AİDS-lə mübarizəyə dair yeni qanun layihəsi hazırlanacaq
Noyabrın 26-da Milli Məclisin
Sosial siyasət daimi komissiyasının iclası
keçirildi.
İclasda "İnsanın
immunçatışmazlığı virusunun törətdiyi
xəstəliyin (AİDS) yayılmasının
qarşısının alınması haqqında" Azərbaycan
Respublikası Qanununun monitorinqi və təkmilləşdirilməsi
məsələsi müzakirə olundu.
Komissiyanın sədri Hadi Rəcəbli
bildirdi ki, bu xəstəliklə bağlı MDB məkanında
mükəmməl qanun ilk olaraq 1996-cı ildə Azərbaycanda
qəbul edilib.
Artıq həmin vaxtdan 12 il
ötdüyü üçün qanunun təkmilləşdirilməsinə
ciddi ehtiyac yaranıb. Əlavə və dəyişikliklər
çox olduğu üçün qanunun tamamilə yenidən
işlənməsi zərurəti meydana çıxıb.
Bu gün AİDS xəstəliyinin ölkəmizdə,
xüsusən kənd yerlərində yayılmaqda olduğunu
deyən Hadi Rəcəbli vaxtaşırı bu məsələyə
diqqət yetirilməsinin vacibliyini vurğuladı.
İclasda qeyd olundu ki, ölkəmizdə
AİDS xəstəliyi 60-70 faiz narkotik istifadəçiləri
arasında yayılıb. Xüsusən həbsxana
yerlərində narkotiklərdən istifadə edilməsi
hallarına təsadüf olunması narahatlıq yaradır,
AİDS-lə mübarizənin təkcə səhiyyənin
deyil, bütün ictimaiyyətin qarşısında duran vəzifə
olduğu vurğulandı.
Milli Məclisin deputatı Musa Quliyev bu məsələ
ilə əlaqədar ayrı-ayrı ölkələrin təcrübəsini
öyrənməklə tamamilə yeni qanun layihəsinin
hazırlanmasını təklif etdi. Bildirdi ki,
hazırkı qanun deklorativ xarakter daşıyır və orada imperativ normalar yoxdur.
İclasda işçi qrup tərəfindən yanvarın
ortalarına qədər
bu məsələ ilə bağlı tamamilə yeni qanun layihəsinin hazırlanması qərara
alındı.
Azərbaycan.-2008.-27 noyabr.-S.3.