Modernləşmə demokratikləşmə iqtisadi tərəqqinin vəhdətinə əsaslanır

 

Mahiyyətinə və xarakterinə görə dünyada demokratiyanın "üçüncü dalğası"nın başlanğıc mərhələsi kimi səciyyələndirilə biləcək ötən əsrin 90-cı illərində demokratik və hüquqi dövlətin qurulması ətrafında müzakirələr dünyanın bütün ölkələrini əhatə edərək "soyuq müharibə"nin sona çatması ilə başlanan dövrün əsas siyasi diskussiyasına çevrilmişdir. Həmin dövrdə baş verən mürəkkəb proseslərin məntiqi nəticəsi və xalqın mübarizə əzmi ilə dövlət müstəqilliyinə qovuşmaq imkanı əldə etmiş Azərbaycanın demokratiya yolunu prioritet seçməsi də məhz bu real zəminə əsaslanmaqla, onun tarixən bağlı olduğu mütərəqqi dəyərlərdən irəli gəlmişdir. Demokratik norma və dəyərlər xalqın mental xüsusiyyətləri, milli adət-ənənələri ilə ümumən uzlaşmış, barışmaz ziddiyyət təşkil etməmişdir. Dünyada baş verən siyasi proseslərin tərkib hissəsi kimi sosializm sisteminin süqutu insan və vətəndaş hüquq və azadlıqlarının inkişafı sahəsində ciddi dönüş yaratmaqla bərabər, Azərbaycanda demokratik-hüquqi dövlət ideyasının reallaşmasına zəmin yaradılması, ölkədə milli-mənəvi dəyərlərə qayıdış, mənəvi intibahın başlanması xalqın gələcək taleyi ilə bağlı bir sıra aktual problemlərin həlli zərurətini ön plana çıxarmışdır.

Dövlət müstəqilliyinin əldə edilməsi Azərbaycanın qarşısında diktaturadan demokratiyaya, planlı iqtisadiyyatdan sərbəst bazar iqtisadiyyatına, iki əsrlik işğalçılıq tarixi olan imperiyanın bir hissəsindən milli dövlətə çevrilmək, dünya miqyasında özünü təsdiq etmək vəzifəsini qoymuşdur. Bu mürəkkəb proses keçid dövrünün erkən mərhələsində cəmiyyətin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında ciddi kataklizmlərlə müşayiət olunmuş, bir tərəfdən yeni ictimai-iqtisadi formasiyanın doğurduğu yeniliklərin ictimai şüurda "həzm olunmaması", digər tərəfdənsə cəmiyyətin mənafeyini təmin edən legitim siyasi hakimiyyətin yoxluğu dövlət idarəetmə sistemini iflic vəziyyətinə salmışdır. 1990-1992-ci illərdə hakimiyyəti zəbt etmiş diletant qüvvələrin yarıtmaz fəaliyyəti nəticəsində dövlətin iqtisadi-siyasi dayaqlarının laxlaması, cəmiyyət həyatının bütün sahələrində tənəzzül və böhran meyillərinin güclənməsi, ölkənin vətəndaş qarşıdurması həddinə çatması, bölgələrdə dövlətçilik üçün potensial təhdidə çevrilən separatçı meyillərin baş qaldırması cəmiyyətin həlledici qismində haqlı olaraq belə bir qəti rəy formalaşdırmışdır ki, yaranmış acınacaqlı vəziyyətdən çıxış yolu hakimiyyətə müstəqil Azərbaycan dövləti quruculuğunun mürəkkəb məsələlərini həll etməyi bacaran yeni qüvvələr gəlməlidir.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevin qarşısında ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxarmaq, sabit və tarazlı milli inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirmək kimi taleyüklü vəzifələr dayanırdı. Ulu öndər müdrik siyasi addımları ilə ilk gündən sübuta yetirdi ki, demokratiya heç də özbaşınalıq və hərc-mərclik deyil, qanunların aliliyinə söykənən idarəetmə forması və siyasi mədəniyyətdir. Müəyyən qanunauyğunluqlardan kənara çıxdıqda demokratiya insanların, dövlətin inkişafına deyil, yüksək idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır. Heydər Əliyevin böyük müdrikliklə yaratdığı milli dövlətçilik modeli spesifikliyi və unikallığı ilə fərqlənməklə, xalqın gələcək yaşam fəlsəfəsini, milli inkişaf prioritetlərini müəyyənləşdirmiş, demokratik dəyərləri özündə maksimum dərəcədə ehtiva etmişdir. Azərbaycanın prioritet inkişaf yoluna çevrilmiş milli iqtisadi modeli özünəməxsus uzaqgörənliklə müəyyənləşdirən ümummilli lider bu spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı nəticələr verə biləcəyini diqqətə çəkmişdir. Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş və onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır.

Ümummilli lider müdrikliklə bildirmişdir ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf yolu hesab edir. Keçid dövrünü yaşayan respublikamızda demokratik proseslərin iqtisadi islahatlara adekvat şəkildə tətbiqi bu modelin diktə etdiyi başlıca şərtlərdən biri olmuşdur. Böyük strateq Heydər Əliyev milli gəliri yüksəltmədən, ümumi daxili məhsulun artımına, vətəndaşların yaşayış tərzində əsaslı dəyişikliklərə nail olmadan, təşəbbüskarlığa və maddiləşən işgüzar fəallığa təkan verən əlverişli biznes mühiti yaratmadan, milli sahibkarlığın inkişafını təmin etmədən vətəndaş cəmiyyəti və hüquqi dövlət ideyasının mümkünsüzlüyünü bildirmişdir.

Azərbaycanda demokratikləşmə və modernləşmənin ilkin mərhələsi üçün xarakterik xüsusiyyətlərdən biri də dünya təsərrüfat sisteminə və ümumilikdə Avratlantik məkana sürətli inteqrasiyanın təmin edilməsi olmuşdur. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm demokratik təşkilatlarla əməkdaşlıq təkcə siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində də kardinal dəyişikliklərə yol açmış, respublikamıza xarici sərmayə qoyuluşlarının həcmi artmış, iqtisadi modernləşmə və siyasi liberallaşma üçün əlverişli zəmin formalaşmışdır.
Bir çox Qərb dövlətlərinin onilliklər boyu adlamış inkişaf yolunu qısa zamanda keçən müstəqil Azərbaycanın iqtisadi yüksəliş və demokratikləşmə sahəsində həlledici nailiyyətlərə imza atmasını şərtləndirən amillər son illər təbii olaraq siyasi və elmi-fəlsəfi çevrələrdə geniş diskussiya mövzusu olmuşdur. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsi adekvat olaraq bütün sahələrdə modernləşməyə əsaslı təkan verdiyindən, təbii ki, ayrı-ayrı filosoflar, elmi-siyasi tədqiqatçılar respublikanın milli inkişaf strategiyasının mahiyyətini elmi prinsiplər əsasında açmağa, obyektiv təhlillər çıxarmağa davamlı cəhdlər edirlər. Fəqət etiraf olunmalıdır ki, bu tədqiqatların heç biri elmi-nəzəri səviyyəsinə, praktik məzmun yükünə, əhəmiyyətinə, aktuallığına və sanbalına görə Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin son illərdə qloballaşma və modernləşmə xəttindən bəhs edən, dərin elmi fəlsəfi-siyasi məzmun yükünə malik olan sanballı əsərləri ilə müqayisəyə gəlmir.

Akademik Ramiz Mehdiyev "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində ("Azərbaycan" qəzeti, 18-19 iyun 2008-ci il) ölkənin bugünkü və gələcək inkişaf prioritetləri, insan amilinə əsaslanan iqtisadi və siyasi islahatların pozitiv nəticələri, milli demokratiya modelinin spesifikliyi, ümumilikdə ölkənin yeni dövr üçün səciyyəvi olan milli inkişaf strategiyası ilə bağlı son dərəcə dərin məzmunlu və aktual fikirlərini açıqlamaqla elmi-fəlsəfi və siyasi mühitdə yeni diskussiyalara, polemikalara təkan vermişdir. Görkəmli filosof və dövlət xadimi Ramiz Mehdiyev müəllifi olduğu əsərdə son illərdə Azərbaycanın ictimai-siyasi həyatında baş verən prosesləri tədqiq etməklə yanaşı, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində demokratik proseslərin inkişaf trayektoriyasına nəzər salır, modernləşməni labüd proses kimi səciyyələndirir, ən əsası, bu mərhələ üçün zəruri məsələləri əsaslandırılmış şəkildə önə çəkir.

 

İqtisadi inkişaf siyasiislahatları stimullaşdırır

 

Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərini onun hələ bir neçə ay əvvəl işıq üzü görmüş və elmi-siyasi, fəlsəfi mühitdə böyük rezonans doğurmuş "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti" əsərinin davamı kimi də dəyərləndirmək olar. Müəllif yeni əsərində sosial-iqtisadi inkişafın hazırkı mərhələsində ölkənin hansı istiqamətdə və nə kimi məqsədlər naminə getməli olduğunu elmi dəlillər, təkzibolunmaz mühakimə və müqayisələrlə diqqətə çəkmiş, modernləşmə prosesinin əsas inkişaf vektorlarını müəyyənləşdirməyə çalışmışdır.

Filosof indiyəqədərki əsərlərində irəli sürdüyü bir konseptual tezisi daha da inkişaf etdirərək yazır ki, son 15 ildə Azərbaycanda həyata keçirilən milli demokratik keçidin mahiyyətini məhz iqtisadi firavanlıq müəyyənləşdirir. 2003-cü ildən ölkəyə inamla rəhbərlik edən cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi səmərəli inkişaf strategiyasını uğurla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyinin birinci dövründə məhz bu postulat əsas götürülmüş və iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Şübhəsiz, hər bir dövlətdə demokratikləşmə prosesinin həyata keçirilməsi üçün ilk növbədə insanın azadlığını təmin edən iqtisadi mühit olmalıdır. Demokratik cəmiyyətin əsas təməl prinsiplərindən biri də fərdiyyətçiliyə əsaslanan iqtisadi münasibətlər sisteminin təşəkkülü, xüsusi mülkiyyət formasının genişlənməsi, orta sahibkarlar sinfinin mövqelərinin möhkəmlənməsidir. Eyni zamanda, bu mühüm iqtisadi faktorların inkişafı üçün ümumi daxili məhsulun müəyyən bir səviyyəyə yüksəlməsi vacib məsələlərdən biri hesab olunur.

Akademik Ramiz Mehdiyev bütün bunları elmi təhlil süzgəcindən keçirərək yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi məsələlərə xüsusi yer verməsi əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. "Hazırda həyata keçirilən siyasi və iqtisadi islahatlar bir qədər başqa çalar alır. Bu, ölkənin inkişafında artıq yeni mərhələ olacaqdır. Deməli, iqtisadi islahatların ünvanı da yeni məna kəsb edir və onların məqsədi postsənaye cəmiyyətinin səciyyəvi cəhətlərini tam şəkildə mənimsəməkdən ibarətdir. Bununla bərabər, siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçiriləcək, çünki növbəti illər üçün əsas vəzifə Azərbaycan cəmiyyətinin demokratik konsolidasiyasıdır" deyən akademik Ramiz Mehdiyev ABŞ-ın tanınmış ictimai-siyasi xadimi F.D.Ruzveltin "ehtiyac və azadlığın bir araya sığmaması" fikrinə iqtibas edir. Müəllif halqı olaraq vurğulayır ki, iqtisadiyyatla siyasətin səmərəli qarşılıqlı əlaqəsi son illər Azərbaycanın postsovet məkanında mühüm və ən intensiv inkişaf edən ölkəyə çevrilməsinə imkan yaratmışdır.

İnkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, iqtisadi sistemin sabitliyi labüd surətdə ictimai şüurun daha geniş şəkildə demokratikləşməsinə doğru aparır. Müasir Azərbaycan cəmiyyəti demokratikləşməni milli inkişafın ən mühüm sosial amili kimi səciyyələndirir. Təmsilçi demokratiyanın əsasını iqtisadi demokratiya və azad bazar təşkil edir. Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev də buna nəzərən yazır ki, açıq və demokratik cəmiyyət quruculuğu milli inkişafın prioritet xətti kimi müəyyənləşdirilmişdir və bu, ölkənin strateji seçimi, dövlət siyasətinin mühüm vektorudur. Filosofun bu fikri də tam həqiqətdir ki, "demokratiyanı möhkəmləndirməyin ən yaxşı üsulu azad bazarların genişlənməsinin təşviq edilməsidir". Bəhsləşməyə və alternativliyə əsaslanan ictimai inkişafı şərtləndirən fəaliyyət qabiliyyətli demokratik rejimi, açıq vətəndaş cəmiyyətini və ənənələri formalaşdırmağa yalnız azad bazar imkan verə bilər.

Akademik Ramiz Mehdiyevin dərin elmi-fəlsəfi yanaşmalarından hasil olan qənaətlərdən biri də budur ki, sürətli demokratik yeniliklər Azərbaycan cəmiyyətində yalnız təkamül yolu ilə, mərhələli şəkildə intişar tapa bilər. Başqa sözlə, demokratikləşmə intensiv iqtisadi inkişafın mühüm tərkib hissəsidir. Görkəmli filosofun bu yanaşması yeni dəyərlərin və demokratik transformasiyaya xas olan davranış normalarının mərhələlər üzrə, təkamül yolu ilə tədricən ictimai, kütləvi şüura ötürülməsini özündə ehtiva edir. Həqiqətən də uzun illər boyu dəyişməz siyasi imperativlərə əsaslanan cəmiyyətdə sosial mühitin hər hansı şəkildə dəyişməsi yalnız yeni oriyentirlərin ictimai qavrayışı və nəsillərin dəyişməsi amilləri nəzərə alınmaqla həyata keçirilə bilər. "Azərbaycanda demokratikləşmə uzun bir prosesdir və bir neçə tarixi konteksti əhatə edir. Nəzərə almaq lazımdır ki, əvvələn, bu proses sovet sistemindən "üçüncü demokratik dalğa"nın genişlənməsi şəraitində müstəqil birgəyaşayış sisteminə keçid, ikincisi, demokratikləşmənin başlanğıcı üçün bazis əsaslar yaradılması, üçüncüsü, demokratikləşmə üçün zəruri şəraitin yaradılması və nəhayət, dördüncüsü, dövlətin iqtisadi inkişafı ilə qarşılıqlı əlaqəli şəkildə ictimai şüurun mərhələlər üzrə transformasiyası deməkdir. Son 15 ildə bütün bu kompleks mərhələlər üzrə bir-birini əvəz etməklə həyata keçirilir. Milli inkişafın yalnız bu cür ardıcıllığı Azərbaycan cəmiyyətinin demokratikləşməsinə uğur qazandıra bilər", - deyə əsərdə vurğulanır.

 

Demokratiya çağırışları və "ikili standartlar"

 

Müəllifin reallıqdan doğan digər mülahizəsi ondan ibarətdir ki, kənardan süni şəkildə ixrac edilən demokratiya modelləri transformasiyalı cəmiyyətlərdə şəraitə uyğunlaşmağa heç də həmişə hazır olmur. Müasir dünyada demokratikləşmə prosesinin müəyyən universal tələbləri və meyarları olsa da, hər bir ölkənin özünəməxsus milli mentaliteti, tarixi, sosial-iqtisadi, siyasi və mədəni inkişaf xüsusiyyətləri, qeyri-bərabər başlanğıc imkanları nəzərə alınmalıdır. Bu gün Avropa dövlətlərində eyni demokratiya modelinin mövcudluğundan danışmaq mümkün deyildir. Bu baxımdan bizə eyni vaxtda həm demokratiyaya, həm də bazar iqtisadiyyatına keçidi zorla qəbul etdirmək səyləri iqtisadi və siyasi dəyişikliklər arasında əsrlər boyu yaranmış qarşılıqlı əlaqələr modelini dəyişmək cəhdi, tarixi presedentləri olmayan eksperiment deməkdir. Bu baxımdan Azərbaycanda mövcud demokratik modellə bağlı səslənən tənqidi fikirlərin də obyektiv əsaslarının olmaması filosof tərəfindən təəssüflə vurğulanır: "Biz gizlətmirik ki, bəzən Azərbaycanda demokratiyanı tənqid edirlər, lakin onun çatışmazlıqlarının nədən ibarət olmasını əməlli-başlı izah etmirlər. Siyasi və sosial-iqtisadi sahədəki, o cümlədən vətəndaşların rifahının təmin edilməsi sahəsində ümdə problemlərin həllindəki uğurları, habelə iqtisadiyyatın liberallaşmasını nəzərə almadan tənqid edirlər. Bununla bərabər, unudurlar ki, bizim demokratiya, obrazlı şəkildə desək, yeniyetməlik mərhələsindədir, halbuki Qərb demokratiyası artıq postindustrial cəmiyyət şəraitində yaşayır, siyasi texnologiyalar dövrünə qədəm qoymuşdur. Azərbaycan hələ postmodernə keçid dövrünü genişləndirməli və dərinləşdirməli, sonra onu başa çatdırmalıdır".

Müəllifin bu fikri ilə də tam razılaşmaq olar ki, müasir dünyada bəzən demokratiya müəyyən dövlətlərin öz geosiyasi maraqlarını həyata keçirmək üçün əldə dəstavuz etdiyi bəhanəyə çevrilmiş, "ikili standartlar"a yol açmışdır. Bəzi Qərb dövlətlərinin lap əvvəldən məqbul olmayan, bu və digər səbəblərdən başqa dövlətlərdə gündəliyə çıxarılmayan və ya müzakirə predmeti olmayan məsələləri zorla Azərbaycana qəbul etdirməyə çalışması ayrı-seçkiliyin və ikili standartların nəticəsidir. Respublikamız sürətlə inkişaf etdiyi, siyasi, hüquqi, eləcə də insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi islahatlar həyata keçirdiyi bir şəraitdə bəzən Qərbin müəyyən qərəzli dairələrinin obyektiv gerçəkliyə əsaslanmayan təhdidləri ilə üzləşir. Əvvəla unudulur ki, demokratiya başlancığı olan, lakin sonu və son imkanları hələ heç kim tərəfindən müəyyən edilməyən uzun bir inkişaf yoludur. 15 illik müstəqillik tarixi olan bir dövlətdən yüksək Qərb demokratiyasını gözləməyin özü qeyri-adekvat, yanlış yanaşmadır.

Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev haqlı olaraq bəzi Qərb dövlətlərinin Azərbaycanda və Ermənistanda demokratiyanın və insan hüquqlarının səviyyəsini eyniləşdirmək, münaqişədə olan iki dövlət arasında balans yaradılması cəhdlərini də tənqid edir. Onun qənaətincə, qlobal səviyyədə demokratiya anlayışı getdikcə daha çox hallarda postindustrial dəyərləri və siyasi-iqtisadi oriyentirlər məkanına yenicə qədəm qoyan bir qrup dövlətə müəyyən strateji xəttin zorla tətbiqi forması kimi assosiasiya edilir. "Təsəvvür etməyə çətinlik çəkirik ki, səsvermənin nəticələrinin saxtalaşdırılmasına etiraz edənlərin nümayişinin dağıdılması nəticəsində 28 adamın qətlə yetirildiyi, fövqəladə vəziyyətin elan olunduğu, kütləvi informasiya vasitələrinin fəaliyyətinin məhdudlaşdırıldığı, parlament üzvlərinin həbs edildiyi ölkədə seçkilər necə demokratik hesab edilə bilər? 2008-ci ilin martında Ermənistanda prezident seçkiləri zamanı demokratiyanın ən adi normalarının real şəkildə pozulması göz qabağındadır. Lakin demokratiya normalarını müəyyən edənlər bu barədə başqa fikirdədirlər. Paradoksal da olsa, bu, reallıqdır. Bu cür hərəkətlər belə bir fikri daha da möhkəmləndirir ki, demokratiyadan getdikcə daha çox yalnız "yeni demokratiyalar"a geosiyasi təzyiq vasitəsi kimi, konkret məqsədə nail olmağın mexanizmi kimi istifadə edirlər", - deyə müəllif demokratiyadan yeni müstəqillik qazanmış dövlətlərə təzyiq kimi istifadə cəhdlərini, eyni zamanda bu dairələrin müxtəlif arqumentlərlə özlərinə bəraət qazanmaq istəklərini dərin elmi sübutlarla, müqayisəli tarixi faktlarla tənqid etmişdir. Filosofun bir fikri də böyük maraq doğurur ki, qlobal dünya nizamını formalaşdırarkən bəziləri belə bir adi həqiqəti unudurlar ki, demokratiya, ilk növbədə, hər xalqın öz inkişafının strategiyası və yolunu müəyyən etməkdən ibarət suveren hüququdur. O, xalqın rifahı, onun dolğun həyatı naminə demokratik təsisatların mövcud olmasını və fəaliyyət göstərməsini nəzərdə tutur, onlardan xarici məqsəd və vəzifələr naminə istifadə etmək niyyətini qarşısına qoymur.

 

İntellektual gənclikdövlətin gələcəyidir

Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin "Modernləşmə xətti yenə də gündəlikdədir" əsərinin ideya qayəsini təşkil edən elmi qənaətlərdən biri də müasir gəncliyin dövlətin sütunlarının möhkəmləndirilməsində və modernləşmə xəttinin uğurla həyata keçirilməsində müstəsna rolu ilə bağlıdır. Şübhəsiz, gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. Dünyanın bütün sivil cəmiyyətlərində gənc nəslin mənəvi-ideoloji tərbiyəsi, onların sağlamlığının qorunması baxımından bu strateji sahələrə xüsusi qayğı ilə yanaşılır. Praqmatik siyasətçi kimi bu reallığı düzgün qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verilməsinin tərəfdarı kimi çıxış etmiş, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşmışdır. Nəticədə xalqın gələcəyini müəyyən edən və cəmiyyətdə əhəmiyyətli çoxluğa malik təbəqə kimi gənclərin ehtiyaclarının dolğun ödənməsi məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinə tarixi aspektdən nəzər salan akademik Ramiz Mehdiyev xüsusi vurğulayır ki, Azərbaycanda gənclərin fəaliyyəti üçün zəruri mühitin formalaşdırılması, gənclərin inkişafının, strukturlaşdırılmasının təmin edilməsi, asudə vaxtının və zəruri yaradıcılıq şəraitinin təşkili dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyev yeni idarəçilər üçün zəruri bazis yaratmaq, ölkəni müasir dünya nizamı kateqoriyaları ilə düşünməyə qadir olan, dövlətin mənafelərini qorumağı bacaran kadrlarla təmin etmək vəzifəsini qarşıya qoymuşdur: "Sadə dildə desək, əgər biz hamımız eyni bir təyyarədə uçmalı olsaq, pilotu onun sosial və ya maddi statusuna görə deyil, təyyarəni idarə etmək bacarığına görə seçməliyik. Deməli, bizə təşəbbüskar, intellektual, kreativ (yaradıcı) və həqiqi vətənpərvər insanlar lazımdır. Bu strateji məqsəd üç əsas amilə söykənir: modernləşmə xəttinin uğurunu təmin etmək cəhdi, siyasi təsisatları və ənənələri möhkəmlətmək və intensiv qərbləşmə və qloballaşma şəraitində milli mənlik şüurunu qoruyub saxlamaq. Biz yaddan çıxarmamalıyıq ki, öz kökündən məhrum olmuş xalq yalnız instinktlər və ehtiraslarla yaşayır".

Modernləşmə prosesində müasir düşüncəli, yüksək intellektual səviyyəli, yeni dünya nizamının reallıqlarını düzgün dəyərləndirən, informasiya texnologiyalarını dərindən mənimsəyən vətənpərvər gəncliyə daha çox ehtiyac duyulur. Akademik Ramiz Mehdiyev haqlı olaraq yazır ki, sosiumun əsas elementi olan gənclik demokratikləşmə prosesinin mühüm tərkib hissəsi olaraq cəmiyyətin şəffaflığının fəal inteqratoru kimi çıxış edir. Gənclik ictimai iradənin müsbət sosial dəyişikliklərin carçısına çevriləndə, demokratik transformasiyanın mühüm elementi kimi çıxış edəndə tamam başqa vəziyyət yaranır. Fəqət, bəzən ayrı-ayrı siyasi qrupların gənclərin sadəlövhlüyündən və ya təcrübəsizliyindən sui-istifadə etməyə çalışması təəssüf hissi doğurur. Gənclərdən müxtəlif korporativ mənafelərin reallaşdırılması və ya dağıdıcı məqsədlər üçün istifadə edilməsi tamamilə yolverilməzdir. Müəllif 2005-ci ilin parlament seçkiləri ərəfəsindəki hadisələri xatırladaraq yazır ki, bir sıra postsovet dövlətləri "rəngli transformasiyalar" dövrünü yaşadığı vaxtda "Otpor", "Pora" və "Kmara" kimi təşkilatların təcrübəsi Azərbaycanda da buna oxşar "məxməri inqilab" etmək ümidi ilə yaşayanlar üçün ilham mənbəyinə çevrilmişdi. Lakin Azərbaycanın həqiqi vətənpərvər və intellektual gəncləri bu dar məqsədli təşkilatlara qoşulmayaraq yenə də dövlətçiliyin etibarlı keşikçisinə çevrildilər. Gənclik ölkə həyatının bütün sahələrində fundamental dəyişikliklərin, modernləşmənin hərəkətverici qüvvəsinə, katalizatoruna çevrilməlidir. Milli dövlətçiliyin gələcəyi gənc nəslin çox mürəkkəb sosial-iqtisadi transformasiya vəzifələrini reallaşdırmağa hazır olub-olmamasından asılıdır. Məhz bu nəsil ölkənin modernləşmə xəttinin şəksiz uğurunu təmin edəcək siyasi, iqtisadi və ictimai transformasiyanın zəruri sosial elementi olacaqdır.

Akademik Ramiz Mehdiyev həmçinin müasir gəncliyin cəmiyyət üçün lazımi vətəndaş kimi formalaşmasında elm və təhsilin, informasiya texnologiyalarının da rolunu xüsusi diqqətə çəkmiş, eyni zamanda qeyd etmişdir ki, hazırda ən mühüm vəzifələrdən biri intellektual elita sıralarında gələcəyi qurmağa çalışan və yaradıcı fəaliyyət qabiliyyətinə malik olan insanları aşkar etməkdir. Akademik Ramiz Mehdiyev əsərində xüsusi vurğulayır ki, uzaqgörən və bəsirətli siyasətçi olan İlham Əliyev postindustrial informasiya cəmiyyətinə keçid məsələlərinin həlli üçün cəmiyyətin yüksək intellektual-mənəvi ehtiyatlarını səfərbər etməyi qarşısına məqsəd qoymuşdur.

Müasir dövrdə hər bir dövlətin davamlı və sabit inkişafı heç də təbii sərvətlərin zənginliyinə deyil, məhz elmi-intellektual bazaya, informasiya-kommunikasiya texnologiyalarının zənginliyinə əsaslanır. Eyni zamanda demokratiya, vətəndaş cəmiyyətinə aparan yol sırf iqtisadi azadlıqdan deyil, həm də mədəni-intellektual səviyyədən, iqtisadi modernləşməni təmin edən innovasion yeniliklərin tətbiqindən keçir. "Biz çox yaxşı başa düşürük ki, təbii ehtiyatlar dövlətin maddi rifahının mühüm amilidir. Lakin bu, yeganə və ən birinci şərt deyildir. Avropanın inkişaf etmiş ölkələrinin çoxunun təbii sərvətləri yox idi. Hətta əhalinin böyük əksəriyyətinin ali təhsil diplomunun olması da ölkənin firavanlığının göstəricisi deyildir. Əsas məsələ insan resurslarını intellektual kapitala çevirməklə yeni keyfiyyət dəyişikliklərinə nail olmaqdan, insanların fəallığını konkret işlərə yönəltməkdən ibarətdir. Müəyyən edilmişdir ki, hazırda maddi sərvətlərin gətirdiyi mənfəət intellektual ixraca bərabərdir. Hindistanda kompüter proqramçılarının ölkə üçün təmin etdiyi mənfəət Rusiyanın neft satışından əldə etdiyi mənfəətə bərabərdir. Göründüyü kimi, fərq çox böyükdür, çünki intellektual şüur bərpa edilir, o, demək olar ki, tükənməzdir, təbii sərvətlər isə əbədi deyildir. Müasir Azərbaycan gəncliyi bu həqiqətləri başa düşməklə formalaşır", - deyə akademik Ramiz Mehdiyev vurğulayır.

Tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan mənəvi-əxlaqi dəyərlər, ictimai şüurda özünə möhkəm yer tapmış dini ayin və mərasimlər hər bir etnosun milliliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqdan savayı, həm də bəşər sivilizasiyasına dəyərli töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər eyni zamanda hər bir xalqın mənəvi sərvəti, toxunulmaz xəzinəsidir. Dünyanın qədim etnoslarından olan azərbaycanlılar da əsrlər boyu öz milli mədəniyyətlərini, zəngin ənənə və dəyərlərini yaşadaraq daim yad təzahürlərdən hifz etməklə, həm də tarixi etnos kimi mövcudluqlarını qorumuşlar. Azərbaycanın milli mədəniyyəti, ənənə və dəyərləri xalqın müqəddəs etiqadına söykənməklə, özündə böyük mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Əsrlərin sınağından çıxmış mədəniyyətini, mənəvi dəyərlərini, adət-ənənələrini hifz etməyi bacaran Azərbaycan xalqı eyni zamanda ümumbəşəri mütərəqqi dəyərlərə tolerant münasibət bəsləməklə, daim müasirliyə və yeniliyə can atmışdır. Dini etiqad Azərbaycan sosiumunun milli identiklik, mentalitet elementi və sabit cəmiyyət, dinc yanaşı yaşama strukturunun qurulması ideyasına xidmət edən arxetipidir.

"Modernləşmə xətti yenə də gündəlikdədir" əsərində ölkədə milli-mənəvi dəyərlərin qorunması və tolerant məsələlərinə də dərin elmi nəzər salınmış, həmçinin dini fundamentalizm meyillərinin dövlətçilik maraqları baxımından yolverilməzliyi önə çəkilmişdir. Akademik Ramiz Mehdiyevin fikrincə, Qərb aləminin demoqrafik islamlaşmasının nəticəsi kimi, bəzi dini qüvvələr bunu radikallaşma, siyasi rəqabət və çirkin mübarizə vasitəsinə çevirməyə çalışırlar. Azərbaycan müstəqillik əldə edəndən sonra müəyyən xarici qüvvələr siyasi islamı Azərbaycanın da ictimai həyatına yeritməyə cəhdlər göstərmişlər. Lakin ölkə iqtidarı əsrlərin sınağından çıxmış yüksək mənəviyyatımızı bu cür cəhdlərə qarşı qoymağa nail olmuş, həmin cəhdlərin qarşısı vaxtında və qətiyyətlə alınmışdır. "İnsanların etiqadları dindən siyasi amil kimi istifadə olunmasını qəbul etmir. Hər bir din sülh və həmrəylik, tolerantlıq və dözümlülük amilidir, buna görə də dinlərdən kütləvi şüura təzyiq vasitəsi kimi istifadə edilməsi, bu və ya digər siyasi sifarişin yerinə yetirilməsinə istiqamətlənmiş mühit formalaşdırılması dinlərin fəlsəfi mahiyyətinə ziddir. Din radikal niyyətlərin obyektinə çevrilməməli, sosial təzyiq amili kimi çıxış etməməlidir. Azərbaycanda dünya dinlərinin roluna və cəmiyyətdəki yerinə yüksək ehtiram bəslənilir, eyni zamanda, tolerantlıq məkanı olan bu diyarda qeyri-ənənəvi dini cərəyanlara da yer verilir. Lakin heç bir dindən və ya dini cərəyandan siyasi, iqtisadi və ya sosiomədəni qaydaların dəyişdirilməsi amili kimi istifadə edilə bilməz", - deyə əsərdə vurğulanır.

Son dərəcə səlis, axıcı, zəngin və orijinal bir üslubda yazılan, dərin elmi-fəlsəfi məzmunu ilə fərqlənən bu əsər Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni dünya nizamının reallıqlarını düzgün müəyyənləşdirən, ölkənin gələcək inkişafı ilə bağlı yetkin elmi-konseptual baxışlara malik siyasətçi və dövlət xadimi, filosof olduğunu bir daha təsdiqləyir. Düşünürük ki, akademikin son əsərində yüksək vətənpərvərliklə irəli sürdüyü tezislər Bakı Dövlət Universitetində gənclərlə işin daha səmərəli təşkili, onların yeni dövrün gerçəklikləri ruhunda formalaşması baxımından əhəmiyyətlidir. Çünki universitet tarixən milli ictimai fikrin əsas daşıyıcılarından olmuş, fəaliyyətində daim milli ideyalara əsaslanmışdır.

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi milli inkişaf strategiyasının uğurları BDU-nun çoxsaylı tələbə və professor-müəllim heyətinin həyatında da qabarıq hiss olunur. Hamı ürəkdən inanır ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil ölkəmiz dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru, akademik,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2008.-26 noyabr.-S.4