Azərbaycanın bank sistemi bütün istiqamətlərdə stabildir, böhrana davamlıdır

 

Yerli və xarici jurnalistlərin iştirak etdiyi mətbuat konfransını Milli Bankın mətbuat xidmətinin rəhbəri Kamran Nəzirli açıq elan edərək dünyada gedən maliyyə böhranı fonunda Azərbaycanın bank sektorunun fəaliyyəti ilə bağlı qəzetlərdə dərc edilən yazıların, məlumatların və analitik məqalələrin bəzi hallarda reallıqdan uzaq olması, ölkədə mövcud bank sistemində aparılan islahatların və həyata keçirilən tədbirlərin bəzən düzgün qiymətləndirilməməsinin cəmiyyətdə və bank müştəriləri arasında ajiotaja səbəb olmasını bildirmişdir.

Bu məsələ ilə bağlı Avtandil Babayev geniş çıxış etmişdir. O, Azərbaycanda bank sisteminin mövcud vəziyyəti və həmçinin qlobal maliyyə böhranının ölkənin bank sisteminə təsirləri barədə məlumat verərək demişdir ki, son vaxtlar internet səhifələrində, ayrı-ayrı qəzetlərdə reallığı əks etdirməyən yazıların dərci bank sistemi kimi həssas və incə sferada müəyyən çətinliklər yaradır, əmanətçilərin, iş adamlarının davranışına bu və ya digər dərəcədə mənfi təsir edir. Sonra o, çıxışında dünya banklarının təcrübəsinə toxunaraq yeridilən pul, məzənnə və maliyyə siyasətinin əsas tənzimləmə alətinin şəffaflıq olduğunu demiş, məlumatın düzgün şərh olunmasının zəruriliyini bildirmişdir.

Ümumiyyətlə, tədbirdə mövcud bank sistemindəki sabitlik və onun böhran faktorlarına dözümlüyünün fundamental səbəbləri misallarla şərh edilmiş, ümumi, makro və mikroiqtisadi durum analiz olunmuş, avqust-sentyabr aylarından başlayaraq qlobal maliyyə böhranının fəsadlarını aradan qaldırmaq üçün dünyanın bank sistemlərində həyata keçirilən tədbirlərin Azərbaycanın bank sisteminə təsirindən danışılmışdır. Qeyd edilmişdir ki, son dövrlər dünyanın bank sistemində böhranın vüsət almasına əsas səbəb "təhlükəsizlik yastığı" deyilən tədbirlər paketinin kamil olmamasıdır. Odur ki, Azərbaycan hökuməti məhz belə bir "təhlükəsizlik yastığının" tətbiq edilməsində fərqli addımlar atmışdır. Məhz bunun, eləcə də hökumətin və Milli Bankın yeritdiyi davamlı antiinflyasiya tədbirləri və həmçinin qlobal maliyyə böhranının nəticələrindən biri kimi qiymətlərin ucuzlaşmasının idxal mallarında özünü büruzə verməsi hesabına Azərbaycanda inflyasiya səngimişdir.

Natiq daha sonra demişdir ki, qlobal maliyyə böhranı şəraitində hər bir ölkənin bu böhrana dözümlüyündə əsas faktor onun tədiyyə balansının vəziyyətindən və saldosunun hansı dinamika ilə dəyişməsindən asılıdır. Cari hesabın fraksiti təkcə son 9 ayda 15 milyon ABŞ dolları təşkil etmişdir. Bu, tədiyyə balansının göstəricisidir. Strateji valyuta ehtiyatları isə artıq 18 milyard dolları ötmüşdür. Bu rəqəm ölkənin toplam xarici öhdəliklərindən, müddəti nəzərə alınmamaq şərtilə təxminən iki dəfə çoxdur. Bu, habelə əhəmiyyətli dərəcədə ölkənin kreditor mövqeyinin möhkəmlənməsinə imkan verir. Hazırda Azərbaycanın xalis kreditor mövqeyi 11 milyard dollar təşkil edir. Nəhayət, bütün bu amillər bank sektorunda vəziyyətin qənaətbəxş olduğunu xarakterizə edir. Azərbaycanın bank sektroru bütün istiqamətlərdə sabitdir, böhrana davamlıdır və öhdəliklərini icra etmək qabiliyyətindədir.

Tədbirin sonunda Milli Bankın İdarə Heyətinin sədr müavini Avtandil Babayev, bankın baş direktoru Xəqani Abdullayev və Kredit Təşkilatının Fəaliyyətinə Nəzarət Departamentinin direktoru Rəşad Orucov jurnalistlərin suallarını cavablandırıblar.

 

 

B.İMANQULİYEV

 

Azərbaycan. -2008.- 26 noyabr.-S.3.