Azərbaycan Prezidenti İlham Əliyevə Məxdumgulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru adı verilmişdir

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 28-də Məxdumgulu adına Türkmənistan Dövlət Universitetində Azərbaycan Prezidenti İlham Əliyevə bu ali məktəbin fəxri professoru adı verilməsinə həsr olunmuş mərasim keçirilmişdir.

Azərbaycan Prezidentini Türkmənistanın təhsil naziri Məhəmmədgəldi Annaamanov, universitetin rektoru Çaryad Tugiyev səmimiyyətlə qarşıladılar. Dövlətimizin başçısına gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev əvvəlcə universitetin foyesində Türkmənistanın tarixini bugünkü həyatını əks etdirən fotosərgi ilə tanış oldu. Azərbaycan Prezidentinə məlumat verildi ki, 1931-ci ildə pedaqoji institut kimi yaradılmış bu universitet hazırda Türkmənistanın ən nüfuzlu ali təhsil ocağıdır. Onun bazasında bir çox ali məktəblər yaradılmış, indiyədək universitetdə 55 mindən çox mütəxəssis hazırlanmışdır. Universitetin kitabxanasında 600 mindən çox kitab vardır.

Universitetin akt salonunda keçirilən mərasimə toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi sürəkli alqışlarla qarşıladılar.

Universitetin rektoru Çaryad Tugiyev mərasimi açaraq dedi ki, bu gün universitetin həyatında tarixi hadisədir. Elmi şura iki ölkə arasında humanitar əlaqələrin inkişafında müstəsna xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə universitetin fəxri professoru adı verilməsi barədə qərar qəbul etmişdir.

Rektor Azərbaycan Prezidenti İlham Əliyevə universitetin fəxri professoru diplomunu türkmən milli geyimi təqdim etdi.

Prezident İlham Əliyev universitetin professor-müəllim kollektivi qarşısında çıxış edərək, ona göstərilən bu etimada görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Türkmənistana rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə müzakirə olunan məsələlərdən danışdı, Azərbaycan Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğuladı.

Prezident İlham Əliyev təhsilin əhəmiyyətinə toxunaraq dedi ki, heç bir ölkə təhsil olmadan inkişaf edə bilməz. Türkmənistanda təhsilin inkişafına yetirilən diqqəti yüksək qiymətləndirən dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda da bu sahədə böyük işlər görülür. Son beş ildə Azərbaycanda 1600 orta məktəb binası tikilmişdir, təhsil islahatları həyata keçirilir.

(Mərasim haqqında geniş hesabat qəzetdə dərc olunacaqdır).

 

 

Azərbaycan.-2008- 29 noyabr.-S.3.