1. Ümumi müddəalar
1.1. Bu qaydalar Azərbaycan
Respublikasında ünvan reyestrinin aparılmasını və
daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini
tənzimləyir.
1.2. Ünvan reyestri
vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini
əhatə edir.
1.3. Ünvan reyestri Azərbaycan
Respublikasının mülkiyyətidir.
1.4. Ünvan reyestri
daşınmaz əmlakın vahid kadastrının tərkib
hissəsi olmaqla, məkana görə daşınmaz əmlak
obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən
yerləşdiyi yerin müəyyənləşdirilməsinə
imkan verən və onların fərdiləşdirilməsini təmin
edən məlumat bazasıdır.
1.5. Ünvan reyestrinin
aparılması və ünvanların verilməsi Azərbaycan
Respublikasının Daşınmaz Əmlakın Dövlət
Reyestri Xidməti (bundan sonra - Xidmət) tərəfindən həyata
keçirilir.
1.6. Bu qaydalarda istifadə
olunan anlayışlar Azərbaycan Respublikasının
Mülki Məcəlləsində, "Daşınmaz əmlakın
dövlət reyestri haqqında", "Ərazi quruluşu və
inzibati ərazi bölgüsü haqqında", "Şəhərsalmanın
əsasları haqqında", "Avtomobil yolları
haqqında" Azərbaycan Respublikasının qanunlarında
və digər qanunvericilik aktlarında nəzərdə
tutulmuş mənaları daşıyır.
2. Ünvanlar reyestrinin tərkibi
və aparılması
2.1. Ünvan reyestrində
daşınmaz əmlak obyektinin ünvanının bu
qaydaların 3.7.1-3.7.4-cü bəndlərində göstərilən
rekvizitləri, Azərbaycan Respublikasının ərazisi
üzrə ərazi vahidləri və nəqliyyat infrastrukturu
obyektlərinin mövcud və əvvəlki adları, bu
adların verilməsinin, habelə onların əmələ gəlməsinin
və dəyişdirilməsinin əsasları (tarixləri),
ünvan verilmiş daşınmaz əmlak obyektinin
növü, onun mülkiyyətçisi (sahibi) haqqında məlumatlar
sistemləşdirilmiş şəkildə saxlanılır.
2.2. Ünvan reyestrində
saxlanılan məlumatlar, növündən asılı
olaraq, reyestrin dəqiq aparılması, digər məlumat
bazaları ilə inteqrasiyanın təmin edilməsi,
axtarış sisteminin sadələşdirilməsi məqsədləri
üçün müvafiq hissələrə (fəsillərə,
bölmələrə) bölünür, nömrələnir
və ya digər işarələr vasitəsilə sistemləşdirilir.
2.3. Ünvan reyestrinin
aparılması xüsusi proqram təminatı vasitəsilə
elektron daşıyıcılar üzərində həyata
keçirilir.
2.4. Ünvan reyestrində
saxlanılan məlumatlara aşağıdakı hallarda dəyişiklik
və (və ya) əlavələr edilir:
daşınmaz əmlak
obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat
infrastrukturu obyektinin qanunvericiliklə müəyyən
edilmiş qaydada adı dəyişdirildikdə,
habelə müvafiq nəqliyyat
infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı
dəyişdirildikdə;
texniki səhvlər
aradan qaldırıldıqda;
ünvanın statusu dəyişdikdə;
məhkəmənin qərarı
olduqda.
2.5. Bu qaydaların 2.1-ci
bəndində nəzərdə tutulan məlumatlar "qüvvədə
olanlar (Q)", "qüvvədən düşmüş
(D)" və "müvəqqəti (M)" statuslardan ibarətdir.
3. Daşınmaz əmlak
obyektinə
ünvanın verilməsi
qaydaları
3.1. Ərazi vahidinin və
nəqliyyat infrastrukturu obyektinin adlandırılması
qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
3.2. Daşınmaz əmlak
obyektinə ünvan aşağıdakı hallarda verilir:
3.2.1. qanunvericiliklə
müəyyən edilmiş qaydada torpaq sahəsi
ayrıldıqda torpaq sahəsinə;
3.2.2. qanunvericiliyə
uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və
ya quraşdırılması aparıldıqda və ya obyekt
müvafiq qaydada istismara qəbul edildikdə;
3.2.3. Azərbaycan
Respublikasının Mülki Məcəlləsində nəzərdə
tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti
üzərində mülkiyyət hüququ tanındıqda;
3.2.4. daşınmaz əmlak
obyekti üzərində hüquqlar dövlət
qeydiyyatına alındıqda
3.2.5. daşınmaz əmlak
obyekti ayrı-ayrı hissələrə bölündükdə;
3.2.6. daşınmaz əmlak
obyektlərinin birləşməsi nəticəsində yeni
daşınmaz əmlak obyekti yarandıqda.
3.3. Daşınmaz əmlak
obyektinə ünvan verilməsi üçün onun
mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə
uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən
şəxs ərizə ilə Xidmətə müraciət
edir.
3.4. Ərizə daxil
olduğu gündən 3 (üç) iş günü
müddətində müvafiq məlumatlar ünvan reyestrinə
daxil edilməklə daşınmaz əmlak obyektinə
ünvan verilir və bu barədə ərizəçiyə
və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında
onu təmsil edən şəxsə təsdiqedici sənəd
(arayış) təqdim edilir.
Ünvanın verilməsi
ilə bağlı ərizə hüquqların
daşınmaz əmlakın dövlət reyestrində
qeydiyyata alınması haqqında ərizə ilə birlikdə
verildikdə və ya ünvanı olmadan həmin
daşınmaz əmlak obyekti üzərində
hüquqların qeydiyyatı ilə əlaqədar ərizə
daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat
üçün müvafiq qanunvericiliklə müəyyən
edilmiş müddətlər ərzində həyata
keçirilir. Bu halda daşınmaz əmlak obyektinin
ünvanı üzərində hüquqların qeydiyyata
alınmasını təsdiq edən daşınmaz əmlakın
dövlət reyestrindən çıxarışda əks
etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların
qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə
yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd
(arayış) verilir.
3.5. Ünvan reyestrində
saxlanılan daşınmaz əmlak obyektinin ünvanına aid
ərazi vahidlərinin, nəqliyyat infrastrukturu obyektlərinin
mövcud və əvvəlki adları, onların əmələ
gəlməsi və dəyişdirilməsi əsasları
(tarixləri), ünvan verilmiş daşınmaz əmlak
obyektlərinin növü, daşınmaz əmlak obyektinin
nömrəsi haqqında məlumatlar açıq hesab edilir və
maraqlı şəxsin və ya qanunvericiliyə uyğun
verilmiş etibarnamə əsasında onu təmsil edən
şəxsin sorğusu əsasında 2 (iki) iş günü
ərzində arayış şəklində ona verilir.
3.6. Daşınmaz əmlak
obyektinə ünvanın verilməsi bu qaydaların 3.7-ci bəndində
göstərilən rekvizitlərin həmin daşınmaz əmlak
obyektinə təhkim və müvafiq məlumatların
ünvan reyestrinə daxil edilməsi ilə həyata
keçirilir.
Daşınmaz əmlak
obyektinə ünvan verilərkən bu qaydaların 3.7.1-ci və
3.7.2-ci bəndlərində göstərilən rekvizitlər
müvafiq qanunvericilik aktlarında və (və ya) sənədlərdə
öz əksini tapmış məlumatlar əsasında müəyyən
edilir.
3.7. Daşınmaz əmlak
obyektinin ünvanı təkrarolunmaz olmaqla,
aşağıdakı rekvizitlərdən ibarətdir:
3.7.1. ərazi vahidinin
adı;
3.7.2. nəqliyyat infrastrukturu
obyektinin adı (adları);
3.7.3. ünvan
verilmiş daşınmaz əmlak obyektinin növü;
3.7.4. daşınmaz əmlak
obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən
və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən
və (və ya) işarələrdən ibarət nömrə.
3.8. Daşınmaz əmlak
obyektinin ünvanının bu qaydaların 3.7.4-cü bəndində
göstərilən rekvizitinin (nömrəsinin) müəyyənləşdirilməsi
Xidmət tərəfindən bu qaydaların 3.9-3.21-ci bəndlərinə
uyğun olaraq həyata keçirilir.
3.9. Ardıcıl tikililər
sırası yaradan və nəqliyyat infrastrukturu obyektləri
boyunca yerləşən daşınmaz əmlak obyektlərinin
nömrələnməsi yaşayış məntəqəsinin
mərkəzindən kənara doğru soldakı ünvan
obyektlərinə tək, sağdakı ünvan obyektlərinə
isə cüt nömrələr verilməklə həyata
keçirilir.
3.10. Ardıcıl
tikililər sırası yaradan və nəqliyyat infrastrukturu
obyektlərində dairəvi istiqamətdə yerləşən
daşınmaz əmlak obyektlərinin nömrələnməsi
saat əqrəbinin hərəkəti istiqamətində
(yaşayış məntəqəsinin mərkəzindən
istiqamətlənməklə) soldakı daşınmaz əmlak
obyektlərinə tək, sağdakı daşınmaz əmlak
obyektlərinə isə cüt nömrələr verilməklə
həyata keçirilir.
3.11. Nəqliyyat
infrastrukturu (prospekt, küçə və s.) obyektlərinin
kəsişməsində yerləşən daşınmaz əmlak
obyektinə daha əhəmiyyətli nəqliyyat infrastrukturu
obyektinə görə nömrə verilir.
3.12. Eyni əhəmiyyətli
nəqliyyat infrastrukturu obyektlərinin kəsişməsində
yerləşən daşınmaz əmlak obyektinə onun
baş fasadın çıxdığı nəqliyyat
infrastrukturu obyektinə görə nömrə verilir.
3.13. Nəqliyyat
infrastrukturu obyektlərinin kəsişməsində yerləşən
bir daşınmaz əmlak obyektinin eyni
görünüşlü iki fasadı hər iki nəqliyyat
infrastrukturu obyektinə çıxarsa, daşınmaz əmlak
obyektinə yaşayış məntəqəsinin mərkəzinə
doğru istiqamətlənmiş nəqliyyat infrastrukturu
obyektinə görə nömrə verilir.
3.14. Meydanın perimetri
boyunca yerləşən daşınmaz əmlak obyektlərinə
daha əhəmiyyətli nəqliyyat infrastrukturu obyektindən
başlamaqla, mərkəzə doğru saat əqrəbinin hərəkəti
istiqamətində nömrələr verilir. Bu zaman birbaşa meydana çıxan nəqliyyat infrastrukturu obyektlərindəki daşınmaz
əmlak obyektlərinin
nömrələmə ardıcıllığı
pozulur. Kəsişmədəki daşınmaz əmlak
obyektinin fasadı digər nəqliyyat infrastrukturu obyektinə çıxarsa, həmin binaya nömrə nəqliyyat infrastrukturu obyektinə görə
verilir.
3.15. Üzərində
bir neçə daşınmaz əmlak obyekti inşa edilmiş torpaq sahəsində nəqliyyat
infrastrukturu obyektinin yaxınlığı nəzərə
alınmaqla, əsas daşınmaz əmlak obyekti müəyyən edilir və bu obyektə əsasən həmin torpaq sahəsindəki daşınmaz əmlak obyektinə nömrə
verilir.
3.16. Torpaq
sahəsində yerləşən
və ya sonradan qanunvericiliklə nəzərdə tutulmuş
qaydada inşa edilən digər bina (tikili) və
qurğulara əsas binanın (tikilinin) nömrəsinə korpusun
və ya tikilinin nömrəsini əlavə etməklə
nömrə verilir. Ünvanda
"korpus" və ya "tikili" göstəricisi onların
yerləşdiyi torpaq
sahəsinin təyinatı
nəzərə alınmaqla,
binanın (tikilinin) funksional təyinatından
və ona yaxın binanın (tikilinin) ünvanından asılı olaraq müəyyənləşdirilir. Bu zaman daşınmaz
əmlak obyektlərinin
nömrələnməsi onların
torpaq sahəsinə baş girişdən uzaqlığına görə
həyata keçirilir.
3.17. Artıq nömrələnmiş
daşınmaz əmlak
obyektləri arasında
yeni inşa edilmiş daşınmaz əmlak obyektinə iki nömrədən kiçik nömrəyə
kəsr xəttindən
sonra yeni nömrə, zəruri hallarda isə hərf (Ə, Ö, Ü, I, İ, Ğ,
Ç, Ş hərfləri istisna olmaqla A, B, C və s.) əlavə etməklə nömrə
verilir.
3.18. Daşınmaz
əmlak obyekti olan qurğulara ünvan yerləşdiyi torpaq sahəsinin ünvanına qurğunun növü və nömrəsi əlavə
edilməklə verilir.
3.19. Yaşayış
məntəqəsinin hüdudları
xaricində dəmir yolu üçün ayrılmış zolaqda və ya avtomobil
yolunun yaxınlığında
yerləşən daşınmaz
əmlak obyektinin ünvan verilməsi dəmir yolunun istiqamətinin və ya avtomobil yolunun
adı və mövcud kilometraj göstərilməklə həyata
keçirilə bilər.
Daşınmaz əmlak
obyektlərinin nömrələnməsi
cənubdan şimal və qərbdən şərq istiqamətində,
bəzi hallarda isə yaşayış məntəqəsinin mərkəzindən
kənara doğru sol tərəfdəki obyektlərə
tək, sağ tərəfdəki obyektlərə
cüt nömrələr
verilməklə həyata
keçirilir.
3.20. İnşaat
işləri başa çatanadək inşa edilən daşınmaz əmlak obyektlinə və ya inşaat
dövründə istifadə
olunan müvəqqəti
tikililərə müvəqqəti
ünvan verilir.
3.21. Üzərində
tikili və (və ya) qurğu
olmayan torpaq sahəsinə ünvan onun təyinatı və yaxınlığındakı
daşınmaz əmlak
obyektlərinin ünvanlandırılması
nəzərə alınmaqla
verilir.
3.22. Daşınmaz
əmlak obyektinin tərkib hissələrinə
(mənzillər və
qeyri-yaşayış sahələri
istisna olmaqla) yeni ünvan verilmir.
4. Rəsmi
ünvan reyestrindən
istifadə edilməsi
4.1. Ünvan
reyestrində saxlanılan
və açıq hesab edilən məlumatların müvafiq
internet saytında yerləşdirilməsi
Xidmət tərəfindən
təmin edilir.
4.2. Dövlət
orqanları və bələdiyyələr, hüquqi
və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız
ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər.
Bu qaydalar qüvvəyə mindiyi günədək verilmiş sənədlərdə
qeyd edilən ünvanlar zəruri hallarda ünvan reyestrinə daxil edilmiş yeni ünvan göstərilməklə
istifadə edilə bilər.
4.3. Ünvan
reyestrində saxlanılan
məlumatların dəqiqliyinə
və reyestrin vaxtında aparılmasına,
verilən məlumatların
tam və düzgün
olmasına görə
cavabdeh olan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyinə
uyğun məsuliyyət
daşıyırlar.
5. Nəqliyyat
infrastrukturu obyektlərinin
adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini
əks etdirən lövhələrin hazırlanması
və yerləşdirilməsi
5.1. Ünvan
reyestrinə daxil edilmiş ünvanın rekvizitləri hesab edilən nəqliyyat infrastrukturu obyektlərinin
adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini
əks etdirən lövhələr Azərbaycan
Respublikasının dövlət
büdcəsinin vəsaiti
hesabına Xidmət tərəfindən hazırlanır
və daşınmaz əmlak obyektlərində
yerləşdirilir.
5.2. Nəqliyyat
infrastrukturu obyektlərinin
adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini
əks etdirən lövhələrin nümunələri
Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən
edilir.
Lövhələrin nümunələri müəyyən
edilərkən daşınmaz
əmlak obyektinin və onun yerləşdiyi
yerin xüsusiyyətləri
(daşınmaz əmlak
obyektinin və onun yerləşdiyi ərazinin tarix və mədəniyyət
obyektlərinə aid olması
və s.) nəzərə
alınmalıdır.
Azərbaycan .-2008.-28 noyabr.-S.2.