Kitabxana Assosiasiyaları
və İnstitutları
Beynəlxalq Federasiyasının
prezidenti Ellen Tisen Prezident Kitabxanası ilə tanış olmuşdur
AzərTAc xəbər
verir ki, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının
(İFLA) prezidenti xanım
Ellen Tisen Bakıya işgüzar səfəri
çərçivəsində noyabrın 25-də Prezident
Kitabxanası ilə tanış
olmuşdur. Kitabxananın
direktoru Mayıl Əhmədov artıq 5 ildir fəaliyyət göstərən bu elm ocağının tarixi, strukturu, fəaliyyəti, kitab fondu barədə
məlumat vermiş, qonağı başçılıq
etdiyi qurumla tanış
etmişdir. O, ümummilli
lider Heydər Əliyevin ölkəmizdə
Prezident Kitabxanası yaradılması barədə
qərarından sonra özünün İFLA-nın
Qlazqo şəhərində
keçirilən 68-ci konfransında
iştirakından, Prezident
Kitabxanasına daxil olan kitabların Elektron Kataloqa daxil edilməsindən və burada Avtomatlaşdırılmış Kitabxana Proqramı yaradılmasından danışmışdır.
Direktor Prezident İlham Əliyevin iki il əvvəl kitabxanada olması, dəyərli məsləhətləri ilə
onun fəaliyyətinə
dəstək verməsi
haqqında söhbət
açmışdır. Ölkəmizin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın kitabxana ilə tanış olmasını,
görülmüş işlərlə
maraqlanmasını diqqətə
çatdırmışdır.
Xanım E.Tisen Prezident Kitabxanasının fondunda
dövlət quruculuğu,
ölkəşünaslıq, ictimai-siyasi, hüquqi, iqtisadiyyat, incəsənət,
ədəbiyyatşünaslıq, dilçilik bölmələrinə
maraqla tamaşa etmişdir. Qonaq kitabxananın şəraiti,
şöbələrin fəaliyyəti
ilə tanış
olmuşdur. Kitabxananın fondundan, otaqların
müasirliyindən, səviyyəsindən
razı qalan xanım Ellen bu elm ocağı barədə müsbət fikirlər söyləmişdir. O bildirmişdir
ki, İFLA-nın növbəti konfransında
Azərbaycan kitabxanalarının
İFLA-da geniş təbliği və əməkdaşlığın hərtərəfli inkişafı
üçün əlindən
gələni edəcəkdir.
Görüş çərçivəsində E.Tisen jurnalistlərin və əməkdaşların
suallarına cavab vermişdir. O, ümumiyyətlə,
dünyanın heç
bir yerində azərbaycanlıların qonaqpərvərliyi,
sevgisi qədər xoş münasibət görmədiyini bildirmişdir.
Azərbaycan.-2008.-26 noyabr.-S.3.