox əyani şəkildə təzahür edən belə bir konseptual-əməli formul durur: "Mənim siyasətim ondan ibarətdir ki, əməli-praktiki işlərlə məşğulam. Azərbaycana xarici investisiyalar cəlb etməklə, yeni iş yerlərinin açılması ilə məşğulam. Mənim aləmimdə siyasət belə olmalıdır. Yəni, siyasət hansısa konkret nəticə ilə yekunlaşmalıdır... Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir".

Praqmatizm, səmimilik, siyasi iradə və qətiyyətlilik, məqsədyönlülük, mütərəqqi islahatlara meyillilik, öz siyasətini reallaşdırarkən hər bir fərdin, qrupun, ümumilikdə toplumun maraqlarını nəzərə almaq qabiliyyəti kimi mühüm keyfiyyətlər Prezident İlham Əliyevin fenomen siyasi lider obrazını şərtləndirən mühüm elementlər sırasında xüsusi vurğulana bilər. Azərbaycan Prezidentinin ötən dövr ərzində inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, böyük entuziazmla həyata keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik qabiliyyətinin və mükəmməl iş təcrübəsinin əyani təzahürü kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyev öz addımlarında ehtiyatlı və təmkinlidir, ölçüb-biçmədən, götür-qoy etmədən addım atmır. Müxalifətdən fərqli olaraq, populist, heç nəyə vadar etməyən vədləri sağa-sola səpələmir. Onun başçılığı ilə yeni işgüzar və siyasi elitanın, maliyyə elitasının respublikanın hakimiyyət strukturlarına axını prosesi başlamışdır. Və bu gün peşəkarlar nəyə qadir olduqlarını bir çox nazirliklərdə, digər yüksək vəzifələrdə əyani şəkildə nümayiş etdirirlər.

Cənab İlham Əliyevin ötən beş ildə ölkədə siyasi barışığın, vətəndaş həmrəyliyi və sülhünün təmin olunması, əksqütblü qüvvələr arasında etimad mühitinin formalaşdırılması istiqamətində atdığı addımlar onun ədalətli rəhbər obrazını şərtləndirən amillər sırasında xüsusi vurğulana bilər. Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunub adı qondarma "siyasi məhbus" siyahısından çıxmayan cinayətkarların əfv olunması böyük qəlbin və humanizmin nişanəsi, cəmiyyətdə iqtidar əleyhinə qeyri-sivil mübarizəni dövlət və dövlətçilik əleyhinə müharibəyə çevirən insanlara milli barış mesajıdır. Ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezidentin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlardır. Və belə bir aşkar politoloji yekuna iddia etməklə yanılmarıq ki, ötən müddət ərzində cənab İlham Əliyev ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə yüksəltmişdir.

Açıqlıq və ünsiyyətcillik, diplomatiyanın əsaslarına bələd olması cənab İlham Əliyevə dünyanın ən nüfuzlu dövlətlərinin işgüzar və maliyyə dairələrində çoxlu şəxsi əlaqələr, dostluq münasibətləri yaratmağa imkan verib. Nəticədə isə bütün bu əlaqə və münasibətlər milli iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə axınına kömək edib. Milli iqtisadiyyatımız isə müstəqil ekspertlərin fikrincə, indi ən sabit və dinamik inkişaf edən iqtisadiyyatlardan biridir. Bir sözlə, beş illik çoxcəhətli fəaliyyəti prizmasından nəzər saldıqda, qeyd olunmalıdır ki, İlham Əliyev siyasətdə, iqtisadiyyatda, diplomatiyada, ictimai fəaliyyətdə özünü tam bir örnək kimi təsdiq etmiş dövlət başçısıdır.

Bəli, bu gün konkret işlər zamanıdır. Aktual problemləri həll etməyi, qarşıya qoyulmuş məqsədlərə çatmağı bacaran, məsuliyyət altına girməkdən qorxmayan adamların zamanıdır. Bu gün peşəkarların zamanıdır.

 

Demokratiya və modernləşmə yolu ilə

 

Ulu öndər Heydər Əliyev cəmiyyətin bütün təbəqələrinin sosial və siyasi mənafelərini özündə ehtiva etməyə qadir, demokratikləşmə prosesinin fundamental prinsiplərinə əsaslanan, keçid dövrünün xarakterik keyfiyyətlərini nəzərə alan demokratik idarəetmə sistemini formalaşdırmaqla, əslində, mükəmməl dövlət idarəçiliyi məktəbi yaratmışdı. Ümummilli lider siyasi plüralizm, mətbuat azadlığı, insan hüquqları kimi bütün dünyanın qəbul etdiyi ali meyarları davamlı sabitliyin, tərəqqinin və inkişafın vacib şərtləri kimi qiymətləndirirdi və belə bir yanaşma Azərbaycanın çox qısa vaxt ərzində demokratik dövlətlər sırasına daxil olmasına gətirib çıxardı.
Prezident İlham Əliyevə xas idarəçilik metodunda da demokratik ənənələrin davam etdirilməsi və mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyası üstünlük təşkil edir
. Dövlət başçısı yaxşı bilir ki, ölkənin inkişafının yeganə düzgün yolu demokratiyadan keçir. Müasir qloballaşan dünyada olduğu kimi, Azərbaycanda da zaman islahatların və demokratik inkişafın xeyrinə işləyir. Bu qəbildən Prezidentin ötən beş ildə yeritdiyi siyasət bunu deməyə əsas verir ki, Azərbaycan öz inkişafının Qərb modelini müəyyənləşdirərək demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük verir.

İnsan hüquqlarının maksimal müdafiəsini nəzərdə tutan bu addımlar özündə həm də humanist dəyərləri, mütərəqqi prinsipləri ehtiva edir. Buna əyani misal kimi cənab İlham Əliyevin ötən beş ildə imzaladığı əfv fərmanları və amnistiya aktlarının adını çəkmək olar. Həmin addımlar Azərbaycanda kifayət qədər oturuşmuş və demokratik siyasi sistemin mövcudluğunu təsdiqləməklə yanaşı, dövlət başçısının idarəçilik fəlsəfəsində humanizm və insanpərvərlik ideyalarının parlaq bir xətt təşkil etdiyini göstərir.

Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafı ilə paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Azərbaycan Prezidentinin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. Cənab İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır. Dövlət başçısı 28 may Respublika Günü münasibətilə xalqa müraciətində bu mövqeyini bir daha açıqlamışdır: "Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir".

Azərbaycan xalqı bu gün yüksək iradə, həmrəylik və əzmkarlıq nümayiş etdirərək bəşər sivilizasiyasının yüksək idealı olan azadlığı, ədaləti və demokratiyanı özünün inkişaf yolu seçmişdir. Nəticədə müstəqil Azərbaycan bu gün hüquqi dövlət ideyasının reallaşdığı, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif millətlərin dilinin, dininin, mədəniyyətlərinin qovuşduğu tolerant məkana çevrilməkdədir. Hər ötən illə müqayisədə Azərbaycanda demokratik dəyişikliklərin həyatımıza tətbiqolunma tempi artan xətt üzrə inkişaf edir. Vətəndaş cəmiyyətinin sürətlə bərqərar olduğu bir şəraitdə cəmiyyət üzvlərinin hüquq və azadlıqlarının, borc və vəzifələrinin düzgün dərki, sosial və siyasi fəallığın artmasını tarixi zərurətə çevirir.

 

Missiya

 

Azərbaycan yeni yolun başlanğıcındadır. Bu yol genişdir, perspektivlidir, lakin hamar və rahat deyil. Yanında vəfalı, fədakar dostları var, fəqət xoş gününə darılanlar da az deyil. Bir şey ürəyimizi ovundurur, narahatlığımıza su çiləyir ki, xalqımız öz taleyini 15 ildən bəridir etibarlı əllərə etibar edir. Bu gün istisnasız olaraq cəmiyyətin hər bir üzvü dərk edir ki, ölkəsini qarşıdakı beş ildə cizdiyi geoiqtisadi və geosiyasi üfüqlərə yetişdirə biləcək tək şəxs İlham Heydər oğlu Əliyevdir.
Vaxtilə geriyə boylanaraq görülmüş böyük işlərə və perspektivdə bizi gözləyən üfüqlərə nəzər atan Heydər Əliyev deyirdi: "Bütün bu işləri biz başladıq, biz də başa çatdıracağıq". Bu, ümummilli tərəqqi proqramını, həyata keçirilən kompleks islahatlar xəttini ehtiva edən bir tezis idi. Azərbaycan insanı dərk edir ki, başından qovğası əskik olmayan bu ölkənin, tarixin daim sınaqlara, imtahanlara ürcah etdiyi bu xalqın yeganə xilas yolu Heydər Əliyev ideallarının yanında olmaq, tək ümid-pasibanı onun açıb qoyduğu geniş yoldan sarpmamaqdır. Bu yolun perspektivini, inkişafını ulu öndərin özü belə görürdü: "Mən seçici olsaydım, İlham Əliyevə səs verərdim".

- Müasir Azərbaycan Heydər Əliyevin əsəridir - söyləyən cənab İlham Əliyev minnətdar olmağı bacaran insan, siyasətçidir. O, Azərbaycan xalqının və özünün qazandığı bütün uğurların memarının məhz ümummilli lider Heydər Əliyev olduğunu yorulmadan və dönə-dönə etiraf və bəyan edir.

Əgər Heydər Əliyev Azərbaycanı kül içindən gül kimi dikəltdisə, onu ətalətin pəncəsindən xilas edib əmin-aman, sabitqədəm, müstəqil bir ölkəyə çevirdisə, İlham Əliyev bu müstəqilliyin həqiqiliyini, yaşarılığını, dönməzliyini təmin etdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi, iqtisadiyyatın artım tempi və beynəlxalq nüfuzuna görə dünyada öncül mövqelərə çıxartdı. Elə bir ənənənin təməlini qoydu, nümunə yaratdı ki, nəinki Şərq, hətta Qərb siyasi isteblişmentində də ondan istifadə ictimai məzəmmət deyil, qürur və iftixar kimi dəyərləndirilə bilər.

Seçimin mübarək, Vətən oğlu! Uğurun xeyir, Azərbaycan xalqı! Gözün aydın, Azərbaycan!

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.-2008.-26 noyabr.-S.2.