Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident!
Əziz İlham!
Böyük məmnuniyyətlə oxuduğum
27 oktyabr tarixli məktubunuza görə Sizə ürəkdən
təşəkkür edirəm.
Sizin kimi mən də ölkələrimiz
arasında əməkdaşlığın inkişaf etməsinə
sevinirəm.
Fransa-Azərbaycan müştərək iqtisadi
komissiyasının yeni ilin əvvəlində
Bakıda keçiriləcək iclası
iqtisadi və ticari sahələrdə əməkdaşlığın
və beynəlxalq fəaliyyətin zəngin və geniş
perspektivlərini tərtib etməyə imkan verəcəkdir. Mən Sizin
2007-ci ilin noyabrındakı səfəriniz zamanı bizim
dolğun müzakirələrimizdən xüsusilə razı
qaldım və 2009-cu ildə Sizi Fransada qəbul etməkdən
çox şad olacağam. Bu səfər
bizə, iki ölkəmizi birləşdirən münasibətlərin
bütün aspektlərini öyrənməyə və
onların dərinləşdirilməsi üçün
işləməyə imkan verəcəkdir.
Bundan əlavə, Sizi əmin etmək
istəyirəm ki, Minsk qrupunun həmsədri vəzifəsində
Azərbaycanın yanında olmaqla, Fransa Dağlıq
Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli
həllinə nail olunması üçün öz səylərini
əsirgəməyəcəkdir. Mənim bu məsələyə
nə qədər şəxsi marağım olduğu Sizə
məlumdur və mən Rusiya Prezidenti Dmitri Medvedevin dəstəyi
ilə bu il noyabrın 2-də Moskvada
Prezident Sarkisyanla olan görüşünüzün
ümidverici nəticələrini razılıqla öyrəndim.
Bu baxımdan hiss edirəm ki, 2009-cu il
müstəsna və məqsədəuyğun bir ildir və
münaqişənin həllinə nail olmaq üçün
bu fürsətdən istifadə etmək lazımdır. Fransa bu müsbət dinamikaya öz töhfəsini
verməyə hazırdır, daha geniş mənada isə
Qafqazı sülh və tərəqqi zonasına çevirmək
üçün hər bir köməyin göstərilməsində
iştirak etməkdə qərarlıdır.
Nəhayət, Sizin qeyd etdiyiniz kimi, Avropa qonşuluq siyasəti
çərçivəsində, "Şərq tərəfdaşlığı"nın müəyyən edilməsi
üçün Aİ nəzdində aparılan işlər
Sizin ölkənizi Avropaya daha çox yaxınlaşdırmaq
üçün bir fürsətdir. Əmin ola
bilərsiniz ki, Fransa bu yeni sənədin tam şəkildə
Azərbaycanın xeyrinə olmasına çalışacaqdır.
Cənab Prezident!
Əziz İlham!
Sizə çox
yüksək hörmət və
ehtiramımın olduğuna əmin ola bilərsiniz.
Səmimiyyətlə,
Nikola SARKOZİ,
Fransa Respublikasının
Prezidenti
Azərbaycan.-2008.-28 noyabr.-S.1.