2009-cu ilin dövlət büdcəsi layihəsi təsdiq edildi
Noyabrın 25-də Azərbaycan Respublikası
Milli Məclisinin növbəti iclası keçirildi. İclası açan Milli
Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, "Azərbaycan Respublikasının
2009-cu il dövlət
büdcəsi haqqında"
qanun layihəsi və büdcə zərfinə daxil olan digər məsələlər bir
neçə gün ərzində parlamentdə
geniş müzakirə
olunmuşdur. Müzakirələr zamanı çıxış
edən deputatlar, hökumət üzvləri
ölkəmizin son dövrlərdə
qazandığı nailiyyətlər
haqqında əsaslandırılmış
statistik məlumatlar da verdilər. Bəzi makroiqtisadi göstəricilərə bir
daha nəzər salan spiker dedi
ki, 2003-2008-ci illərdə
Azərbaycanda ümumi
daxili məhsul 7,2 milyard manatdan 30,4 milyard manata çatmış, artım
4,2 dəfə olmuşdur.
Adambaşına düşən ÜDM-in miqdarı isə
2003-cü ildə 888 manatdan
2008-ci ildə 3554 manata
çatmışdır. Bu illər ərzində dövlət büdcəsi
10 dəfədən çox
artmış, yoxsulluğun
səviyyəsi 49 faizdən
16 faizə düşmüş,
ölkədə 730 mindən
artıq yeni iş yeri açılmışdır.
Bütün bunlar Azərbaycan
Respubliksının Prezidenti
cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının
bəhrələridir.
İclasda hökumət üzvləri
ötən müzakirələrdən
sonra 2009-cu ilin dövlət büdcəsi
layihəsinə və
büdcə zərfinə
daxil olan digər məsələlərə
edilən dəyişikliklər
barədə məlumat
verdilər. Azərbaycan Respublikasının maliyyə
naziri Samir Şərifov bildirdi ki, Azərbaycan Respublikasının 2009-cu il dövlət və icmal büdcə
layihələrinin Milli
Məclisin plenar iclaslarında müzakirəsi
zamanı 56 deputat çıxış etmişdir.
Deputatlar çıxışlarında
qanunvericilik bazasının
və büdcə prosesinin təkmilləşdirilməsi,
vəsaitlərin istifadəsində
dövlət və ictimai nəzarətin, əhalinin maddi rifah halının yüksəlməsi, ölkənin
müdafiə, elm, təhsil,
səhiyyə, mədəniyyət,
idman və aqrar sahələrdə potensialından daha da səmərəli istifadə edilməsi, qeyri-neft sektorunun inkişafının təşviqi
və ölkə regionlarının inkişafı
kimi mühüm dövlət tədbirlərinin
yerinə yetirilməsi
istiqamətində təklif
və tövsiyələr
irəli sürmüşdülər.
Müzakirələrin gedişində bəzi
diqqəti çəkən
məsələlərə münasibət bildirən
Samir Şərifov öncə dövlət proqramlarının icrası
ilə bağlı səslənən fikirlərə
aydınlıq gətirdi.
Qeyd olundu ki, büdcə
ilə əhatə olunan bütün dövlət proqramları
büdcə zərfinə
əlavə olunmuşdur.
2007-ci ildən başlarayaq bütün dövlət proqramları
funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq dövlət büdcəsi zərfinə
əlavə edilir.
O cümlədən 2009-cu ilin
büdcə zərfinin
üçüncü kitabında
bütün dövlət
proqramları öz əksini tapmışdır.
Ümumiyyətlə, deputatlar tərəfindən
irəli sürülən
təklif və tövsiyələrin diqqətlə
öyrənildiyini deyən
Samir Şərifovun sözlərinə görə,
bununla bağlı dövlət başçısına
məruzə olunmuşdur. Büdcə imkanları
daxilində həmin məsələlərin ən
vaciblərinin həlli
cənab Prezident tərəfindən hökumətə
tapşırılmışdır.
Bu məsələlərdən biri mövcud makroiqtisadi şəraitlə
bağlı Azərbaycan
Milli Bankı tərəfindən həyata
keçirilən pul-kredit
və məzənnə
siyasəti nəticəsində
bankın artmış
valyuta ehtiyatlarının
yenidən qiymətləndirilməsi
hesabına Milli Bankda məzənnə zərəri ilə bağlı yarana biləcək kapital çatışmazlığının "Milli Bank haqqında" Azərbaycan Respublikası
Qanununun 14-cü maddəsinə
uyğun olaraq tənzimlənməsidir. Bunu
nəzərə alaraq
2009-cu ildə Milli Bankın kapital çatışmazlığının tənzimlənməsi məqsədilə
onun nizamnamə kapitalına uzunmüddətli
dövlət borc öhdəliklərinin yerləşdirilməsi
üçün "Azərbaycan
Respublikasının 2009-cu il
dövlət büdcəsi
haqqında" qanun layihəsinin 14-cü maddəsində
nəzərdə tutulan
dövlət daxili borclanma limitinin yuxarı həddinin artırılması təklif
olunur.
Bir sıra
xərclərin artırılması
ilə bağlı təkliflərə münasibət
bildirən maliyyə naziri dedi ki,
bəzi tələb edilən artımlar və qarşıya qoyulan vəzifələr həm fiziki iş həcmi, həm maliyyə tutumu, həm də həyata keçiriləcək işlər
baxımından o qədər
böyükdür ki,
onları nəinki bir büdcə ilində, hətta orta müddətli dövrdə həyata keçirmək imkan xaricindədir. Ona görə bəzi
məsələlərə baxılmamışdır və
onlar növbəti illərdə öz həllini tapacaq. Bununla belə, büdcə zərfi Milli Məclisdə müzakirə olunduğu ərəfədə büdcə
ilə əlaqəsi olan bir sıra
normativ hüquqi aktlar qəbul edilmiş, ayrı-ayrı
məsələlərin maliyyə
təminatı ilə
bağlı ölkə
rəhbərinin müvafiq
tapşırıqları olmuşdur
ki, onların da 2009-cu ilin dövlət büdcəsi
layihəsi çərçivəsində
nəzərə alınması
məqbuldur. Samir Şərifov 2009-cu ilin dövlət büdcəsi layihəsi çərçivəsində bir sıra xərclərlə
bağlı edilməsi
zəruri olan dəyişiklikləri diqqətə
çatdırdı. Nazir
ilk olaraq ölkə Prezidentinin müvafiq tapşırıqları, habelə
müzakirələr zamanı
deputatların səsləndirdiyi
təkliflər və
Hesablama Palatasının
rəyi nəzərə
alınmaqla dövlət
büdcəsi layihəsində
xarici valyutaların məzənnə fərqinə
görə yaranmış
zərərlə bağlı
xərc maddəsində
edilən dəyişikliklər
barədə məlumat
verdi. Samir
Şərifov bildirdi ki, bütövlükdə
ayrı-ayrı xərclərin
tənzimlənməsi üçün
ayrılan vəsaitin
3 milyon manatının
sosial tədbirlərin
əlavə maliyyələşdirilməsinə,
o cümlədən elm, təhsil,
səhiyyə, mədəniyyət,
incəsənət, kütləvi-informasiya
vasitələri, bədən
tərbiyəsi və
gənclər siyasəti
ilə bağlı tədbirlərə yönəldilməsi
nəzərdə tutulur.
Vəsaitin yerdə qalan 3 milyon 805 min manatı isə mənzil-kommunal təsərrüfatı,
sənaye və tikinti, qanunvericilik, icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının saxlanılması
xərclərinə yönəldiləcəkdir.
Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri
Ziyad Səmədzadə
bildirdi ki, parlamentin İqtisadi siyasət daimi komissiyası müzakirələr
zamanı səslənən
təklifləri digər
daimi komissiyalarla birlikdə araşdırmış
və hökumət üzvləri ilə məsləhətləşmələr aparmışdır. 2009-cu ilin
dövlət büdcəsi
layihəsi "Büdcə
sistemi haqqında"
qanunun tələblərinə
tam cavab verir və onun qəbulu
məqsədəuyğundur. Ziyad Səmədzadənin sözlərinə
görə, 2009-cu ilin
dövlət büdcəsi
layihəsi Azərbaycanın
milli maraqlarına, ölkənin iqtisadi təhlükəsizliyinin təmin
edilməsinə, qarşıda
duran sosial və iqitsadi vəzifələrin uğurla
həyata keçirilməsinə
xidmət edir.
Bununla da Milli Məclis
"Azərbaycan Respublikasının
2009-cu il dövlət
büdcəsi haqqında"
qanun layihəsini təsdiq etdi.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov "Azərbaycan
Respublikasının Dövlət
Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında"
qanun layihəsi ilə bağlı məlumat verdi.
Bildirdi ki, qanun layihəsi
ilə bağlı Milli Məclisdə aparılan müzakirələrin
gedişi bir daha göstərdi ki, əhalinin aztəminatlı təbəqələrinin
sosial müdafiəsinin
gücləndirilməsi məsələsi
deputatların daimi diqqət mərkəzindədir.
Müzakirələr zamanı bir
çox təkliflər
və tövsiyələr
səsləndirilmiş, onların
bəziləri qanun layihəsində nəzərə
alınmışdır. Səlim Müslümov bu dəyişikliklər barədə ətraflı
məlumat verdi.
Bundan sonra "Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi haqqında"
qanun layihəsi təsdiq edildi.
Parlament 2009-cu ilin
büdcə zərfinə
daxil olan digər məsələləri
- "Azərbaycan Respublikasında
2009-cu il üçün
yaşayış minimumu
haqqında", "Azərbaycan
Respublikasında 2009-cu il
üçün ehtiyac
meyarının həddi
haqqında", "Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına müddətli
vergi güzəştlərinin
verilməsi haqqında"
2001-ci il 27 noyabr tarixli 222-IIQ nömrəli
Azərbaycan Respublikası
Qanununun qüvvədə
olma müddətinin uzadılması barədə"
qanun layihələrini,
"Azərbaycan Respublikası
Milli Məclisinin
2009-cu il üçün
xərclər smetası
haqqında" və
"Azərbaycan Respublikası
Hesablama Palatasının
2009-cu il üçün
xərclər smetası
haqqında" Azərbaycan
Respublikası Milli Məclisinin qərar layihələrini də təsdiq etdi.
Milli Məclisin
Sədri Oqtay Əsədov 2009-cu ilin büdcə zərfinə
daxil olan məsələlərin müzakirəsində
fəal iştirak etdiklərinə görə
deputatlara təşəkkür
edərək, ölkənin
əsas maliyyə sənədi olan "Azərbaycan Respublikasının
2009-cu il dövlət
büdcəsi haqqında"
qanun layihəsinin qəbul olunması münasibətilə onları
təbrik etdi.
Azərbaycan .-2008.-26 noyabr.-S.3.