Məcburi köçkünlər dövlət qayğısından razıdırlar

 

Eldən-obadan ayrı düşmək ağır dərddir. Nə qədər istəsən də doğma diyarın əsrarəngizliyi yaddan çıxmır. Vaxt-bivaxt kino təsvirləri kimi göz önündə, xatirələrdə canlanır. Doğrudur, günün şən keçir, deyirsən, gülürsən, amma doğulduğun yurd yerləri, ötüb keçənlər, anlar, bəxtəvər çağlar yada düşəndə özündən asılı olmayaraq qəhərlənirsən... Cəbrayıl rayonunun abad, gözəl təbiəti, füsunkar görünüşü olan kəndlərindən biri də Nüzgar idi. Bu kənddə uşaqlı-ahıllı min nəfərə yaxın sakin yaşayırdı. Camaatın əsas məşğuliyyəti əkinçilik idi. Halal əməklərinin əvəzində insanlar firavan dolanırdılar. İndi onlar Biləsuvar ərazisində ulu öndər Heydər Əliyevin qayğısı ilə salınmış yeni qəsəbədə məskunlaşıblar...

1993-cü il avqustun 23-də, Cəbrayıl rayon ərazisi işğala məruz qalanda məcburən doğma el-obalarından didərgin düşənlər arasında Nüzgar kəndinin sakinləri də oldu. Talelərindən incik, küskün olan bu insanlar nə edəcəklərini bilmirdilər. Çünki inamları, ümidləri öləzimişdi. Yol onları gətirib Biləsuvar ərazisinə çatdırdı. İlk günlər onlar üçün çox ağır keçdi.

Vaxt, zaman ötdükcə, bu insanların da vəziyyəti yaxşılaşmağa başladı. Xalqını varlığı qədər sevən ulu öndər Heydər Əliyev həmin insanların imdadına çatdı. Məcburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr salınması barədə əlaqədar təşkilatlara tapşırıq verdi. Nəhayət, illərlə çəkilən əzablara, əziyyətlərə son qoyuldu. Gözlərindən gecə-gündüz yaş sızan zavallı, məcburi köçkün nüzgarlılar da 6 il əvvəl yeni salınmış qəsəbəyə köçdülər. Yenidən həyatın, yaşamağın şirinliyini duymağa başladılar.

Avtobus İmişli dairəsi adlanan səmtdən dönüb, cənub tərəfə doğru irəliləyir. Təxminən yarım kilometrdən sonra yeni inşa olunmuş yaşayış evləri diqqət çəkir. Əkilən ağaclar qısa müddətdə evlərdən hündürə qalxıb, dekorativ, bəzək kolları adamın ürəyini açır. Maşın müqəddəs ünvanda - ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış parkın önündə dayanır. İnsanlar ümummilli liderın büstü önündə ehtiramlarını bildirirlər. İki hektar sahədən artıq park çoxlarını heyrətləndirir. Bir vaxtlar susuz düzənlik kimi tanınan, yalnız yovşan kolları boy atan ərazidə indi qızıl gül kolları, buta gülləri adamı valeh edir. Bütün bunlar dövlətin məcburi köçkünlərə diqqətinin təzahürüdür. İndi onlar hər cür qayğı ilə əhatə olunub. Rahat, yaraşıqlı mənzillərdə yaşayır, onlara müxtəlif xidmətlər göstərilir.

Azərbaycan Prezidenti əlaqədar qurumlara tapşırıq vermişdir ki, məcburi köçkünlərlə bağlı problemlər həll edilsin, yaşayışı, dolanışıqları dövlət tərəfindən ciddi nəzarət altında saxlanılsın. Belə humanistlik, alicənablıq isə məcburi köçkünlərə inamla yaşamağa güc-qüvvət verir.

Qəsəbələrdə geniş, işıqlı, texniki avadanlıqlarla tam təmin, təchiz olunmuş mədəniyyət evləri fəaliyyət göstərir. Şagirdlərin təhsili, dünyagörüşləri ilə maraqlandıq. VII sinif şagirdi Lalə Əzimovaya verdiyimiz suallara dolğun cavab eşidəndə qürur hissi keçirdik ki, təhsilə həvəs gösərən belə yeniyetmələrimiz var.
Son beş ildə qəsəbələrdə 731 nəfər daimi iş yeri ilə təmin olunub. Hər bir ailəyə 12 sot həyətyanı, 0,59 hektar torpaq payı verilmişdir. 5500 nəfərdən artıq qəsəbə sakini kənd təsərrüfatı məhsulları becərilməsi üçün mövsümi işlərə cəlb olunub. Sakinlər heyvandarlıq məhsullarından korluq çəkmirlər. Hər həyətdə ən azı 2-3 baş iribuynuzlu, 15-20 qoyun-quzu bəslənilir.

Qəsəbələrdə həyat şəraiti qənaətbəxşdir, normal yaşayış tərzi mövcuddur. Şagirdlərə dərs vəsaitləri ödənişsiz verilir. Müəllimlər məvaciblərini vaxtında alırlar. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən yaradılan sosial obyektlər sakinlərə yüksək səviyyədə xidmət göstərir. Səhiyyə, mədəniyyət, poçt işçilərinin də əməyi diqqətəlayiqdir. Qəsəbələrdə məskunlaşan minlərlə məcburi köçkün vəziyyətlərindən razılıq edir. Amma onlar yurd həsrəti çəkirlər. Eyni zamanda gələcəyə ümidlə baxırlar. İnanırlar ki, tezliklə doğma el-obalarına qayıdacaqlar.

 

 

Telman AĞAOĞLU

 

Azərbaycan.-2008.-27 noyabr.-S.5.