Azərbaycan-İtaliya əlaqələri çox uğurla inkişaf edir
Xəbər verdiyimiz
kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
İtaliyaya rəsmi səfəri çərçivəsində
noyabrın 25-də, onun üçün ayrılmış
iqamətgahda bu ölkənin "Rai İnternational"
telekanalının "Foks neks" proqramına müsahibə
vermişdir.
- Ölkəniz müstəqilliyini
qazandığı vaxtdan bəri çətin bir yol
keçib, indi isə neft və qaz hasilatçısı kimi
tanınır. Bu yolda İtaliya ilə əməkdaşlığın
genişləndirilməsi necə görünür?
- Bu yol bizi
işıqlı gələcəyə doğru aparır.
Çünki ötən bir neçə ildə bizim
bütün enerji layihələrimiz uğurla həyata
keçirilibdir. Bu gün biz böyük həcmdə neft
ixrac edən dövlətə çevrilmişik və eyni
zamanda qaz ixrac edən ölkəyə çevrilməkdəyik.
Biz bir neçə neft və qaz kəmərləri inşa
etmişik və enerji təchizatının şaxələndirilməsinə
nail olmuşuq. Enerji sahəsində işbirliyi də bizim
İtaliya ilə ikitərəfli əlaqələrimizin əsas
elementlərindən biridir. Biz bu işbirliyinin praktik tərəflərini
müzakirə edirik və Azərbaycanda da
gördüyümüz kimi, İtaliya ilə enerji sahəsində
davamlı işbirliyi mümkündür. Bir daha vurğulamaq
istərdim ki, Azərbaycanın enerji ehtiyatları artıq
Avropa, dünya enerji bazarlarına çatdırılır və
əlbəttə ki, Azərbaycan bunlardan yararlanır.
İqtisadi inkişaf eyni zamanda bir çox sosial problemlərin
həlli deməkdir və ölkənin regional mövqeləri
əhəmiyyətli dərəcədə güclənmişdir.
- "Nabukko" layihəsinə
gəldikdə bu layihə həyata keçiriləcəkmi,
yoxsa dayandırılıb?
- Bunu demək çətindir
və qeyd etmək istərdim ki, "Nabukko" layihəsi
gündəliyə gələndə həmin layihənin
potensial təchizatçısı Azərbaycan deyil, digər
mənbələr nəzərdə tutulurdu. Lakin bu gün
"Nabukko" haqqında daha çox eşidəndə biz
Azərbaycanın qaz ehtiyatlarını görürük. Biz əsas
qaz yataqlarımızın işlənilməsinə son vaxtlar
başlamışıq. Hələlik hasilatı ən
yüksək həddə çatdırmamışıq,
ümid edirik ki, buna növbəti 5-6 il ərzində nail
olacağıq. Bu gün Azərbaycan qazı artıq bazarlara
çıxıb, biz üç ölkəyə qaz ixrac
edirik və çox güman ki, istehlakçıların əhatəsi
genişlənəcəkdir. Lakin "Nabukko" layihəsinin
həyata keçirilməsi təkcə bizdən asılı
deyildir. Bu, daha çox "Nabukko" şirkətlərinin
fəaliyyətindən, tranzit məsələlərindən,
Mərkəzi Asiya mənbələrinə qoşulma məsələlərindən
asılıdır. Bu, daha geniş bir layihədir. Azərbaycan
"Nabukko" layihəsində tranzit ölkə və zərurət
yaranarsa, potensial təchizatçı rolu oynamağa
hazırdır. Lakin eyni zamanda onu demək istərdim ki, bu, təkcə
bizim layihəmiz deyildir.
Bizim öz layihələrimizə
gəldikdə isə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum
qaz kəmərləri layihələri tamamlanıb və
artıq qeyd etdiyim kimi, Azərbaycan nefti və qazı müxtəlif
istiqamətlərdə nəql olunur.
- "Qazprom" Azərbaycan
qazının alınması ilə bağlı yüksək
qiymət təklif etmişdir. Bu sahədə onlara verəcəyiniz
cavab hansı ola bilərdi?
- Bizə müxtəlif
təkliflər gəlir və öncə dediyim kimi, biz
qonşumuz olan Gürcüstana, digər qonşumuz Türkiyəyə
qaz ixrac edirik. Türkiyə vasitəsilə bizim
qazımız Avropa İttifaqı bazarına, xüsusilə
Yunanıstana daxil olur. Digər qonşumuz Rusiyanın
"Qazprom" şirkətindən də bizə təkliflər
var və biz hazırda həmin təklifləri nəzərdən
keçiririk. Əlimizdə olan təkliflərə biz eyni
mövqedən yanaşırıq. Bu, tamamilə ticari məsələdir.
Biz öz enerji layihələrimizi yalnız kommersiya, şaxələndirmə,
təhlükəsizlik və uzunmüddətli tərəfdaşlıq
baxımından həyata keçiririk. Məhz bu səbəbdən
bütün təkliflərə baxılacaqdır. Təbii
ki, qiymət də bazar qiymətlərinə cavab verməlidir.
Bu gün Azərbaycan iqtisadiyyatı 100 faiz bazar
iqtisadiyyatıdır və əgər qiymət
yaxşıdırsa, təbii ki, hər bir təklif dəyərləndirilə
bilər. Eyni zamanda bu gün və gələcəkdə, -
çox uzaq gələcəkdə deyil, - Azərbaycan
müxtəlif istiqamətlərə qaz ixrac etmək
üçün kifayət qədər mavi yanacaq hasil edə
biləcəkdir.
- Azərbaycan beynəlxalq
səviyyədə get-gedə daha mühüm rol oynamağa
başlayır. Bu baxımdan enerji əməkdaşlığı
sahəsində İranla da müəyyən işbirliyi nəzərdə
tutulurmu?
- Bəli, bizim
İranın enerji sektoru ilə tərəfdaşlığımız
var, ticarət əlaqələrimiz var, İran bazarına neft
məhsulları ixrac edirik. Eyni zamanda biz iki ölkə
arasında elektrik enerjisi mübadiləsi sahəsində əməkdaşlıq
edirik, bizi birləşdirən elektrik xətlərimiz var. Son
bir neçə il ərzində qaz sahəsində də
çox ciddi əməkdaşlıq edirik, mübadilə əməliyyatları
aparırıq, ölkələrimizin müxtəlif bölgələri
üçün mavi yanacağın mübadiləsini həyata
keçiririk. Beləliklə, bu əməkdaşlıq çox
genişdir, qarşılıqlı surətdə səmərəlidir
və eyni zamanda enerji resurslarımızın
axınını şaxələndirməyə kömək
edir.
Faktik olaraq, biz enerji sahəsində
bütün qonşularımızla çox ciddi və səmərəli
əməkdaşlıq edirik. Bu o deməkdir ki, təchizatçı
kimi Azərbaycan ən mühüm məqsədlərindən
biri olan şaxələndirməyə nail ola bilmişdir.
Şaxələndirmə təkcə istehlakçılar
üçün deyil, təchizatçılar
üçün də vacibdir. Xüsusilə də
dünyanın enerji bazarına birbaşa
çıxışı olmayan ölkələr
üçün. Azərbaycan açıq dənizlərə
çıxışı olmayan bir ölkədir, bizim neft və
qaz bazarlarına birbaşa çıxışımız
yoxdur. Buna görə də boru kəmərlərinin
olması bizim üçün vacibdir. Bizim müxtəlif
istiqamətlərdə boru kəmərlərimiz var, qonşu
ölkələrlə, o cümlədən İranla da əməkdaşlığımız
uğurludur.
- İqtisadi artım sahəsində
ölkəniz son illər ərzində böyük nailiyyətlər
əldə etmişdir. Bu haqda məlumat verərdiniz.
- Bəli, bu, həqiqətdir.
Son beş il ərzində iqtisadi artım üç dəfə
çoxalmışdır. İqtisadiyyatımız artıb,
bu, eynilə sənaye istehsalında da baş veribdir. Biz
işsizliyi, demək olar ki, tamamilə aradan
qaldırmışıq, hazırda yoxsulluğun
azaldılması proqramı çox uğurla icra olunur.
Ölkədə yoxsulluqda yaşayan insanların sayı
çox azdır. Biz ölkənin inkişafı
üçün böyük sərmayələr qoyuruq,
infrastruktura investisiyalar yatırılır. Son beş il ərzində
büdcə xərclərimiz 10 dəfədən də
çox artıb və bu gün, xüsusilə qlobal maliyyə
böhranı dövründə biz özümüzü
çox rahat hiss edirik. Valyuta ehtiyatlarımız artıq 18
milyard dollara çatıbdır. Bu, bizim üçün
kifayətdir. İqtisadi fəaliyyəti inkişaf etdirmək
üçün yaxşı perspektivlərimiz var. Dünya
iqtisadiyyatında müşahidə edilən ümumi tənəzzülə
baxmayaraq, bu il də bizim iqtisadiyyatımızda artımın
səviyyəsi yüksək olacaqdır. Ötən il bu, 25
faizə bərabər olub, bu il təbii ki, bir qədər az,
lakin real olacaqdır.
Beləliklə, ölkədəki
bir çox iqtisadi problemlər həll olunub və təbii ki,
biz özümüzü çox arxayın hiss edirik. Biz
iqtisadi cəhətdən təmin olunmuş ölkəyik.
Bizim təbii ehtiyatlarımız var, coğrafi mövqeyimiz əlverişlidir,
müasir nəqliyyat infrastrukturumuz, yaxşı iqlimimiz,
yaxşı aqrar imkanlarımız var. Özümüzü əksər
kənd təsərrüfatı məhsulları ilə, demək
olar ki, 100 faiz təmin edə bilirik. Beləliklə, biz ərzaq
təhlükəsizliyi, enerji təhlükəsizliyi və hər
bir ölkə üçün son dərəcə vacib olan nəqliyyat
təhlükəsizliyi baxımından yaxşı vəziyyətdəyik.
Lakin bu o demək deyil ki, biz bu vəziyyətdən həzz
almalıyıq. Biz güclü ölkə olmaq
üçün bütün bu illər
çalışdığımız kimi, hələ
çox iş görməliyik.
- İndi isə ikitərəfli
münasibətlərə keçək. Xalqlarımız
arasında dostluq əlaqələri tarixən mövcud olub.
Bilirik ki, Azərbaycanda motsarella pendiri istehsal edən müəssisə
açılıbdır. İtaliya ilə iqtisadi münasibətlərin
gücləndirilməsinə gəldikdə Siz nə qənaətdəsiniz?
- Düzdür, ümumiyyətlə,
ölkələrimiz arasında əlaqələr çox
uğurla inkişaf edir. Müstəqilliyi əldə etdiyimiz
ilk illərdən İtaliya ilə əlaqələrimiz
çox sürətlə inkişaf edir, siyasi əlaqələrimiz
də çox yaxındır. Bu, mənim son üç il ərzində
ölkənizə ikinci rəsmi səfərimdir. Bu, əlaqələrimizin
səviyyəsinin mühüm göstəricisidir.
İtaliya şirkətləri Azərbaycanda uğurla
çalışır, enerji sektoruna və digər sahələrə
böyük sərmayələr yatırır. Azərbaycanda
bəzi İtaliya şirkətləri müxtəlif sənaye
layihələrində podratçı qismində
çalışır və eyni zamanda kənd təsərrüfatı
sahəsində təmsil olunur. Ölkələrimiz
arasında humanitar sahədə güclü mədəni əlaqələrimiz,
geniş fəaliyyət var. ümumiyyətlə, bunlar
çox tarazlaşdırılmış əlaqələrdir,
yaxşı gələcəyi var. Çünki siyasi və
iqtisadi sahələrdə əlaqələri inkişaf etdirmək
üçün yaxşı imkanlar var.
Avropa
İttifaqının aparıcı ölkələrindən
biri kimi İtaliya Azərbaycanın bu qurumla əlaqələrində
mühüm rol oynayır. Hesab edirik ki, bu əlaqələr
uğurla inkişaf edir. İqtisadi sahədə gələcəkdə
görüləcək işlər çoxdur, çünki
ölkəmizin imkanlarını öyrənməyə və
Azərbaycanın regionumuzda çox mühüm rol
oynadığını görməyə hələ də
ehtiyac var. Təkcə iqtisadi inkişaf baxımından deyil,
həm də bir siyasi sabitləşdirici kimi. Bildiyiniz kimi, əfsuslar
olsun ki, Cənubi Qafqaz regionunda vəziyyət sabit deyildir. Bu səbəbdən
Azərbaycanın iqtisadi inkişafı və müsbət
siyasi təsiri regionun təhlükəsizliyi üçün
əhəmiyyətli rol oynayır.
- Sizdən ölkənizin
iqtisadi inkişafı ilə bağlı gözəl
perspektivləri eşitməkdən məmnun oldum. Lakin Azərbaycanın
müəyyən problemi də var. Bu, Dağlıq Qarabağ
münaqişəsidir. Bilirik ki, məsələni Ermənistanla
dinc yolla həll etmək istəyirsiniz. Xarici işlər
nazirləri görüşlər keçirirlər. İşğal
edilmiş torpaqların azad olunması ilə bağlı
müzakirələr aparılır. Bununla belə, tərəflərin
tutduğu mövqelər arasında fərqlər var. Bu
yaxınlarda isə, saziş imzalandı.
- Xeyr! İlk növbədə
onu demək istəyirəm ki, Rusiya, Azərbaycan və Ermənistan
prezidentlərinin Moskvada imzaladıqları sənəd
saziş deyil, siyasi Bəyannamə idi. Burada münaqişənin
necə həll olunmasına dair ölkələrin mövqelərini
əks etdirən Bəyannamədən söhbət gedir. Həmin
Bəyannamənin üç vacib elementini vurğulamaq istərdim.
İlk növbədə, bu sənəd Azərbaycan və Ermənistan
arasında imzalanıb, Dağlıq Qarabağla yox. Bu onu
göstərir ki, Ermənistan rəhbərliyi münaqişə
tərəflərinin Ermənistan və Azərbaycan
olduğunu dərk edir. Əvvəllər bu, belə deyildi. Əvvəllər
onlar hamını inandırmağa
çalışırdılar ki, müharibə Dağlıq
Qarabağ və Azərbaycan arasındadır. Məsələ
budur. Bu, çox vacibdir. Ermənistan rəhbəri
münaqişə tərəflərinin kim olduğunu göstərən
sənədə öz əli ilə imza atıbdır. İkincisi,
Bəyannamədə deyilir ki, münaqişə beynəlxalq
hüququn norma və prinsipləri, həmin prinsiplər
çərçivəsində qəbul edilmiş qərar və
qətnamələr əsasında həll olunmalıdır. Bu
o deməkdir ki, BMT-nin Təhlükəsizlik
Şurasının qəbul etdiyi və Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal olunmuş
ərazilərindən qeyd-şərtsiz
çıxarılmasını tələb edən qərar və
qətnamələrə hörmətlə
yanaşılmalıdır.
Üçüncü
vacib element ondan ibarətdir ki, münaqişənin həllində
hər bir mərhələ beynəlxalq təminatla
müşayiət olunmalıdır. Bu o deməkdir ki,
münaqişə mərhələ-mərhələ həll
edilməlidir. Bu, daim bizim mövqeyimiz olub, Ermənistanın
mövqeyi isə münaqişənin paket şəklində
həlli olubdur.
Beləliklə, bu
üç element danışıqlar prosesində yeni elementlərdir
və mən şadam ki, Ermənistan rəhbəri bu prinsipləri,
bu Bəyannaməni imzalamağa özündə cəsarət
tapdı. Əgər Ermənistan bu prinsiplərə riayət
etsə, münaqişə asanlıqla həll oluna bilər.
Vəziyyət isə
aydındır, Azərbaycan ərazisinin Ermənistan tərəfindən
işğal edilməsi faktı beynəlxalq birlik tərəfindən
tanınır. Bu işğal və azərbaycanlılara
qarşı yürüdülən etnik təmizləmə
siyasəti nəticəsində 1 milyon azərbaycanlı
qaçqın və öz torpaqlarında məcburi
köçkün vəziyyətinə
düşübdür. Ölkənin 20 faizi işğal
altındadır. Bu, beynəlxalq hüquq normalarına tamamilə
ziddir. Münaqişənin sülh yolu ilə deyil, digər
yollarla həllinə dair verdiyiniz şərhlə
bağlı onu demək istərdim ki, bu Bəyannamədə
Azərbaycanı hərbi yoldan çəkindirən öhdəliyi
heç kim tapa bilməz. Bəyannamədə "hesab edirik
ki, siyasi həll yolu olmalıdır" deyilməsi fundamental
hüquqlarımızdan imtina etməyimiz demək deyildir. Bütün
beynəlxalq normalara əsasən, hər bir ölkənin özünü
müdafiə etmək hüququ var.
Azərbaycan Ermənistanın
təcavüzünün qurbanıdır. Bu təcavüz nəticəsində
nəinki Dağlıq Qarabağ, hətta onun ərazisindən
kənar və ermənilərin heç vaxt
yaşamadıqları daha 7 rayon Ermənistan tərəfindən
işğal olunmuşdur. Bundan da bizim insanlar əziyyət
çəkirlər. Ona görə də siyasi həll
ümidi ilə biz eyni zamanda istənilən tədbiri görməyə
daim hazır olmalıyıq. Burada hərbi yol istisna deyil,
heç vaxt olmayıb və ərazi
bütövlüyümüzü bərpa etmək
üçün heç vaxt istisna olmayacaqdır. Biz
özümüzü əhəmiyyətli dərəcədə
gücləndirmişik. Son beş il ərzində Azərbaycanın
hərbi potensialı, iqtisadi inkişafı və siyasi
gücü bir neçə dəfə artmışdır. Lakin
təxminən iki onillik ərzində aparılan
danışıqlar prosesində olmağımız faktı
onu göstərir ki, bizim məqsədimiz sülh yolunu
tapmaqdır.
Qafqazda heç kim
müharibə istəmir. Lakin eyni zamanda biz bu vəziyyətlə
barışa bilmərik. Ermənistanın iki onillikdən
çox xalqımızın fundamental hüquqlarını
pozması faktı ilə və heç nə baş verməməsi
ilə razılaşa bilmərik. Beynəlxalq birlik məsələnin
həllində lazımi rolu oynamır. Biz ümid edirik ki, məsələyə
diqqət artacaq, xüsusilə də sülhün nə qədər
həssas olduğunu göstərən Qafqazdakı son hadisələrdən
sonra. Bizə gəldikdə isə bizim təmas xəttində
sülhməramlılar yoxdur. Burada Ermənistan və Azərbaycan
ordusu var. Bu səbəbdən də sülh çox həssasdır.
Qafqazda sülhün bərqərar olunması
üçün biz tezliklə məsələnin həlli
yolunu tapmalıyıq.
- Bu gün deyilir ki, məsələ
dinc yolla həll olunmalıdır, Azərbaycan isə neft və
qaz gəlirlərini Silahlı Qüvvələrin gücləndirilməsinə
yönəldir. Bu haqda nə deyə bilərsiniz?
- Deməzdim ki, vəsaitin
böyük hissəsi o istiqamətə sərf olunur. Büdcəmizə
baxsanız, Azərbaycanda son beş il ərzində büdcə
xərclərinin 10 dəfədən çox
artdığını görərsiniz. Təxminən 12 dəfə
artmışdır. Eyni zamanda təhsil xərcləri də
10 dəfə artmışdır, infrastruktur layihələri
üçün xərclər bir qədər çox ola bilər.
Ordu xərcləri də 10 dəfə artmışdır. Yəni
biz neftdən gələn gəlirləri yalnız silah
alınmasına sərf etməmişik. Biz silah alırıq,
ancaq eyni zamanda məktəb, xəstəxana, yollar, elektrik
stansiyaları tikirik. Biz ölkəmizi inkişaf etdiririk. Əgər
ÜDM daxilində Azərbaycan və Ermənistanın hərbi
xərclərinin faiz dərəcələrinə baxsanız,
Ermənistanın bu sahəyə daha çox vəsait xərclədiyini
görərsiniz. Məsələ ondadır ki, bizim ÜDM Ermənistanın
eyni göstəricisindən təxminən 6-7 dəfə
çoxdur. Bu səbəbdən hərbi sahəyə biz Ermənistanın
bütün ölkə üçün xərcləyə
biləcəyi qədər vəsait xərcləyə bilirik.
Onlar dərk etməlidirlər ki, aramızda olan tarazlıq
artıq yoxdur və bundan sonra da olmayacaqdır. Onlar bu
reallığı anlamalıdırlar ki, Azərbaycan daha da
inkişaf edəcək güclü ölkədir. Onlar öz
xalqına firavan həyat təmin etmək üçün
bunu nəzərə almalıdırlar.
- İqtisadiyyat
artmaqdadır, lakin Freedom House təşkilatı bildirir ki,
demokratiya inkişaf etmir.
- Bilirsiniz, Freedom House
kimi təşkilatlar obyektiv deyildir. Onlar Azərbaycanı
olduğu kimi yox, fərqli təqdim etməyə
çalışırlar. Şəxsən mənim
üçün fəaliyyətimizin ən vacib qiyməti beynəlxalq
təşkilatların verdiyi qiymətdir. Freedom House
özünün gündəliyi, siyasi maraqları olan bir
qeyri-hökumət təşkilatıdır. Onların Azərbaycanda
bəzi müxalifət nümayəndələri arasında
dostları da var. Buna görə də onların Azərbaycan
haqqında dedikləri düzgün hesab edilə bilməz.
Bu yaxınlarda bizdə prezident seçkilərini izləyən
ATƏT-in və Avropa Şurasının qiymətləndirmələri
- vacib olan budur. Fakt odur ki, Azərbaycanda seçkilər
çox normal və şəffaf şəraitdə
keçirilib və onun nəticələri Azərbaycan
xalqının iradəsini əks etdirdi. Nəticələrə,
seçkilərin düzgünlüyünə dair heç
bir şikayət daxil olmamışdır. Mühüm olan
budur. Bu onu göstərir ki, Azərbaycan real demokratiyanın
qurulması üçün sürətlə irəliləyir
və demokratikləşmə prosesi sürətlə gedir. Biz
Avropa İttifaqına inteqrasiya oluruq, məsələn, biz
qurumla qonşuluq proqramları həyata keçiririk. Nəyə
görə? Meyarları Avropa İttifaqına daha da
yaxınlaşdırmaq üçün! Bizə İttifaqdan
pul gərək deyil, bizə heç bir güzəşt və
ya subsidiyalar lazım deyildir. Biz sadəcə, həyat meyarlarımızı
və siyasi sistemimizi ən yaxşı nümunəyə
çatdırmağa çalışırıq. Eyni mənzərəni
yeddi il üzvü olduğumuz Avropa Şurasında görə
bilərik.
Bu, böyük və həmişə
asan olmayan, bəzən ağrılı bir yoldur, lakin biz bu
yolu seçmişik. Bu, reallıqdır. Üstəlik, liberal
iqtisadi islahatlar. Qeyri-demokratik ölkədə liberal iqtisadi
islahatlara nail olmaq mümkün deyildir. Bu il Dünya Bankı
Doing Business proqramı üzrə Azərbaycanı
dünyanın bir nömrəli islahatçı ölkəsi
elan etmişdir. Ötən il BMT Dövlət Neft Fondunu şəffaflığa
görə mükafatla təltif etmişdir. Beləliklə,
qeyri-demokratik cəmiyyətdə bu, mümkün olmazdı.
Qeyri-demokratik cəmiyyət Dünya Bankı tərəfindən
bir nömrəli islahatçı ölkə elan edilə bilməz.
Dünya Bankı dünyanın ən iri maliyyə təsisatıdır.
ATƏT, Avropa Şurası, Avropa İttifaqı - bunlar ciddi təşkilatlardır.
Beləliklə, Freedom House və ona bənzər təşkilatlar
bu qurumlarla müqayisə edilə bilməz.
- Azərbaycan digər
beynəlxalq təşkilatlar tərəfindən bütün
ölkələr kimi qiymətləndirilir. Bu yaxınlarda Beynəlxalq
Valyuta Fondu korrupsiya sahəsində hazırladığı
reytinq sənədlərində Azərbaycanın cədvəldəki
mövqeyinin aşağı düşdüyünü
göstərmişdir. Dünyanın bir çox ölkələrində
korrupsiya problemi var. Azərbaycanın bu sahədəki səyləri
haqqında nə deyə bilərsiniz?
- Burada bir düzəliş
etmək istərdim. Bu qiymətləndirmə Beynəlxalq
Valyuta Fondu tərəfindən deyil, Transparency İnternational
adlandırılan QHT tərəfindən
hazırlanıbdır. Bilirsiniz, QHT-lər çoxdur. Bizim
ölkədə QHT-ni iki gün ərzində yaratmaq olar. Bundan
sonra reytinqlər açıqlanır, təəssürat və
ya maraqlar əsasında ölkələr həmin reytinqdə
yer alır. Biz QHT-lərə böyük diqqət yetiririk.
Biz ciddi beynəlxalq təşkilatların qiymətləndirmələrinə
əhəmiyyət veririk. Dünyada bir nömrəli
islahatçı olmaq təsadüfən baş vermir. Bu
özünü bizim liberal iqtisadiyyatımızda, korrupsiyaya
qarşı mübarizəmizdə göstərir. Bu onu
göstərir ki, Azərbaycanda biznes qurmaq asandır, korrupsiya
mühitində bu, mümkün deyildir. Beləliklə, QHT-lərin
qiymətləndirmələri bəzən onların subyektiv fikirlərinə
əsaslanır.
Eyni zamanda biz bu xəstəlikdən
uzağıq desək, yanılarıq. Bu, bütün
dünya ölkələrində, keçmiş Sovet
İttifaqı ölkələrində, hətta Avropada belə,
böyük bir problemdir. Onunla necə mübarizə aparaq? Biz
çalışırıq. Biz korrupsiyaya qarşı mübarizə
üçün xüsusi komissiya yaratmışıq,
xüsusi proqramımız, qanunumuz var. Eyni zamanda biz inzibati və
iqtisadi qüvvələri bununla mübarizəyə cəlb
edirik. Bəzən biz çox ciddi addımlar atırıq.
Bir neçə il bundan öncə təkcə korrupsiyaya
görə Azərbaycanda bir neçə nazir həbs
edilmişdir. Bir çox digər yüksək rütbəli məmur
da həbs olunmuşdur. Lakin biz görürük ki, təkcə
inzibati tədbirlərlə bu, çox çətindir. Biz əlaqələndirmə
yaratmalıyıq, iqtisadiyyatı
liberallaşdırmalıyıq, güclü orta təbəqə,
siyasi həyatda hər bir şəxs üçün
geniş şərait yaratmalıyıq. Bundan sonra korrupsiya
aşağı düşəcəkdir.
- Cənab Prezident,
sonuncu sualım sadədir. Ölkənizin milli valyutası,
manatın üzərində Avropanın ümumi xəritəsi
də təsvir olunub və Azərbaycan orada bütöv
Avropanın sərhədində göstərilibdir. Hesab
edirsinizmi ki, Azərbaycan Avropa İttifaqının
üzvü olmalıdır?
- Bilirsiniz, təbii ki,
bu, Avropadan, Avropa İttifaqından asılı olacaqdır. Hesab
edirik ki, bugünkü əlaqələrimizin səviyyəsi
çox yüksəkdir. Qeyd etdiyim kimi, artıq iki ildir ki, biz
Avropa İttifaqı ilə Qonşuluq proqramını icra
edirik. Bizim enerji sektorunda güclü tərəfdaşlığımız
var. Təbii ki və əminəm, apardığımız
islahatlar növbəti beş il ərzində həyatımızın
bir çox meyarlarını, o cümlədən siyasi sistemi
və iqtisadi azadlığı Avropa İttifaqının
meyarları səviyyəsinə gətirib
çıxaracaqdır. Əgər Avropa İttifaqı bizi
öz strukturlarına inteqrasiya olunan və ya əlaqəli
olan və yaxud qonşu kimi görmək istəyirsə, istənilən
seçim bizi razı salar. Biz Avropa İttifaqından nə isə
tələb edə bilmərik, qapını bərk döyərək,
bizi içəri buraxın deyə bilmərik.
Avropa İttifaqı bir
ailədir və bu ailənin öz qanun və qaydaları var,
bu ailənin kimisə buraya dəvət edib-etməmək
hüququ var. Əgər biz bu gün desək ki, bəli, biz
daha da inteqrasiya olunmuş olmaq istərdik, bu, böyük dəyişikliklərə
səbəb olmayacaqdır. Biz çalışmalıyıq.
Azərbaycanda gördüyümüz işlər ölkəni
gücləndirməyə, güclü siyasi sistemin, azad
iqtisadiyyatın, bazar iqtisadiyyatının, sosial ədalətin
yaradılmasına və Avropa İttifaqının gündəliyində
olan bütün prinsiplərə xidmət edir. Onu da zaman
göstərər.
- Sizin üç
övladınız var. Onlar daha çox Qərbə, yoxsa
Şərqə baxırlar?
- Bilirsiniz bunu demək
çətindir. Onlar Azərbaycana baxırlar. Biz öz
ölkəmizdə ənənələrimizi, həyat tərzimizi,
mentalitetimizi çox yüksək qiymətləndiririk. Azərbaycandakı
gənc nəsil və ələlxüsus mənim
uşaqlarım milli ruhda tərbiyə edilirlər. Onlar
üçün Vətən ən ön planda durur. Biz hərdən
yüksək səviyyədə olduğunu hesab etdiyimiz Avropa
dəyərlərindən danışırıq. Lakin bizim
öz dəyərlərimiz var, milli dəyərlərimiz, ulu
babalarımızdan qalma dəyərlərimiz var, tariximiz, ənənələrimiz
var. Buna görə də uşaqlarımın naminə,
bütün cavan nəslin naminə, bütün Azərbaycan
xalqının naminə ölkəmizə qayğı ilə
yanaşmağı və ölkəni gücləndirmək
üçün işləməyi üstün tuturam. Buna
nail olmaq üçün bizim həm Qərblə, həm də
Şərqlə yaxşı münasibətlərimiz
olmalıdır. Azərbaycanda hər şey məhz bu cür
baş verir və bəlkə də bu, bizim uğurlu
inkişafımızın səbəblərindən biridir.
Müxbir: Təşəkkür
edirəm.
AzərTAc
Azərbaycan .-2008.-27 noyabr.-S.2.