"Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasında daşınmaz əmlak obyektlərinin ünvanları barədə sistemləşdirilmiş məlumat bazasının yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin sənaye üsulu ilə hazırlanması üçün tələb olunan zəruri maliyyə vəsaitinin bir ay müddətində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ayrılmasını təmin etsin;
2.2. bu fərmandan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bu fərman qüvvəyə mindiyi günədək nəqliyyat infrastrukturu obyektlərinə verilmiş adların siyahılarının, habelə verilmiş ünvanlar haqqında məlumatların bir ay müddətində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsinlər.
4. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə tapşırılsın ki:
4.1. Azərbaycan Respublikasının ərazisi üzrə nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin yerləşdirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 noyabr 2008-ci il

 

Azərbaycan.-2008.-28 noyabr.-S.2.