Avropa Mülki Aviasiya Konfransının Parisdə keçiriləcək tədbirlərində Azərbaycan da təmsil olunacaqdır

 

AzərTAc xəbər verir ki, Avropa Mülki Aviasiya Konfransının (ECAC) dekabrda Parisdə təşkil olunacaq tədbirlərində Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndə heyəti də iştirak edəcəkdir. Administrasiyadan bildirmişlər ki, dekabrın 3-də ECAC Əlaqələndirmə komitəsinin müşavirəsi, 4-də isə ilk toplantının keçirilməsi nəzərdə tutulur. Əlaqələndirmə komitəsinin müşavirəsində ECAC prezidentinin fəaliyyəti barədə, baş vermiş aviaqəzaların təhqiqatı üzrə hesabatlar dinləniləcək, təşkilatın 2010-2012-ci illər üçün Proqramı müzakirə ediləcəkdir.

Dekabrın 5-də isə təşkilatın Parisdəki mənzil-qərargahında Mülki Aviasiya baş direktorlarının 131-ci müşavirəsi işinə başlayacaqdır. Dünyanın nüfuzlu mülki aviasiya təşkilatları nümayəndələrinin qatılacağı bu toplantının qapalı sessiyasında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) baş katibi vəzifəsinə namizəd çıxış edəcək, gündəlikdəki məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılacaqdır. Azərbaycan nümayəndə heyətinə Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov rəhbərlik edəcəkdir.

 

 

Azərbaycan.-2008.-27 noyabr.-S.3.