Torpaqda qalan izlər

 

H.Xəlilov 1928-ci ildə Gəncə Kənd Təsərrüfatı Texnikumunu bitirərək təyinatla Bərdə Pambıq Birliyinə aqrotexnik vəzifəsinə göndərilmişdi. Orada bir il çalışandan sonra Azərbaycan Kənd Təsərrüfatı institutuna (indi Akademiya adlanır) daxil olmuş, ali məktəbi qurtaranda Göyçay rayonundakı Şirvan pambıqçılıq təcrübə stansiyasında baş elmi işçi vəzifəsində çalışmışdır.

İşgüzarlığı, torpağa, elmə bələdliyi nəzərə alınaraq 1941-ci ildə o, Bakıya dəvət olunmuşdu. Respublika Xalq Torpaq Komissarlığının dənçilik şöbəsi nəzdində böyük inspektor işləmişdir. Kənd, torpaq yenə də Hüseyn Xəlilovu özünə cəlb etmiş və bir müddət Saatlı Maşın Traktor Stansiyasında böyük aqronom, Ağstafa Təcrübə Təsərrüfatında müdir, Tərtər rayonundakı Dövlət Seleksiya Stansiyasında direktor olmuşdur.

Müharibədən sonrakı illərdə o, Azərbaycan Elmlər Akademiyasının Gəncədəki Elmi-Tədqiqat Bazasında baş elmi işçi, Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda biokimya laboratoriyasının müdiri vəzifəsində çalışır. Zəngin təcrübə, aramsız axtarışlar ona elmi uğurlar gətirir. 1954-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini alır. Bununla da həyat yolunda yeni mərhələ başlanır.

Gənc alim 1955-ci ilin sentyabrından Kənd Təsərrüfatı Institutunda əvvəlcə aqrokimya kafedrasının müdiri vəzifəsində çalışır, sonra isə birləşmiş aqrokimya, meliorasiya və torpaqşünaslıq kafedrasının dosenti və eyni zamanda aqrokimya fakültəsinin qiyabi işlər üzrə dekan müavini olur.

 Elmi axtarışları həmişə Hüseyn Xəlilovun həyat amalı olmuşdur. 1967-ci ilin aprel ayında kənd təsərrüfatı elmləri doktoru, elə həmin ilin sentyabr ayında professor adını almışdır.

Bundan sonra H.Xəlilov bir müddət aqronomluq fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Kənd təsərrüfatı üçün yüksək ixtisaslı kadrların yetişdirilməsindəki və aqrar elmin inkişafındakı xidmətlərinə görə o, 1980-ci ildə əməkdar elm xadimi adına layiq görülmüşdür.

Professor H.Xəlilov kəndə bağlı, torpağa bələd, zəhmətə vurğun mütəxəssis idi. O, yetkin şəxsiyyətində bir çox mühüm keyfiyyətləri birləşdirirdi. Nizam-intizam, səliqə-sahman onun qanında, canındaydı. Təmiz, təmənnasız bir insan idi. Odur ki, tabeçiliyində olanlar böyük-kiçik pərdəsini daim saxlayar, heç vaxt yersiz hərəkətlərə yol verməzdilər. Hüseyn müəllimi görən və onu yaxından tanıyan həmkarları deyirlər ki, bu sadə, səmimi insanda fitri natiqlik qabiliyyəti var idi. Öz düşüncə və duyğularını çox aydın, səlis ifadə edə bilirdi. Buna görə də mühazirələri böyük maraqla dinlənilir, dərsdən yayınma hallarına əsla yol verilmirdi.

Professor H.Xəlilovun fəaliyyət dairəsi geniş idi. Lakin elm və tədris işini həmişə ön planda saxlayardı. 1964-cü ildə vahid aqrokimyəvi xidmət sistemi yaradılanda onun kafedrası daha fəal çalışmağa başladı. Professorun rəhbərliyi ilə Azərbaycanın yay otlaqlarında torpağın tərkibi öyrənildi və onların aqrokimyəvi kartoqramı tərtib edildi. Kənd təsərrüfatı tarixinə kimyalaşdırma dövrü kimi daxil olan 1960-1980-ci illərdə respublikamızla bağlı bu sahədəki elmi problemlərin araşdırılmasına professor H.Xəlilov xeyli əmək sərf etmişdir.

Xüsusən yem bitkilərinin düzgün gübrələnməsi, torpağın xüsusiyyətinə uyğun normaların müəyyən edilməsi sahəsində zəhməti böyük olmuşdur. Onun bu sahədəki monoqrafiyası çoxlarının stolüstü kitabına çevrilmişdi. Ümumən  100-dən artıq əsərin müəllifi olan alimin aqrokimya elmi  qarşısındakı xidmətləri böyükdür. Elmi ictimaiyyət çox yaxşı  bilir ki, o dövrdə Azərbaycan  Kənd Təsərrüfatı İnstitutunda  professor H.Xəlilovun rəhbərliyi ilə aqrokimya elmi məktəbi yaranmış və onun müəllifliyi  ilə "Aqrokimya", "Aqrokimyəvi  tədqiqatın üsulları", "Gübrələnmə sistemi" fənlərinin ana dilində və yerli şəraitə uyğun nəzəri və təcrübi dərsliklər yazılmışdır. Xüsusilə bir neçə dəfə  təkrar nəşr edilən "Aqrokimya"  dərsliyi ona böyük uğur gətirmişdir.

Professor H.Xəlilovun ictimai fəaliyyəti də diqqəti cəlb  edir. Onun rəhbərliyi ilə 2  doktorluq, 15 namizədlik dissertasiyası hazırlanmışdır.  Gəncəli alim dəfələrlə aqrobiologiyaya dair ümumittifaq  və respublika sessiyalarında  iştirak etmişdir.

Professor H.Xəlilov 1986- cı ildə may ayının 26-da vəfat  edib və Gəncənin Fəxri xiyabanında dəfn olunub.

H.Xəlilovun aqrokimyaçı  alim kimi xidmətləri hələ sağlığında elmi ictimaiyyət tərəfindən etiraf edilmiş, onun yaradıcı əməyinə layiqli qiymət verilmişdi. Azərbaycan Sovet  Ensiklopediyasında oxuyuruq:"Tədqiqatçı alim Hüseyn Xəlilovun mineral gübrələrin, qələvi və turşu elementlərinin miqdarına, mineral və üzvi gübrələrin yem bitkilərinin məhsuldarlığına həsr edilmiş elmi axtarışları təqdirəlayiqdir".

Onun böyük məhəbbətlə  yaratdığı aqrokimya məktəbi  və bu yorulmaz alimin torpaqla bağlı elmdə qalan izləri bu gün  də gənc nəsil üçün örnəkdir.

 

 

Ramiz QULİYEV,

AKTA-nın prorektoru,

kənd təsərrüfatı elmləri, doktoru,

 

Amin BABAYEV,

kafedra müdiri, professor

 

Azərbaycan.-2008.-27 noyabr.-S.7.