Nurlu
İnsan
Z.Quliyeva şəxsiyyəti,
xidmətləri və imzası ilə elmi və ictimai-siyasi
mühitə yaxşı məlum olan alimlərimizdəndir.
O, müxtəlif, təzadlı, gərgin tarixi dövrlərdə
yaşamış, həmişə də vicdan, həqiqət,
vətəndaş idealına sədaqəti qoruyub saxlaya
bilmişdir. Müdriklik, cəsarət, səmimiyyət, əxlaqi
kamillik, dövrün reallıqlarını səlahiyyətli
kürsülərdən etiraf etmək bacarığı, eyni
zamanda yeniliyə qarşı həssaslığın zəifliyinə,
təfəkkür ətalətinə, saxtalığa
qarşı barışmaz mövqedə durmaq onun xarakterini səciyyələndirən
xüsusiyyətlər idi. Haqqın, halallığın,
insaniliyin tərəfdarı, ehkama, yalana xidmət edən mənasız
düşüncənin əleyhinə idi.
Zəhra Quliyeva
ziyalı ailəsində anadan olmuşdu. Adi ziyalı yox,
dövrünə görə geniş məlumatlı, mütaliəni
sevən, el ruhunu duyan və bu ali dəyərə pərəstiş
edən bir şəxsin ailəsində
böyümüşdü. Atası Tahir bəy Hacıqafar
oğlu ali təhsilini Rusiyada Dəmir Yolu Nəqliyyatı
İnstitutunda almış, mühəndis ixtisasına yiyələnmişdi. O, praktiki işlə yanaşı,
elmi-pedoqoji fəaliyyətlə də məşğul
olmuşdur.Müəllimliyi özünə məqsəd hesab
etmiş, əsl xalq müəllimi, el ağsaqqalı kimi
sayılıb-seçilmişdi. Tahir Hacıqafar oğlu
professor adına layiq görülən ilk azərbaycanlılardan
idi. Savadlı, müasir həyatı doğru başa
düşən adamların az olduğu həmin illərdə
ziyalılar nümunə və nüfuz sahibi olmaqdan savayı,
onların evi həm də məsləhət və
sayğı yeri idi. Onun evi insanların üzünə həmişə
açıq olmuş, dövrün qabaqcıl fikirli
ziyalılarının, alimlərinin toplaşdıqları
ocağa çevrilmişdi. Zəhra Quliyeva məhz belə bir
ocaqda böyüyüb formalaşmışdı. Atasından
elmə, təhsilə həvəs, səxavət, humanistlik,
milli kökə bağlılıq, fədakarlıq,
torpağa, xalqa məhəbbət dərsləri alan Zəhra
Quliyeva həkimliyi özünə peşə
seçmişdi, 1940-cı ildə Azərbaycan Tibb Universitetinə
daxil olmuşdu. Təhsil aldığı illər
qanlı-qadalı, müharibənin ən ağır, məşəqqətli
vaxtlarına düşdüyü üçün ailəyə
kömək etmək lazım idi. Ona görə də gənc
Zəhra oxuya-oxuya işləmək məcburiyyətində
qalmışdı. Xatirələrində bu barədə
yazırdı: "Qrup yoldaşım Aliyə İbrahimbəyova
ilə Qanköçürmə İnstitutunda işə
düzəldik. Donor-cərrah kimi donorlardan qan
götürürdük. Tələbələrimizin əksəriyyəti
hospitallarda çalışır, yaralılara kömək
edirdi. İnstitutumuzda professor Yeqorov var idi. Görürdü
ki, tələbələrin çoxu işləyir, ona görə
də mühazirələri sərbəst elan etmişdi. Nəbzimiz
cəbhə ilə birgə vururdu. Hamı cəbhə
üçün işləyirdi." 1944-cü ildə ali təhsilini
başa vuran Zəhra Quliyeva göz xəstəlikləri
kafedrasında ordinatpr vəzifəsində
saxlanılmışdı. İkinci dünya müharibəsindən
sonra insanlarda quruculuq işlərinə böyük həvəs
var idi. Onlar müharibənin arxada qaldığına sevinir,
çətinliyin və məhrumiyyətlərin
olmayacağı həyatı qurmağa tələsirdilər.
Zəhra Quliyeva da cəmiyyətdə romantik arzuların
qüvvətli olduğu bir dövrdə elmi-pedaqoji fəaliyyətə
başlamışdı. O, 1946-cı ildə assistent, 1949-cu
ildə dosent seçilmiş, 1958-ci ildə namizədlik,
1967-ci ildə doktorluq dissertasiyaları müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi
almışdır. ATU-nun
oftalmologiya kafedrasının professoru, 1975-ci ildə
isə həmin kafedranın müdiri seçilmişdi.
Görkəmli alim dörd monoqrafiyanın, 160-dan artıq elmi
məqalənin, dörd dərs vəsaitinin, Azərbaycan
dilində çıxan "Göz xəstəlikləri"
kitabının, bir ixtiranın və dörd səmərələşdirici
təklifin müəllifi olmuşdur. Zəhra Quliyeva uzun
müddət oftalmologiya kafedrasına rəhbərlik etmiş,
sevimli müəllimi Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü Ümnisə xanım Musabəyovanın ənənələrinə
sadiq qalaraq həkim və elmi-pedaqoji kadrların yüksək
səviyyədə hazırlanmasına xüsusi səy
göstərmişdir. 1975-ci ildən Azərbaycan Oftalmologiya Cəmiyyətinin
sədri, Ümumittifaq Oftalmoloqlar Cəmiyyətinin
üzvü seçilmişdir. ABŞ, Almaniya, Polşa,
İsveçrə, Danimarka, Norveç, Finlandiya, Baltik dənizi
ölkələrində keçirilən konqreslərdə,
qurultaylarda, sülh günlərində iştirak etmişdir.
Ziyalı
üçün vacib sayılan ən mühüm keyfiyyətlərdən
biri də onun aydın mövqeyə sahib olması,
taleyüklü məqamlarda xalqının mənafeyi
baxımından ən doğru, dürüst olanı
seçməsi, lazımi anda qətiyyət, cəsarət
nümayiş etdirməsidir.
Zəhra Quliyeva da
yaxşı alim olmaqla yanaşı, həm də milli ideallara
bağlı vətənpərvər ziyalı kimi daim Azərbaycanın
gələcəyini düşünmüş,
dövrünün ictimai-siyasi hadisələrinə laqeyd
qalmamışdır. Ümummilli lider Heydər Əliyevin
siyasi kursuna sadiqlik xəttini seçmiş, ölkədə
həyata keçirilən dövlət quruculuğu prosesində
fəal iştirak etmişdir. Onun ömür yollarının
mənalı anlarını məhz dahi şəxsiyyətin
yaratdığı idarəçilik məktəbindən
keçməsi, Əliyevlər ailəsinin xeyir-duası ilə
başladığı işlərin uğurları təşkil
etmişdi. Belə nəcib ailədən görüb, öyrənib,
əxz etdiyi həyat dərsləri alimin daim bələdçisinə
çevrilmişdir. Zəhra
xanım xatirələrində özünün xoşbəxt
insan olduğunu bildirirdi. O yazırdı: "Özümü
xoşbəxt sayıram ona görə ki, mənəviyyatca
yüksək, qüdrətli insanlarla bir dövrdə
yaşamışam, çalışmışam, onları
özümə dayaq sanmışam. Tale məni həyatda
qüdrətli şəxsiyyət Heydər Əliyevlə
qarşılaşdırdı. Bu dahi şəxsiyyət həyatıma
mayak kimi yaşıl işıq yandırdı, yüksəlişimdə,
cəmiyyətdə mövqe tutmağımda həmişə
mənə qayğı göstərdi. Həyatda
qazandığım bütün uğurlara görə mən
yalnız ona borcluyam. Rektor təyin edilməyim, komitə sədri
olmağım Heydər Əlirza oğlunun mənə göstərdiyi
etimadın, qayğının, xoş münasibətin təzahürüdür.
Bu dahi insanın həyat yoldaşı akademik Zərifə
xanımla bir yerdə işləmişəm, dostluq,
yoldaşlıq etmişəm". Zəhra xanım
bütün bunları minnətdarlıq hissi ilə
xatırlayırdı, ona böyük etimad göstərildiyini
həmişə qeyd edirdi. Professor Zəhra Quliyeva 1972-ci ildə
Azərbaycan Tibb İnstitutunun rektoru təyin olundu. Rektor təyin
olunduqdan sonra onun həkimlik, müəllimlik və müalicə
sahəsindəki işinə çox mühüm bir vəzifə
də əlavə edildi. Tapşırılan işə
böyük məsuliyyətlə yanaşan Zəhra xanım,
ilk növbədə intizamın möhkəmləndirilməsinə,
təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə,
professor-müəllim heyətinin, tələbələrin
sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına nail oldu. Yeni tədris
korpuslarının insaşına, abadlıq-quruculuq işlərinə
başladı. Qısa bir vaxtda təhsil ocağında əsaslı
islahatlar aparıldı, bir çox uğurlar qazanıldı.
Ümummilli lider Heydər Əliyev
ATU-nun 70 illik yubileyindəki nitqində Zəhra xanımın
o zamankı xidmətlərini yüksək dəyərləndirmişdi:
"Mən Azərbaycana rəhbərlik etdiyim zaman Tibb
İnstitutuna uzun illər-11 il Zəhra xanım rəhbərlik
edibdir. Ona dörə də onun adını çəkmək
çox lazımdır. Böyük fəaliyyətinə
görə biz onu Azərbaycanın Qadın Problemləri
üzrə Dövlət Komitəsinə sədr təyin
etmişik və bununla da qadın hərəkatını
genişləndirmək istəyirik".
Müəyyən
dövr keçdikdən sonra, artıq müstəqillik illərində
Zəhra xanımın taleyinə Heydər Əliyevlə yenidən
bir komandada işləmək səadəti nəsib oldu. Bu dəfə
o, ümummilli liderin fərmanı ilə 1998-ci ildə
Qadın Problemləri üzrə Dövlət Komitəsinə
sədr təyin olundu. Zəhra xanım hələ sovet
dövründən Azərbaycan qadınlarının maariflənməsi,
ideya tərbiyəsi işində fəal iştirak etmiş,
onların təhsilə, elmə cəlb olunmasında
böyük rol oynamışdır. Uzun müddət Nəsimi
rayonunda Qadınlar Şurasının üzvü, sonra sədri
vəzifəsində çalışmışdı. Sovetlər
İttifaqında Qadın Problemləri üzrə Komitənin
sədri, məşhur kosmonavt Valentina Tereşkovanın
müavini işləmişdir. SSRİ Ali Sovetinə deputat
seçiləndə qadın problemləri ilə məşğul
olmuşdu. Müstəqillik illərində də qadın hərəkatında
Zəhra xanımın misilsiz xidmətləri
danılmazdır. Z.Quliyeva komitəyə sədr seçildikdən
sonra qadın problemlərinin həllinə, gender siyasətinin
həyata keçirilməsinə diqqətin
artırılması, beynəlxalq aləmdə Azərbaycan qadınının imicinin
yaradılması sahəsində ciddi işlər
görüldü, Azərbaycanın haqq
sözünün, doğma yurdlarından didərgin
düşmüş minlərlə qadın və
uşaqların insani hüquqlarının pozulması
haqqında ən nüfuzlu beynəlxalq təşkilatların
kürsülərindən bəyanatlar verildi. Zəhra Quliyeva
2000-ci ildə Nyu-Yorkda "Qadınlar 2000-ci ildə: gender bərabərliyi
- sülh və inkişaf XXI əsrdə" mövzusunda
BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında
çıxış edən ilk azərbaycanlı qadın
olmuşdur. Həmin sessiyada "Qadınlara qarşı
bütün növ ayrı-seçkiliyin ləğv edilməsi
haqqında" Konvensiyanın fakültativ protokolunun
imzalanması ölkə rəhbərinin fərmanı ilə
ona həvalə edilmişdi.
Z.Quliyeva bu illər ərzində
qadın hərəkatının lideri imicini
qazanmışdı. Ona insanların sonsuz ehtiramı nəcibliyi
və ləyaqəti ilə bağlı idi. Z.Quliyevanın
xarakterinə xas yüksək mədəniyyət, intellekt, səmimiyyət,
xeyirxahlıq və müstəsna qayğıkeşlik və
nikbinlik onu ətrafdakılara doğmalaşdıran və
sevdirən ən mühüm keyfiyyətlər idi. O, bir şəxsiyyət
kimi çox keşməkeşli həyat
yaşadığından yetirmələrinə müstəsna
dərəcədə dərin inam bəsləyirdi. Bu da
onların həm şəxsi həyatlarının, həm
iş, həm də elmi problemlərinin həllində
qarşıya çıxan çətinliklərin müvəffəqiyyətlə
aradan qaldırılmasına böyük psixoloji yardım
göstərirdi. Onun bu insani keyfiyyətləri bütün
dövrlərdə gənclərin elmi-tədqiqat işlərinə
cəlb olunması və onların tədqiqatçı-alim,
şəxsiyyət, vətənpərvər yetişməsi
üçün əsas amil olmuşdur.
Zəhra xanım respublikamız və
onun xaricində geniş ictimaiyyət tərəfindən dərin
hörmət bəslənilən ziyalılardan olduğundan onun
həyatı maraqlı görüş və hadisələrlə
zəngin idi. Qadın Problemləri üzrə Dövlət
Komitəsinin xəttilə keçirilən bütün tədbirlərdə,
demək olar ki, iştirak edirdim. Həmişə də Zəhra
xanımın ən mürəkkəb vəziyyətlərdə
özünü necə aparmasını, ən gərgin məqamlarda
sərbəstlik yaratmaq bacarığını, insanlarla tez
bir vaxtda səmimi ünsiyyətdə olduğunu jurnalist kimi
müşahidə edirdim. Çıxışları
yığıncaqlarda xüsusi əhval-ruhiyyə
yaradırdı. Sağlam
ziyalı mövqeyi hər yerdə özünü
göstərirdi. Aktual fikirləri, cəsarətli təşəbbüsləri
onu hamının gözündə ucaldırdı. Hər
hansı məsələ sülh ilə həll olunurdu.
Z.Quliyeva hər zaman
üçün nümunə olan müqəddəs bir həyat
yaşamışdır, tükənməz məhəbbət,
unudulmaz xatirələr, saysız-hesabsız təşəkkürlər
qazanmışdır. Bu gün haradasa bir xeyirxahlıq görəndə
Zəhra xanım yada düşür. Onu hər yerdə,
böyük kimi sevər, ehtiram göstərərdilər.
Görkəmli alim,
ictimai xadim Zəhra Quliyeva böyük qəlbə malik bir
insan, ən əsası isə özünü təsdiq edən
şəxsiyyət kimi yaddaşlarda daim yaşayacaqdır.
İ.ƏLİYEVA
Azərbaycan.-2008.-28
noyabr.-S.7.