Azərbaycan Prezidentinin mətbuat katibi Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərinin yekunlarına dair müsahibə vermişdir

 

- Azərbaycan İtaliya ilə əlaqələrinə böyük önəm verir və bu əlaqələr bütün sahələrdə - siyasi, iqtisadi, mədəni və digər sahələrdə daim genişlənməkdə və möhkəmlənməkdədir. Dövlətimizin başçısının İtaliyaya səfəri də bu əlaqələrin genişlənməsi və gələcəkdə daha da inkişaf etdirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir.
Azərbaycan Prezidentinin İtaliyaya səfəri öncəsi müxtəlif ölkələrin, o cümlədən İtaliyanın kütləvi informasiya vasitələri tərəfindən bu səfərə böyük maraq göstərilmişdir. Səfər zamanı da nümayəndə heyətinin üzvləri, Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşları İtaliyada akkreditə olunmuş xarici ölkələrin kütləvi informasiya vasitələrinin nümayəndələrinin, habelə yerli qəzet, jurnal və televiziya müxbirlərinin suallarına mütəmadi olaraq cavab vermiş, səfərin gedişi barədə onları məlumatlandırmışlar.
Bildiyiniz kimi, İtaliyanın "RAİ İnternational" televiziyası Azərbaycan Prezidentindən müsahibə almışdır. Artıq bizim oxucular da müsahibə ilə tanışdırlar. Azərbaycan Prezidenti bu müsahibədə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlərlə bağlı suallara çox geniş, əhatəli cavab vermişdir.
Səfərin ilk günü dövlətimizin başçısı İtaliyanın "Edison" energetika şirkətinin rəhbərini qəbul etmişdir. Məlum olduğu kimi, hazırda Azərbaycan uğurlu enerji siyasəti həyata keçirərək, beynəlxalq enerji əməkdaşlığında çox mühüm yerlərdən birini tutmaqdadır. Bu baxımdan İtaliya da Azərbaycanla bu sahədə əməkdaşlığa çox böyük diqqət yetirir və önəm verir. Bu görüşdə də Azərbaycanla İtaliya arasında enerji sahəsində əməkdaşlığın perspektivləri barədə, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan geniş məkanda, xüsusilə də, Avropanın enerji təminatı işində fəal iştirak edir. Azərbaycan qazı artıq Yunanıstana çıxır və Azərbaycan Avropanın enerji təhlükəsizliyində getdikcə çox mühüm rol oynamağa başlamışdır. Bu baxımdan həmin görüş zamanı Azərbaycan qazının gələcəkdə İtaliyaya mümkün nəqli məsələləri barədə ətraflı müzakirələr aparılmışdır. Bu da ölkəmizin beynəlxalq aləmdə, iqtisadi məkanda rolunun güclənməsinin daha bir yaxşı nümunəsidir.
Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya parlamentinin Deputatlar palatasının sədri Canfranko Fini ilə görüşmüşdür. Palatanın sədri dövlətimizin başçısını yenidən prezident seçilməsi münasibətilə təbrik edərək demişdir ki, bu seçkilər ölkənizin uğurlu inkişafı istiqamətində həyata keçirdiyiniz işlərə Azərbaycan xalqının böyük etimadını əks etdirir.
Daha sonra Canfranko Fini ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsini vurğulamış, Azərbaycanın iqtisadi baxımdan İtaliyanın ən güclü tərəfdaşlarından biri olduğunu bildirmişdir. O, digər sahələrdə mövcud olan möhkəm əməkdaşlıqla yanaşı, parlamentlərarası əlaqələrin genişlənməsinin də zəruriliyini söyləmiş, ikitərəfli münasibətlərin Avropa İttifaqı çərçivəsində də önəm daşıdığını vurğulamışdır.
Məlum olduğu kimi, İtaliya dünyanın ən inkişaf etmiş dövlətlərindən biri olmaqla bərabər, həm də nüfuzlu Avropa İttifaqının da aparıcı ölkələrindəndir. Bu baxımdan Canfranko Fini də demişdir ki, Azərbaycan-İtaliya münasibətləri təkcə ikitərəfli xarakter daşımır, eyni zamanda, Avropa İttifaqının da Azərbaycanla əlaqələri çərçivəsində mühüm rol oynayır.
Ən önəmlisi isə, Deputatlar palatasının sədri bildirmişdir ki, İtaliya parlamentinin mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həll edilməlidir. Azərbaycan üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İtaliya kimi ölkənin Deputatlar palatasının bu mövqeyi, əlbəttə ki, çox böyük önəm daşıyır. Maraqlı bir faktı da qeyd edim, Canfranko Fini belə bir fikir də söyləmişdir ki, Azərbaycanla uğurlu əlaqələr İtaliyanın Yunanıstan, Türkiyə və digər ölkələrlə əlaqələrinin möhkəmlənməsinə də öz töhfəsini verir. Çox fərəhləndirici bir haldır ki, Azərbaycan artıq ikitərəfli münasibətlərdə deyil, qeyd etdiyim kimi, dünyanın ən inkişaf etmiş dövlətlərinin digər ölkələrlə əlaqələrinə də töhfə verir. Beynəlxalq münasibətlər sistemində çox nadir hallardan biridir ki, Avropa İttifaqına daxil olmayan bir dövlət Aİ-nin aparıcı dövlətinin həm Avropa İttifaqının üzvü olan, həm də digər dövlətlərlə əlaqələrinə öz töhfəsini verir. Bu, çox mühüm və fərəhləndirici bir haldır.
Parlamentdəki görüşündə Azərbaycan Prezidenti də ikitərəfli münasibətlərin inkişafının önəmli olduğunu vurğulamış, prezident seçilməsi münasibətilə təbrikə görə minnətdarlığını bildirmişdir. Dövlətimizin başçısı demişdir ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafında İtaliya önəmli rol oynayır. İqtisadi əlaqələrimiz daim genişlənir və Azərbaycan İtaliya şirkətlərinin gələcəkdə də ölkəmizdə fəaliyyətinin daha da genişlənməsində maraqlıdır. Dövlətimizin başçısı Azərbaycanda iqtisadiyyat və digər sahələrdə əldə edilmiş uğurlardan da danışmış, ölkəmizdə xarici sərmayə qoyuluşu üçün və əcnəbi şirkətlərin azad və sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını vurğulamışdır.
Parlamentlərarası əlaqələrimizin genişlənməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev son illər beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında ölkələrimizin parlamentləri arasında çox uğurlu əməkdaşlığın həyata keçirildiyini, bunun daha da genişlənməsinin zəruriliyini vurğulamışdır. Eyni zamanda, Azərbaycanın Avropa İttifaqının qonşuluq siyasətində də fəal iştirak etdiyi bildirilmişdir. Dövlətimizin başçısı regionumuzda proseslərin uğurla getməsi üçün Cənubi Qafqazda sülhün bərqərar olmasının zəruriliyini vurğulayaraq demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi həm regionda, həm də daha geniş məkanda sülhə çox böyük təhlükə doğurur. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və münaqişənin həllində Azərbaycanın mövqeyi barədə də danışmışdır.
Noyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının Sədri Silvio Berluskoni ilə görüşmüşdür. Cənab Silvio Berluskoni prezident seçkilərində qələbə münasibətilə dövlətimizin başçısını təbrik etmişdir. O demişdir ki, Azərbaycan sürətli iqtisadi inkişaf yolundadır, ölkədə çox böyük sürətli iqtisadi artım vardır. İtaliya hökumətinin başçısı bu münasibətlə də Azərbaycan Prezidentini təbrik etmişdir.
Silvio Berluskoni ulu öndərimiz Heydər Əliyevlə görüşlərini də xatırlamış və onun Azərbaycan xalqının əsl ümummilli lideri olduğunu bildirmişdir. O demişdir ki, Prezident İlham Əliyev Azərbaycanın inkişafı istiqamətində çox mühüm addımlar atır, beynəlxalq aləmdə ölkənin mövqeləri möhkəmlənir və Azərbaycan çox tarazlaşdırılmış siyasət yürüdür.
Daha sonra cənab Berluskoni beynəlxalq miqyasda enerji sahəsində Azərbaycanın rolunun önəmindən danışaraq bildirmişdir ki, İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti daim onun nəzarətindədir. Hesab edir ki, İtaliya iş adamlarının gələcəkdə Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi üçün konkret planların həyata keçirilməsi zəruridir.
Prezident İlham Əliyev ölkəmizin sürətli iqtisadi inkişafından, bütün digər sahələrdə görülən işlərdən danışmış, beynəlxalq münasibətlər sistemində Azərbaycanın sabitləşdirici rol oynadığını bildirmişdir. Dövlətimizin başçısı Azərbaycanla İtaliya arasında münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini söyləmişdir.
Azərbaycan Respublikası Prezidentinin İtaliyaya səfəri çox uğurlu və məhsuldar olmuşdur. Bu səfər bir daha göstərdi ki, Azərbaycanın beynəlxalq mövqeləri güclənir, Azərbaycan beynəlxalq münasibətlər sistemində, çoxtərəfli əlaqələr və regional əməkdaşlıq sistemində sabitləşdirici rol oynayır. Eyni zamanda, bu səfər beynəlxalq aləmdə enerji sahəsində əməkdaşlıqda Azərbaycanın çox güclü tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.

AzərTAc

 

Azərbaycan.-2008.-28 noyabr.-S.1.