Azərbaycan-Türkiyə əməkdaşlığı yeni mərhələdə uğurla inkişaf edir

 

Türkiyə dövləti Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

 

Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla aparılan xarici siyasət Azərbaycanı qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici qüvvəsinə çevirmişdir. Ölkəmiz 160 dövlətlə diplomatik əlaqə saxlayır. Azərbaycanda 57 səfirlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndələri fəaliyyət göstərirlər.

Beynəlxalq qurumlarda mövqelərini getdikcə möhkəmləndirən Azərbaycan dünya siyasətinə mühüm təsir imkanlarına malik olan dövlətlərlə bütün sahələrdə əməkdaşlığı genişləndirməkdədir. Azərbaycanın xarici ölkələrlə münasibətində xüsusi yeri olan Türkiyə ilə əlaqələrin ildənilə möhkəmləndirilməsi də buna nümunə ola bilər.

Azərbaycan-Türkiyə münasibətləri müasir mərhələdə ən yüksək səviyyədə inkişaf edərək qarşıda yeni imkanlar açmışdır. Azərbaycanın Cənubi Qafqaz regionunda artan siyasi, iqtisadi, hərbi qüdrəti dost ölkə ilə əlaqələrin daha genişmiqyaslı qurulmasına şərait yaradır. Bölgədə gerçəkləşdirilən böyük enerji layihələrində Azərbaycan və Türkiyə  dövlətləri strateji tərəfdaş kimi çıxış edirlər. Uğurla həyata keçirilən siyasət, eyni zamanda Azərbaycan üçün taleyüklü bir sıra layihələrin gerçəkləşməsinə gətirib çıxarmışdır. Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri 2006-cı ilin iyulunda tam istifadəyə verilmiş, Bakı-Tbilisi-Ərzurum qaz kəməri fəaliyyətə başlamışdır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi istiqamətində də mühüm razılaşmalar əldə olunmuşdur. Azərbaycan zəngin karbohidrogen ehtiyatlarını Türkiyə vasitəsilə dünya bazarlarına çıxarmaq imkanı əldə etmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin başa çatmasından sonra region dövlətlər arasında iqtisadi sahədə əlaqələr daha da güclənəcəkdir. Region dövlətlər arasında reallaşdırılan layihələr subregional inteqrasiyanın, sülh və sabitliyin, nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Bakıda keçirilən IV Enerji Sammiti də Xəzər hövzəsində hasil edilən enerji daşıyıcılarının Qara dəniz, Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün Odessa-Brodı neft kəmərinin yaradılması məsələsinə həsr olunmuşdur. Azərbaycan öz zəngin karbohidrogen ehtiyatlarını Qara dəniz-Baltik-Aralıq dənizləri vasitəsilə Avropa İttifaqı ölkələrinə çıxarmaq imkanı əldə edəcək. Türkiyə ilə əməkdaşlıq daha da dərinləşəcəkdir.

Türkiyə ilə ölkəmiz arasında ticarət dövriyyəsinin həcminin ildən-ilə artması iqtisadi sahədə əməkdaşlığın arzu olunan səviyyədə inkişafından xəbər verir. Hər iki ölkədən olan iş adamlarının iştirakı ilə biznes forumların təşkil edilməsi və mövcud iqtisadi potensialdan daha səmərəli istifadə üçün yolların müəyyənləşdirilməsi deyilənlərə əyani misaldır.

Türkiyə dövlətinin Azərbaycanın üzləşdiyi ən böyük problem olan Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe də birmənalıdır. Dost ölkə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və Azərbaycanın ərazi bütövlüyünün qorunması şərtilə həllinə tərəfdardır. Türkiyə dövləti beynəlxalq təşkilatlar çərçivəsində də Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir. Ölkə başçılarının qarşılıqlı səfərləri bütün sahələrdə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsınə müsbət təsir göstərməkdədir.

Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkəyə ilk rəsmi səfərini məhz Türkiyəyə etməsi də dost ölkəyə verilən önəmin göstəricisidir. Səfər zamanı dövlət başçıları ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksək səviyyədə inkişafından razılıqlarını ifadə etmiş və əməkdaşlığın daha da genişləndirilməsini zəruri saymışlar. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin həm iki ölkə, həm xalqlarımız üçün, həm də regionda sülhün və sabitliyin təmin olunması baxımından böyük önəm daşıdığı xüsusi vurğulanmışdır. Dövlət başçıları görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da fikir mübadiləsi aparmışlar. Prezident İlham Əliyev Çankaya köşkündə mətbuat nümayəndələri qarşısında bildirmişdi: "Bizim bütün birgə təşəbbüslərimiz - istər siyasi, istər iqtisadi, istərsə də enerji sahəsində göstərilən təşəbbüslər bölgədə sülhün möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə və sabitliyin tam bərqərar olunmasına xidmət göstərir. Türkiyə tərəfindən bu yaxınlarda irəli sürülmüş Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının da əsas mahiyyəti ondan ibarətdir ki, bu bölgədə yaşayan bütün ölkələr bir-biri ilə normal münasibətlər qura bilsinlər, narahatlıq yaradan bütün məsələlər həll olunsun, qarşıdurmaya son qoyulsun və bölgədə sülh təmin edilsin. Əlbəttə ki, bunu etmək üçün bölgədə, ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Bu məsələnin ədalətli həll edilməsi üçün göstərdiyi səylərə görə biz Türkiyəyə daim minnətdarıq, Türkiyənin bu işlərdə fəal olmasını alqışlayırıq. Qafqazda gedən proseslərdə Türkiyənin fəal olmaq təşəbbüslərinə biz çox böyük ümidlərlə baxırıq". Türkiyə dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin maraqlarına uyğun həll edilməsində tutduğu mövqe dəyişməz qalır. Bu ölkənin rəsmiləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanın işğal olunmuş torpaqları tamamilə boşaldılmayana qədər Ermənistanla hər hansı sahədə əməkdaşlıq edilməyəcəkdir. Türkiyə tərəfi bu yaxınlarda Moskvada imzalanmış birgə Bəyannaməni yüksək qiymətləndirir. Rusiya paytaxtında imzalanan Bəyannamənin əsas mahiyyəti ondan ibarətdir ki, beynəlxalq hüquq normaları çərçivəsində qəbul edilmiş qərarlar, qətnamələr bir daha Bəyannamədə dəstəklənir, münaqişənin mərhələli yollarla həlli məqbul variant hesab edilib.

Türkiyə Prezidenti Abdullah Gül də Çankaya köşkündə verdiyi bəyanatda bu məsələlərə toxunmuşdur: "Bir-birinə çox bənzəyən mədəniyyətləri olan bu bölgənin xalqlarının sülh, əmin-amanlıq və sabitlik içərisində yaşaması və əməkdaşlığı genişləndirməsi hamımızın xeyrinədir. Bununla bağlı Türkiyə Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasını ortaya qoymuşdur. Bunu başda Azərbaycan olmaqla, Qafqazdakı bütün ölkələr dəstəkləmişdir. İnanırıq ki, görüşlər dialoq və qarşılıqlı anlaşma şəraitində yaradılacaq mühit Qafqazdakı problemlərin həllinə yol açacaqdır. Şübhəsiz ki, bu çərçivədə başda Dağlıq Qarabağ münaqişəsi durur. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da yeni bir mərhələnin başlandığını deyə bilərəm. Hörmətli Əliyevin və Sarkisyanın bir neçə gün əvvəl Moskvada görüşü də səmərəli keçmişdir. Türkiyə bu görüşləri dəstəklədi və bunun davamının olacağına inanırıq. Bu istiqamətdə hər kəsin əlindən gələn köməyi göstərməsini arzu edirik".

 Azərbaycan Respublikası  Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Bölgədə ölkəmizin sürətli iqtisadi inkişafı, hərbi qüdrətinin artması nəticəsində işğalçı Ermənistanın da son illərdə mövqeyində müəyyən dəyişikliklər edilməsi ilə diqqəti cəlb edir. Ermənistan dövləti də, nəhayət ki, münaqişənin dinc yolla həll edilməsində maraqlı görünür. Azərbaycan rəhbərliyinin apardığı uğurlu diplomatiya sayəsində torpaqlarımız işğaldan azad ediləcəkdir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.-2008.-26 noyabr.-S.5.