Lənkəran daha əyalət şəhəri deyil
Gözəl təbiəti
və qonaqpərvərliyi ilə şöhrət
tapmış Lənkəran haqqında söhbət açarkən
yaşlı və orta nəslin yaddaşında bu gün də
xoş çağlar kimi yaşayan 1970-1980-ci illər
canlanır, həmçinin SSRİ dağıldıqdan sonra
hər yerdə olduğu kimi, burada da baş verən
çaxnaşmalar yada düşür, göz önündən
keçir.
Ümummilli lider Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə
bu diyarın inkişafına xüsusi diqqət yetirmişdir.
Lənkəranın qazandığı nailiyyətlər onun
yaxın keçmişinin şanlı səhifəsidir. O
zaman bu torpağın şan-şöhrəti bütün
sovetlər ölkəsinə yayılmışdı. Buraya ən
məşhur adamlar - şair və yazıçılar,
kosmonavtlar, xarici dövlətlərin rəhbərləri gələr,
subtropik bölgənin axarlı-baxarlı təbiəti, adət-ənənəsi
ilə yaxından tanış olardılar. Onların Lənkəran
haqqında xoş, səmimi sözləri rayonun tarix və
diyarşünaslıq muzeyindəki xatirə kitabında
öz əksini tapmışdır.
Keçən əsrin
90-cı illərinin əvvəllərində Lənkəranda
da özbaşınalıq, xaos, mənəm-mənəmlik
baş alıb gedirdi. Yerli icra strukturlarının
naşılığı ucbatından böyük zəhmət
bahasına illərlə kərpic-kərpic ucaldılan nə
vardısa, sökülüb-dağıdılır, bərbad
hala salınırdı. Bir neçə ilin içərisində
Lənkəran tanınmaz hala düşmüşdü.
Xoş günlərindən əsər-əlamət
qalmamışdı. İnsanlar kədər, qəm-qüssə
içərisində idilər. Bu cənub şəhərinin
də müdrik ağsaqqalları, ziyalıları
çıxış yolunu tarixin sınaqlarından
çıxmış şəxsiyyətin - Heydər Əliyevin
yenidən Azərbaycana hakimiyyətə gəlməsində
görür və bunun üçün əllərindən gələni
edir, canlarını belə, əsirgəmirdilər.
1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin yeni dövrü başlandı. Ölkədə sabitlik, nizam-intizam yarandı. Məsul vəzifələri tutmuş bacarıqsız kadrlar tədricən işdən uzaqlaşdırıldı. Yeni iqtisadi siyasət hazırlandı, islahatlar həyata keçirildi. Bugünkü iqtisadi inkişafın əsası olan "Əsrin müqaviləsi" imzalandı. Ölkədə illərlə bir-birinin üstünə qalanmış problemlər öz həllini tapmağa başladı. 2004 -cü ilin fevralında Prezident İlham Əliyev tərəfindən təsdiq olunan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütün bölgələrimiz kimi, Lənkəranın da inkişafında dönüş nöqtəsi oldu. İndi Lənkərana yolu düşənlər başqa bir mənzərə ilə qarşılaşırlar. İlk tanışlıqdan adamda xoş təəssürat yaranır. Rayonun başlanğıcında, Qumbaşı kəndində, Lənkəran şəhərinin girəcəyində, Göyşaban yaşayış sahəsində xüsusi zövq və sənətkarlıqla yaradılmış abidə- komplekslər diqqəti cəlb edir. Burada qoyulmuş "Çayçı qız", "Balıqçı" heykəlləri, yaradılmış Çay samovarı, Qalaqapı və onun yanında süvari əsgər heykəli, eləcə də həsir, palaz toxunan sadə evlər və digər nümunələr bu torpağın zəngin tarixini, təbii sərvətlərini, adət-ənənəsini özündə əks etdirir. Elə burada Şərqlə Qərb mədəniyyətinin yanaşı durduğunu, vəhdətdə olduğunu görürsən. Müasir işıqlandırma fonarları, sıralanmış yarımtağ formalı alkopon lövhələr buna nümunədir . Ən başlıcası isə dövlət rəmzlərindən biri - üçrəngli bayrağımız burada əzəmətlə, vüqarla dalğalanır.
Şəhərin mərkəzinə doğru irəlilədikcə
isə qarşıda əsrarəngiz mənzərə
açılır. Şərqdən
qırçın ləpəli,
bol sərvətli Xəzər dənizi, cənub-qərbdən meşə örtüklü
dağlarla əhatə
olunan Lənkəran şəhəri payızın
bu çağında
daha yaraşıqlı olur.
Ağacların yarpaq tökümü fəslində
aparılan tikinti-quruculuq,
abadlıq işləri
daha aydın nəzərə çarpır.
Asfaltlanmış küçələrə,
səkilərə, salınmış
parklara, xiyabanlara, tikilən binalara, yaradılan səliqə-sahmana baxanda adamın ürəyi açılır, qəlbi
fərəh hissi ilə dolur. Sevinirsən ki, cənub şəhəri sürətlə inkişaf
edir, istifadəyə verilən müasir tipli məktəblər, tibb ocaqları, sənaye obyektləri, yaşayış binaları,
idman qurğuları Lənkəranın simasını
dəyişir.
Təsadüfi deyil ki, son 5 ildə Prezident dəfələrlə
Lənkərana səfər
etmiş, burada neçə-neçə mühüm
obyektin təməlqoyma
mərasimində və
inşası başa çatmış tikililərin
açılışında iştirak etmişdir. Şəhərin mərkəzindəki Heydər Əliyev parkı, Olimpiya İdman Kompleksi, tikiş fabriki, Sahil parkı, Xalq sənətkarlığı
şəhərciyi, süd
emalı zavodu, Osman Mirzəyev adına qarışıqtipli
internat məktəbi,
"Xəzər - Lənkəran"
futbol klubunun yeni stadionu həmin
obyektlərdəndir. Eyni
zamanda, uzun illər fəaliyyətsiz
qalmış bir çox müəssisələr
təzədən işə
düşmüşdür. Bu isə adamların
işlə təmin edilməsində, yoxsulluğun
azaldılmasında, ailələrin
güzəranının yaxşılaşdırılmasında
mühüm rol oynamışdır. İndi
Lənkəranda demək
olar ki, işsizlik problemi yoxdur. Hətta hazırda burada gedən tikinti-quruculuq işlərində xarici ölkələrdən olan
ixtisaslı fəhlələrə
rast gəlmək mümkündür.
Sona çatmaqda olan 2008-ci il də bu cənub
şəhəri üçün
əlamətdar olmuşdur.
Oktyabr ayının 8-də Lənkərana növbəti səfəri
zamanı ölkə başçısı və
Heydər Əliyev
Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Heydər Əliyev muzeyinin, Səpnəkəran orta məktəbin, beynəlxalq
hava limanının, uşaq sağlamlıq mərkəzinin, "Cənub
TV"-nin , "Qafqaz"
sahil hotelinin, "Nur-Süd MMC"-nin açılışı mərasimlərində
iştirak etmişlər.
Görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində Lənkəran beləcə gündən-günə inkişaf edir, daha da abadlaşır. 2003 -cü ilə nisbətən rayonda adambaşına düşən məhsulun 2,1, ümumi məhsul buraxılışının 2,2, əsaslı kapitala yönəldilən investisiyanın 5,5, orta aylıq əməkhaqqının 3,5 dəfədən çox artması da bunu təsdiqləyir. Bu dövr ərzində rayonda 150-dən artıq sənaye, təhsil, mədəniyyət, səhiyyə və digər sosial əhəmiyyətli obyektlər tikilib istifadəyə verilmiş, 18 mindən çox yeni iş yeri açılmışdır. Növbəti 5 ildə isə Lənkəranı daha sürətli inkişaf, daha böyük uğurlar gözləyir.
Seyran Cavadov
Azərbaycan.-2008.-28 noyabr.-S.3.