Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir

 

AzərTAc xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilmişdir.

İclasda Rəhim Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 2 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin, cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Kərim Məmmədovun Rəhim Zülfüqarova qarşı torpaq sahəsindən çıxarılması, tikintinin sökülməsi və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 2007-ci il 2 avqust tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Mülki Prossesual Məcəllənin 416-cı, 418.4.5-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin və işə Azərbaycan Respublikası mülki prossesual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir oluna bilməz.

 

 

Azərbaycan.-2008.-26 noyabr.-S.3.