Ölkənin və bölgənin təhlükəsizliyinə və firavanlığına xidmət edən siyasət

 

Bu günlərdə ölkəmiz növbəti beynəlxalq siyasi tədbirə ev sahibliyi etdi. Noyabrın 20-də Bakıdakı "Avropa" mehmanxanasının konfrans salonunda Rusiyanın "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu qeyri-kommersiya təşkilatının təşəbbüsü ilə "Azərbaycan XXI əsrdə - uğurun strategiyası" mövzusunda beynəlxalq "dəyirmi masa" keçirildi. Qara dəniz-Xəzər dənizi regionu dövlətlərinin 60-dan çox nümayəndəsinin, Azərbaycan Respublikası Prezidenti İcra Aparatının, Rusiya Federasiyası Prezidenti Administrasiyasının əməkdaşlarının, Azərbaycan Milli Məclisinin və Rusiya Dövlət Dumasının deputatlarının, region ölkələrinin ictimai və siyasi xadimlərinin iştirak etdiyi beynəlxalq tədbir bir sıra mühüm məsələlərə dair fikir mübadiləsi aparılması, mövqelərə nəzər salınaraq aydınlıq gətirilməsi ilə əlamətdar oldu.

Siyasəti və iqtisadiyyatı necə qurmaq, sosial xarakterli məsələləri necə həll etmək barədə region ölkələrinin bir-birindən öyrənməli məsələlər çoxdur. Bu mənada Bakıda keçirilən beynəlxalq "dəyirmi masa" görüşü region dövlətlərinin bir-birini daha yaxşı başa düşmək, bir-birlərinin təcrübəsini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edirdi. Bu cür tədbirlər siyasi və iqtisadi uğurlarla əlaqədar ictimai fonun formalaşmasında da mühüm addımlardan biri sayıla bilər. Strateji təhlükəsizlik, iqtisadi əməkdaşlıq məsələlərindən tutmuş humanitar sahədə əməkdaşlığa qədər məsələlərin bütün spektri "dəyirmi masa" iştirakçıları tərəfindən nəzərdən keçirildi. Beynəlxalq tədbirdə diskussiyalar çox maraqlı, açıq, xeyirxah ruhda keçdi və səmimi fikir mübadiləsi aparıldı. Ümumi qənaətə görə, "dəyirmi masa", həqiqətən regionda sabitliyin möhkəmləndirilməsinə yönəlmiş olduqca faydalı tədbir idi.

Tədbir iştirakçılarını qəbul edən Azərbaycan Prezidenti cənab İlham Əliyev "Azərbaycan XXI əsrdə - uğurun strategiyası" mövzusunda beynəlxalq "dəyirmi masa"nın əhəmiyyətindən danışaraq, əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üçün vaxtaşırı bu cür fikir mübadilələrinin keçirilməsinin vacibliyini qeyd etmişdir: "Çox şadam ki, hamımızı narahat edən məsələlərə həsr edilmiş "dəyirmi masa" görüşü bizim ölkəmizdə keçir. Mən sizin proqramın gündəliyi ilə tanışam. Orada həm regional inkişaf, ikitərəfli münasibətlər məsələləri, həm də Qafqazda, Xəzər dənizi regionunda vəziyyətlə əlaqədar məsələlər vardır, yəni görüşün gündəliyi çox genişdir. Ümid edirəm ki, müzakirənin yekunları çox müsbət olacaqdır. Əlbəttə, regionumuzda baş verənləri düşünüb daşınaraq təhlil etməyə daim ehtiyac var, lakin hesab edirəm ki, əməli addımlar atılması üçün düzgün nəticələr çıxarılması daha vacibdir. Dünyada, o cümlədən bizim regionda da vəziyyət dəyişir. Ona görə də vaxtaşırı bu cür fikir mübadilələri aparmaq, əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi yollarını tapmaq zəruridir".

Qeyd edək ki, "Azərbaycan XXI əsrdə - uğurun strategiyası" çox aktual mövzudur və hazırda Azərbaycan cəmiyyətində baş verən prosesləri, burada cərəyan edən meyilləri tam əks etdirir. Azərbaycan dünya dövlətləri arasında hər il davamlı iqtisadi artım sürəti nümayiş etdirən, dinamik inkişafda olan, irəliyə doğru hərəkət edən çox azsaylı ölkələrdən biridir. Bu inkişafın əsasında isə Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və müdrik siyasəti dayanır. Azərbaycan beynəlxalq aləmdə - həm qlobal səviyyədə, həm də regional səviyyədə mühüm tərəfdaşa çevrilmiş, o cümlədən millətlərarası, konfessiyalararası ünsiyyətin həqiqətən uğurla inkişaf etdiyi ölkədir. Mühüm geostrateji məkanda yerləşən Azərbaycan həm də beynəlxalq əməkdaşlıq, dostluq meydanı, enerji ehtiyatlarının nəqli mərkəzidir. Prezidentin İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun təbirincə desək, Azərbaycan Qərb və Şərq mədəniyyətini və sivilizasiyasını birləşdirən körpü, həm də ölkələr arasında qarşılıqlı mübadilənin aparıldığı meydandır.

Eyni zamanda Azərbaycan müharibədən, terrordan əziyyət çəkən ölkədir. Azərbaycan ərazilərinin bir hissəsi bu gün Ermənistan tərəfindən işğal edilib və beynəlxalq nəzarətdən tamamilə kənardadır. Ermənistanın işğalçı siyasəti bu gün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ən böyük maneə olmaqla yanaşı həm də bölgənin inkişafına əngəllər yaradır. Regionda vəziyyət barədə danışarkən şübhəsiz ki, təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərindən yan keçmək olmaz. "Azərbaycan XXI əsrdə - uğurun strategiyası" mövzusunda beynəlxalq "dəyirmi masa"nın əhəmiyyəti ondan ibarət idi ki, iştirakçılar ölkəmizin mövqeyi, həm bu münaqişənin tarixi kökləri, həm də onun həlli məsələsinə Azərbaycan yanaşması ilə daha yaxından tanış oldular.

Beynəlxalq "dəyirmi masa"nın birinci sessiyası "Azərbaycan və Avrasiya məkanı: sabitlik və inkişaf", ikinci sessiyası "Azərbaycanın strategiyasının varisliyi ölkənin tərəqqisinin rəhnidir" mövzularını əhatə etmişdir. Üçüncü sessiya isə Azərbaycanın siyasi sisteminin fəaliyyətində siyasi partiyaların roluna həsr olunmuşdur. Birinci sessiyada diqqət əsasən Azərbaycan-Rusiya münasibətlərinə yönəldildi. Həqiqətən bu gün Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlər mehriban qonşuluq, strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır və dinamik şəkildə inkişaf etməkdədir. Azərbaycan-Rusiya münasibətləri ölkələrimiz üçün vacib olduğu qədər Qafqaz və Xəzər regionunun inkişafında da əhəmiyyətli rol oynayır. İkitərəfli münasibətlərin gələcəkdə də uğurla inkişaf etməsi üçün hər iki ölkə rəhbərliyi güclü siyasi iradə nümayiş etdirir və dövlətlərarası möhkəm hüquqi baza mövcuddur. "Dəyirmi masa" görüşünün iştirakçılarını qəbul edərkən dövlət başçısı cənab İlham Əliyev kifayət qədər dinamizmə və konstruktivizmə malik münasibətlərin hazırkı inkişafının Azərbaycanı razı saldığını bildirmişdir. Ölkəmiz bunu mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirir. Rusiya-Azərbaycan münasibətlərinin inkişafı bu iki ölkə üçün çox vacib olduğu qədər, həm də bütün Qafqaz və Xəzər regionunun inkişafı üçün əhəmiyyətlidir. Azərbaycan-Rusiya münasibətləri gələcəkdə də regionda sabitləşdirici amil rolu oynayacaq, təhlükəsizlik tədbirlərinin güclənməsinə və bütün münaqişələrin həllinə kömək edəcəkdir.

"Dəyirmi masa"nın "Azərbaycanın strategiyasının varisliyi ölkənin tərəqqisinin rəhnidir" mövzusunda ikinci sessiyasında bildirilmişdir ki, Heydər Əliyevin siyasi iradəsi ona ölkəni ağılasığmaz çətinliklərdən stabilliyə çıxarmağa imkan verdi. Prezident İlham Əliyevin sayəsində isə planetar geosiyasi və geomədəni layihələşdirmə obyekti kimi Vahid Azərbaycan Dünyası yaranmışdır. "Azərbaycan varisliyi" formatının arxasında real olaraq məhz xalqın etimadı anlayışı dayanır.
Azərbaycanın siyasi sisteminin fəaliyyətində siyasi partiyaların roluna həsr olunmuş üçüncü sessiyada YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov demişdir ki, YAP-ın proqramının müddəaları bu siyasi təşkilatın üzvlərini sıx birləşdirmiş, onları uğur qazanmağa istiqamətləndirmişdir. Onun fikrincə, siyasi sistemin fəaliyyəti uğursuz olarsa, sosial-iqtisadi sahənin yüksəlişini təmin etmək çətinləşər. Siyasi partiyaların ümummilli mənafelərə söykənmələrinin vacibliyini önə çəkən Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin fikrincə isə Azərbaycandakı partiyaların çoxunun sosial bazası aydın deyildir. Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlunun sözlərinə görə, Azərbaycanda keçirilmiş prezident seçkiləri göstərdi ki, ölkə əhalisi hakim partiyanı dəstəkləyir.

Rusiya Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi S.Vinokurov da Bakıda keçirilmiş "Azərbaycan XXI əsrdə - uğurun strategiyası" mövzusunda beynəlxalq "dəyirmi masa"nın təşkilini yüksək quymətləndirərək demişdir ki, konfransın mövzusu Azərbaycandakı mövcud meyilləri əks etdirir. S.Vinokurov demişdir ki, Azərbaycan iqtisadiyyatında dinamik inkişaf sürəti var, nəqliyyat və kommunikasiya infrastruktu fəal inkişaf etdirilir. Bu inkişafın əsasını Azərbaycan Prezidenti İlham Əliyevin müdrik siyasəti təşkil edir. Azərbaycan Prezidentinin seçkilərdə inamlı qələbəsi xalqın ona etimadından xəbər verir. S.Vinokurov qeyd etmişdir ki, iki ölkə arasında münasibətlər uğurla inkişaf edir və Rusiya-Azərbaycan əməkdaşlığı nümunəvi xarakter daşıyır.

Rusiyalı ekspertlər Azərbaycanla Rusiya arasında strateji əməkdaşlığın yeni perspektivləri baxımından beynəlxalq tədbirin əhəmiyyətini xüsusi qeyd etmişlər. Azərbaycanı və Rusiyanı qeyri-sabit dünyada sabitlik məkanları adlandıran Rusiya Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun müşahidə şurasının sədri Yuri Krupnovun sözlərinə görə, Azərbaycanın və Rusiyanın bir-birinə ehtiyacı var və Bakıda keçirilən "dəyirmi masa" görüşü strateji əməkdaşlıq üçün yeni perspektivlər açır. Y.Krupnov ikitərəfli münasibətlərin, yeni layihələrin həyata keçirilməsi yolu ilə möhkəmləndirilməsinin vacibliyini söyləyərək demişdir ki, Azərbaycan və Rusiya əməkdaşlıq potensialından kifayət qədər istifadə etmir. İqtisadi və ticari dövriyyənin həcmi 2-3 dəfə artırılmalıdır. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın çox böyük perspektivləri var, ancaq bu məsələ üzərində işləmək lazımdır.

"Azərbaycan XXI əsrdə - uğurun strategiyası" mövzusunda beynəlxalq "dəyirmi masa" MDB-nin iştirakçısı olan müxtəlif ölkələrin ekspertləri arasında əməkdaşlığın səviyyəsini artırmağa imkan verəcəkdir. Beynəlxalq "dəyirmi masa" görüşünün əsas dəyərlərindən biri də elə bundan ibarətdir. Sovet İttifaqı dağılandan sonra elə bu məkanda elmi tədqiqat fəaliyyəti sahəsində müəyyən boşluq hiss edilir. Bu "dəyirmi masa" həmin boşluğun aradan qaldırılmasına şərait yaradan addımlardan biridir.

"Dəyirmi masa" məruzəçiləri Qara dəniz və Xəzər dənizi regionunda sülh və əmin-amanlığın bərqərar olması üçün Prezident İlham Əliyevin yürütdüyü siyasəti təqdir edib, Azərbaycan rəhbərliyinin bölgədə dostluq və əmin-amanlığa nail olmaq üçün atdığı addımları yüksək qiymətləndiriblər. Azərbaycanın gördüyü işlər tədbirin sonunda "dəyirimi masa" iştirakçılarının qəbul etdiyi yekun bəyanatda yüksək qiymətləndirilib.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2008.-27 noyabr.-S.3.