"Azərbaycan və Meksika enerji məsələlərində müttəfiqlərdir"
AzərTAc-ın Vaşinqtondakı
xüsusi müxbiri xəbər verir ki, Mexikoda çıxan
nüfuzlu "Reforma"
qəzetinin 24 noyabr tarixli nömrəsində
Azərbaycanın Meksikadakı
müvəqqəti işlər
vəkili İlqar Muxtarovun "Azərbaycan və Meksika enerji məsələlərində
müttəfiqlərdir" sərlövhəli məqaləsi
dərc olunmuşdur. Həmin məqaləni oxuculara təqdim edirik.
Mənim ölkəm yaxın vaxtlara qədər qeyri-müəyyən vəziyyətdə
və çətinliklər
məngənəsində idi. Sovet İttifaqı
dağılandan sonra Azərbaycan öz müstəqilliyini bərpa
etmişdir. Bizim qarşımızda
Avrasiya zonasında ənənəvi olaraq mühüm rol oynayan güclü, ədalətli və suveren ölkəni bərpa etmək vəzifəsi ilə üzləşmişdik. Tarix göstərir
ki, Azərbaycan inkişafa və tərəqqiyə meyil edən ölkə olmuş, bu yolda çoxsaylı maneələrlə üzləşmişdir.
1848-ci ildə, yəni Pensilvaniyada məşhur neft yatağı kəşf ediləndən
on ildən də çox əvvəl Azərbaycanda - Bakının
cənubunda, Bibiheybət
adlanan ərazidə dünyada ilk neft quyusu qazılmışdır.
1949-cu ildə biz Xəzər dənizində neft platformalarından istifadə
edilməklə offşor
nefti ilə bağlı tədqiqatlar sahəsində birinci olmuşuq. Avropa ilə Mərkəzi
Asiya regionu arasında dəhliz olan bu ölkənin,
Azərbaycanın coğrafi
mövqeyi, zəngin enerji resurslarına beynəlxalq marağı artırır. Azərbaycan Avropa
ilə Asiyanın qovuşduğu nöqtədir
və Xəzər regionundan karbohidrogen ehtiyatlarının Qərbi
Avropaya nəql edilməsi üçün
strateji mövqe tutur.
Bakı-Tbilisi-Ceyhan neft kəməri (Ceyhan Türkiyənin Aralıq dənizi sahilində limandır) Xəzər dənizinin enerji daşıyıcılarının
Avropaya çatdırılması
üçün ilk marşrut
hesab edilir. Hazırda bu
kəmər vasitəsilə
gündə 1 milyon barelədək neft nəql edilir və 2013-cü ilə qədər bu göstərici iki dəfə artacaqdır.
Xəzərin ehtiyatları Avropada
sabitlik və təhlükəsizlik mənbəyi
hesab edilir.
Bu resursların əhəmiyyəti
həm də onunla təsdiq olunur ki, bu
yaxınlarda Bakıda
Beynəlxalq Enerji Sammiti keçirilmişdir. Həmin
tədbirdə ölkə
Prezidenti İlham Əliyev Türkiyə, Ukrayna, Polşa, Litva və Gürcüstanın
prezidentlərini, Estoniya
və Macarıstanın
baş nazirlərini,
ABŞ-ın energetika nazirini
qəbul etmişdir. Sammitin Bəyannaməsində iştirakçı
ölkələrin liderləri
həmin regionun resurslarının beynəlxalq
bazarlara nəql edilməsi proseslərini gücləndirmək əzmində
olduqlarını təsdiqləmişlər.
Azərbaycan kimi, Meksikanın da iqtisadiyyatında əsas gəlirlər enerji ehtiyatlarından istifadə edilməsi hesabına yaranır. Bu baxımdan mən öz ölkəmin bu məsələyə dair Meksika ilə
əməkdaşlıq yolları
tapmağa çalışmasını
vurğulamaq istərdim.
Məsələn, Azərbaycan dənizin dərin qatlarındakı
yataqların işlənilməsi
təcrübəsinə və
müvafiq texnologiyaya malikdir. Biz Yerin təkindən çıxarılan
karbohidrogen xammalının
ölkədə emal edilərək müxtəlif
məhsullara çevrilməsinə
imkan verən sənaye yaratmışıq.
Biz bilirik ki,
Meksika dövləti Meksika körfəzinin dərin qatlarında olan neftin çıxarılması
üsulları ilə
maraqlanır. Meksikanın ölkəni
hazırda onun ərazisində istehsal olunmayan neft məhsulları ilə təmin etməyə imkan verən neft kimyası sənayesini inkişaf etdirmək niyyəti var. Azərbaycan bu sahədə malik olduğu təcrübəni,
bilikləri və hazırlıqlı kadrları
nəzərə alınmaqla,
Meksikanın bu məqsədlərinin həyata
keçirilməsində kömək
edə bilərdi.
Biz birgə əməkdaşlıq
sayəsində Meksikanın
gediş-gəliş çətin
olan zonalarında yerləşən karbohidrogen
yataqlarını işlətməyə,
eləcə də Meksikanın neft kimya sənayesini gücləndirməyə nail ola bilərik.
Enerji sahəsində Azərbaycanın
Meksika ilə əməkdaşlığı təcrübə və texnologiyalar mübadiləsi,
maşınqayırma və
kadr hazırlığı
sahəsində qarşılıqlı
əlaqələri əhatə
edə bilər. Bu cür
əməkdaşlıq enerji
ehtiyatlarından daha yaxşı istifadə edilməsinə nail olmağa
imkan verər. Bu isə inkişafa, xalqlarımızın
rifahına kömək edər.
Azərbaycan.-2008.-26 noyabr.-S.5.