Naxçıvan abidələri haqqında kitab-abidə

 

Azərbaycanda ensiklopediya yaradıcılığı sahəsindəki mövcud təcrübədə ən çox diqqəti cəlb edən ölkə haqqında çoxcildlik ensiklopediyaların yaradılmasıdır. Keçən əsrin 70-80-ci illərində hazırlanıb nəşr edilmiş "Azərbaycan sovet ensiklopediyası" dövrün xarakterindən doğan ideoloji meyillərinə baxmayaraq, hələ indi də mənbə kimi istifadə edilən nəşrlərdən biridir. Hazırda Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin sərəncamı ilə hazırlanmaqda olan və artıq mükəmməl poliqrafik səviyyədə bir xüsusi cildi çap edilmiş, 25 cilddə nəzərdə tutulan Azərbaycan ensiklopediyası ölkəmizdə müstəqillik dövrünün sanballı nəşri kimi tarixə daxil olur.

Fikrimizcə, son illərdə çap edilərək ictimaiyyətə təqdim olunan "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası" və "Naxçıvan ensiklopediyası" da geniş mənada respublikamızda meydana çıxan ölkə ensiklopediyalarının üzvi tərkib hissəsidir. Bundan başqa, yaranmaqda olan şəxsiyyətlər barədə ensiklopediyalar - artıq oxucu auditoriyasına çatdırılmış "Üzeyir Hacıbəyov ensiklopediyası", çapa hazırlanan Cəlil Məmmədquluzadə və Hüseyn Cavid ensiklopediyaları ölkəmizdə bu sahədə ənənəni daha da zənginləşdirən qiymətli əlavələrdir. Arabir nəzərə çarpan "Kim kimdir" ensiklopedik nəşrləri daha çox kommersiya xarakteri daşısa da, hər halda ensiklopediya yaradıcılığı sahəsində axtarışlar kimi müəyyən maraq doğurur.

Bütün bunlarla bərabər, respublikamızda ensiklopediya yaratmaq baxımından mövcud olan təcrübə artıq bir sıra xüsusi istiqamətlər və sahələr üzrə də ensiklopediyaların hazırlanmasına münbit şərait yaradır. Fikrimcə, hazırkı müstəqillik dövründə ölkəmizin Neft ensiklopediyasının, Ədəbiyyat və Mədəniyyət ensiklopediyalarının, xalqımızın tarixində və taleyində mühüm rol oynamış görkəmli şəxsiyyətlərə dair ciddi ensiklopedik nəşrlərin hazırlanması, geniş ictimaiyyətə çatdırılması zamanın diqtə etdiyi aktual məsələlərdəndir.

Bizə görə sadaladığımız sahələrin sırasında ən çox aktuallıq kəsb edənlərdən biri də Azərbaycanın tarixi və memarlıq abidələrinin ensiklopedik səviyyədə tədqiqi və nəşri məsələsidir. Bu sahənin xalqımızın çoxəsrlik tarixi və kəşməkeşli inkişaf yolu, milli təfəkkürü ilə bağlı olması abidələr haqqında yüksək elmi səviyyədə ensiklopediyanın hazırlanması zərurətini ön mövqeyə çıxarır. Həm də zaman-zaman tarixi və memarlıq abidələrimizə sağdan-soldan göz dikənlərin, sahib çıxmaq istəyənlərin, yaxud abidələrimizin tarixini süni şəkildə saxtalaşdırmaq cəhdlərinin mövcudluğu həmin sahənin xüsusi aktuallığa malik olduğunu göz önünə almağı tələb edir. Bu günlərdə Azərbaycan və ingilis dillərində yüksək poliqrafik səviyyədə nəşr edilmiş "Naxçıvan abidələri ensiklopediyası" məhz qeyd olunan zərurətdən yaranmışdır. Həcmi 520 səhifədən ibarət olan bu qiymətli nəşr hələlik Azərbaycan miqyasında abidələrə həsr edilmiş birinci ensiklopediya kimi mühüm əhəmiyyət kəsb edir. Məhz bu ensiklopedik nəşr ölkəmizdə ensiklopediya yaradıcılığı sahəsində açılmış yeni istiqamət mənasında da əhəmiyyətli addımdır.

Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovın "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında"kı 6 dekabr 2005-ci il tarixli sərəncamı əsasında həyata keçirilmiş çoxcəhətli və ardıcıl tədbirlər son nəticədə "Naxçıvan abidələri ensiklopediyası"nın yaradılması ilə başa çatmışdır. AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universiteti əməkdaşlarından ibarət işçi qrupu 2006-2007-ci illərdə Naxçıvan ərazisində 1162 abidəni qeydə almış və pasportlaşdırmışdır ki, bunlardan da 782 abidə ilk dəfə elmi dövriyyəyə daxil edilmişdir. Qeydə alınmış abidələr dünya əhəmiyyətli, ölkə miqyaslı və yerli xarakterli abidələr kimi 3 qrupda təsnifləndirilmişdir. Bunlardan elmi cəhətdən daha çox maraq doğuran dünya və ölkə əhəmiyyətli 555 tarixi-arxeoloji, memarlıq və təbiət abidəsi ayrıca öyrənilərək "Naxçıvan abidələri ensiklopediyası"nın materialına çevrilmişdir. Ali Məclisin rəhbərliyi tərəfindən "Naxçıvan abidələri ensiklopediyası" hazırlayan mütəxəssislər qrupunun normal fəaliyyəti üçün münasib şərait yaradılmış, lazımi maddi-texniki və mənəvi dəstək göstərilmişdir. Beləliklə, "Naxçıvan abidələri ensiklopediyası" Naxçıvanın bütün yönləri ilə yenidən qurulmasına ardıcıl olaraq böyük əmək sərf etmiş Muxtar Respublika Ali Məclisi Sədrinin ideya-təşkilati dəstəyinin əməli ifadəsi kimi meydana çıxmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi haqqında"kı 19 mart 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Tədbirlər planı" əsasında çap edilən və böyük öndər "Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə ithaf olunan" bu əhəmiyyətli və sanballı ensiklopediya, sözün geniş mənasında, azərbaycançılıq idealının rəmzinə çevrilmiş görkəmli dövlət xadiminin siyasi kursunun işığında ərsəyə gəlmişdir. Bu kitab bütövlükdə Heydər Əliyevin müqəddəs ruhu qarşısında Naxçıvan ictimaiyyətinin hesabatıdır. Xalqımızın böyük mütəfəkkir oğlu Heydər Əliyevin kitabda öz əksini tapmış müdrik kəlamları "Naxçıvan abidələri ensiklopediyası"nın əsas leytmotivini təşkil edir: "Naxçıvan ərazisini götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir... Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir".
Bu dərin mənalı fikirlərin işığında ilk növbədə onu qeyd etməyi vacib sayıram ki, "Naxçıvan abidələri ensiklopediyası" Azərbaycanın ayrılmaz parçası olan qədim və zəngin ənənələrə malik Naxçıvan diyarının kəşməkeşli taleyinin kitabıdır. Kitabda təqdim olunan, eramızdan əvvəlki beşinci minillikdən indiki dövrə qədər təxminən 7 min il ərzində Naxçıvanda yaranmış abidələr bu diyarın özünəməxsusluğunu, burada yaşayan xalqın milli kimliyini, həyat tərzini və dünyagörüşünü, mədəni-intellektual səviyyəsini, mübarizə əzmini dolğun şəkildə əks etdirir. Həzrəti Nuh peyğəmbər və Gəmiqaya rəsmləri, Əshabi-kəhf mağaraları ilə bağlı oxuculara çatdırılan abidələr haqqındakı elmi cəhətdən əsaslandırılmış informasiyalar ərazi etibarilə kiçik Naxçıvan regionunun geniş mənada planetar düşüncənin, tanrıçılığın, ilkin sivilizasiyanın formalaşmasındakı böyük rolunu bütün aydınlığı ilə təsəvvür etməyə imkan verir. Ensiklopediyada regionda geniş yayılmış Altuntaxt, Salaxana kimi Dədə Qorqud toponimləri ilə səsləşən təbiət abidələrinə həsr olunmuş məqalələr və nadir şəkillər burada millilik amilinin nə qədər qədimlərdən süzülüb gəldiyini və köklü ənənələrə malik olduğunu dəlilli-sübutlu şəkildə meydana qoyur. Xalqımızın ümummilli lideri görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı muzeylərin, heykəllərin və büstlərin təqdimi geniş anlamda böyük siyasətin formalaşmasında, həm də milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində Naxçıvan diyarının rolunu və yerini aydınlaşdırır. Bütün bunlar Naxçıvanın Nuh tufanı əyyamından Dədə Qorqud zamanına və Heydər Əliyev epoxasına qədərki minilliklər boyu davam edən tale yollarını, dünya və ölkə qarşısındakı xidmətlərini və yerini güzgüdə olduğu kimi əks etdirir. Ona görə də heç tərəddüd etmədən "Naxçıvan abidələri ensiklopediyası" Naxçıvan diyarının türk-oğuz möhürü kimi dəyərləndirmək olar. Abidələrdən bəhs edən bu əhəmiyyətli kitabı qədim diyarı bütün yönləri və mahiyyəti ilə ifadə edən mənəvi pasport səviyyəsində ümumiləşdirə bilərik.

"Naxçıvan abidələri ensiklopediyası"nda özünə yer alan memarlıq abidələri iki cəhətdən xüsusi maraq doğurur. Birinci cəhət ondan ibarətdir ki, müxtəlif əsrlərdə Naxçıvanda yaranan Möminə xatun məqbərəsi, Qarabağlar və Gülüstan türbələri kimi vaxtilə görkəmli alimlər tərəfindən memarlıq sənətinin daş "Xəmsə"si adlandırılan dünya əhəmiyyətli nadir sənət abidələri ingilisdilli mətnlər vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Etiraf etməliyik ki, abidələrimizin dünya miqyasında tanıdılması və təbliği istiqamətində bu vaxtadək aparılan işlər yetərli deyildir. "Naxçıvan abidələri ensiklopediyası"nda milli memarlıq incilərimiz barəsindəki məlumatların və şəkilaltı yazıların ingilis dilində verilməsi həmin sahədə mövcud olan boşluğu aradan qaldırmağa uğurla xidmət edir. İkincisi isə kitabda abidələrin ingilis dilində yüksək səviyyədə təqdimi illərdən bəri ayrı-ayrı vaxtlarda bədnam ermənilərin Naxçıvandakı memarlıq sənəti nümunələrinin əsassız şəkildə Ermənistana aid edilməsi ilə əlaqədar məkrli saxtakarlıqlarının elmi şəkildə təkzib edilməsinə şərait yaradır. Məlum olduğu kimi, uzun illər bu sahədə ermənilərin Ermənistan və Rusiyada apardıqları işlərin dairəsi son dövrlərdə daha da genişləndirilərək Avropa miqyasına çıxarılmışdır. Aram Ayvazyan adlı müəllifin 1990-cı ildə Amerikada Qriqor Maqsudyanın tərcüməsində ingilis dilində çap olunmuş "Naxçıvanın tarixi abidələri" kitabındakı Şərq ruhu üstündə köklənmiş abidələri "erməniləşdirmək" səyləri bədnam və saxtakar qonşularımızın yaramaz fəaliyyətlərinin hansı eybəcər şəkil aldığını qabarıq şəkildə nümayiş etdirir.

Suriyada yaşayan erməni müəllifi Avo Katrceyanın 2006-cı ildə Hələb şəhərində çap etdirdiyi "Erməni Naxçıvanı" kitabında da Azərbaycan gerçəkliyinin açıq-aşkar saxtalaşdırıldığını, yalançı erməni təbliğatının miqyasının ildən-ilə genişləndiyini göstərir. Və, ümumiyyətlə, ermənilərin Naxçıvan iddiası ilə bağlı xülyalarının sırasında abidələrə istinad etmək faktorunun həmişə əsas, aparıcı olduğunu nəzərə alsaq, onda bu istiqamətdə Azərbaycanda aparılan araşdırmaların nəticələrinin dünya dillərində çap edilməsinin zəruriliyi bir daha hər kəsə aydın ola bilər. Məhz bu bucaqdan yanaşdıqda "Naxçıvan abidələri ensiklopediyası"nda memarlıq sənəti nümunələrinə dair məlumatların, hətta şəkilaltı yazıların və ədəbiyyat göstəricilərinin Azərbaycan dili ilə yanaşı, ingilis dilində də verilməsi son dərəcədə əhəmiyyətlidir. Memarlıq abidələrinə dair məlumatlarda həmin sənət nümunələrinin yarandığı tarixi dövrə və onların türk-müsəlman mənsubiyyətli müəlliflərinə dair öz əksini tapmış dəqiq informasiyalar da həmin sahədəki saxta erməni təbliğatının elmi cəhətdən yalan və böhtandan ibarət olduğunu diqqət mərkəzinə çəkir. Bu mənada "Naxçıvan abidələri ensiklopediyası" tariximizə, mədəniyyətimizə, memarlıq sənəti nümunələrimizə yönəlmiş əsassız, qeyri-elmi, haqsız iddialara tutarlı cavabın ifadəsidir. Məsələnin bu cəhəti təqdim olunan ensiklopedik nəşrin mühüm vətəndaşlıq qayəsini də müəyyən edir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarı əslində bütövlükdə arxeoloji abidələr muzeyidir. Buradakı xalqımızın qədim tarixini əks etdirən arxeoloji abidələr soy-kökümüzlə, şəhərsalma mədəniyyətimizin tarixi ilə, qədim ailə-məişət və dəfn adətlərimizlə bağlı bir çox ciddi mətləbin, elmimizin qarşısında duran mühüm problemlərin öyrənilməsi baxımından həlledici əhəmiyyətə malikdir. Daş dövrünün yadigarı olan Qazma mağarası, birinci və ikinci Kültəpə, Oğlanqala, Gilan xərabələri və onlarla başqa arxeoloji abidə, çoxsaylı müdafiə istehkamı və qala, Duzdağ mədənlərindən tapılmış daş baltalar və bu qəbildən olan yüzlərlə arxeoloji materialların çoxu uzun dövr ərzində min təəssüf ki, yetərincə öyrənilməmiş, az-çox mövcud olan araşdırmalar isə dünya ictimaiyyətinin diqqətinə lazımi səviyyədə çatdırılmamışdır. "Naxçıvan abidələri ensiklopediyası"ndakı arxeoloji abidələr haqqında məlumatların mütləq əksəriyyəti Azərbaycan alimlərinin, daha çox isə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində çalışan alimlərin son onillikdə apardıqları ciddi elmi axtarışların, həyata keçirdikləri qazıntı işlərinin dəqiqləşdirilmiş, isbat edilmiş real, təkzibolunmaz nəticələrini diqqət mərkəzinə çəkir. Ensiklopediyanın bu qəbildən olan hissələri Azərbaycan arxeologiya elminin Naxçıvan məktəbinin səviyyəsini, imkanlarını və nailiyyətlərini də nümayiş etdirir. Naxçıvandakı qədim inanc yerlərimiz - Xanəgah türbəsi, Naxçıvan, Parçı və Nehrəm imamzadələri, Pir Ömər, Ərəfsə, İydəli, Kilit, Tənənəm, Yağmur, Üstüpü pirləri, Pir Yaqub və Pir Süleyman xanəgahları, çoxsaylı məscid, mənası, mahiyyəti yenidən araşdırılmış ziyarətgahlar haqqındakı məqalələr də yeni və səmərəli axtarışların konkret nəticələrindən yoğrulmuşdur.

Naxçıvanda təbiətlə bağlı olan Gəmiqaya, Haçadağ, Batabat, Qız qalası, Qızlar bulağı, Gəlin qayası, Fərhad arxı, Darıdağ, onlarla yaşayış yeri, təbii kurqanlar da haqlı olaraq abidə kimi təqdim olunmuşdur. Təbiət abidələrindən bir çoxunun son illərdə Dövlət qoruqlarına çevrilməsi həmin abidələrin əhəmiyyətini bir daha nəzərə çarpdırır. "Naxçıvan abidələri ensiklopediyası" oxuyub buradakı çoxsaylı təbiət abidəsindən dəqiq xəbər tutandan sonra oxucuda az qala muxtar respublikada hər addımbaşı torpaq sahəsinin də abidə olması təəssüratı yaranır. Nəticədə hansı qədim və zəngin diyarın övladı, yetirməsi olması ilə fəxr edən oxucu eyni zamanda sanki hər gün müxtəlif səpkili abidələrin ətrafında, orbitində yaşayıb çalışdığını hiss edir. Bundan başqa, regionun təbiət abidələrində tarixin və mifoloji təfəkkürün izləri də yaşamaqdadır.

Diyarın görkəmli yetirmələrinin, adlı-sanlı elm, ədəbiyyat və mədəniyyət xadimlərinin - Əcəmi Naxçıvani, Cəlil Məmmədquluzadə, Bəhruz Kəngərli, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Yusif Məmmədəliyev, Zərifə xanım Əliyeva və başqalarının müxtəlif səpkili abidələrinə dair ensiklopediyada yer almış məqalələr Naxçıvan Muxtar Respublikasının mənəvi zənginliyini və dünya şöhrətini izləməyə münasib imkan açır. XX və XXI əsrin əvvəllərinə aid olub, memarlıq əsəri səviyyəsinə yüksələn heykəllər, məqbərələr, muzeylər, qorelyeflər, seyrangahlar, oylanoqliflər, teatr və məktəb binaları Naxçıvanın müasir inkişaf səviyyəsi, vüsətli quruculuq tempi barədə dolğun təəssürat yaradır. Bu mənada "Naxçıvan abidələri ensiklopediyası" muxtar respublikada xüsusən son onillikdə aparılan möhtəşəm quruculuq hərəkatının özünəməxsus ritmini də tam vüsəti ilə mənalandırır. Qədim dövr və orta əsrlər intibah mədəniyyəti abidələrinə geniş yer ayrılmış ensiklopediyada çağdaş epoxanın müasir memarlıq sənəti nümunələrinin də təqdimi bu regionda vahid mədəniyyətin mövcudluğu barədəki qənaətləri tamamlayır və möhkəmləndirir. "Naxçıvan abidələri ensiklopediyası" qədim və müasir Naxçıvanın inkişafının müxtəlif mərhələləri arasındakı möhkəm və üzvi əlaqəni, daxili vəhdəti əyani şəkildə əks etdirir. Milli varlığımızın və bütövlüyümüzün dəlilli-sübutlu təsdiqinə yönəlmiş bu meyil Naxçıvan diyarının əsrlər boyu indiki azərbaycanlıların ulu əcdadlarına məxsus olması barədəki reallıqları bir daha təsdiqləyir.

Dünyanın şəhərtipli ən qədim yaşayış məntəqələrindən biri sayılan Naxçıvan şəhərinin tarixinin müəyyən edilməsi sahəsində bu vaxtadək irəli sürülmüş mülahizələrə də mövcud ensiklopediya aydınlıq gətirir. Ensiklopediyada təqdim edilən tədqiqat materiallarına əsasən Naxçıvan şəhərinin 5 min il yaşı olması qənaətinə gəlmək mümkündür. Belə ki, müxtəlif mənbələrdə Naksuana, Nəşavə, Naqçuan, Nəxçuvan şəklində işlədilən Naxçıvan şəhərinin yunan coğrafiyaşünası Klavdi Ptolomeyin "Coğrafiya" kitabında göstərilən eramızdan əvvələ aid 1539-cu il tarixi bu şəhərin artıq formalaşmış, xəritəyə və ya kitaba düşmək səviyyəsindəki vəziyyətini göstərir. Normal şəhər səviyyəsinə çatana, formalaşana qədər isə dünyanın başqa şəhərləri kimi Naxçıvan da şəhərsalma baxımından neçə minillik yol keçmişdir. Mənbələrdə hətta Naxçıvan şəhərinin Həzrəti Nuh peyğəmbər tərəfindən salındığı qeyd olunur ki, dini baxımdan sovet dövründə kölgədə qalan bu fakt hazırkı tarixi mərhələdə tutarlı, əhəmiyyətli mülahizələrdən biri kimi qəbul edilə bilər. Bundan başqa, məşhur Əshabi-kəhv rəvayətindəki qeyb olmuş mağara adamlarının ayıldıqdan sonra çörək almaq üçün gəldikləri yaxınlıqdakı şəhərlə bağlı məqamlar da Naxçıvan şəhərinin qədim tarixə malik olduğunu əsaslandırmağa şərait yaradır. Nuh tufanı hadisəsinin təxminən 5-7 min il əvvəl baş verdiyini, Əshabi-kəhv əsatirində mağaradan çıxıb 309 ildən sonra şəhərə pənah gətirənlərin başına gələn əhvalatın da təxminən bir o qədər qədim olduğunu nəzərə alsaq, Naxçıvan şəhərinin yaşına dair mülahizələrə yenidən baxılması zərurətinin olduğu aydın olar. Digər mülahizələr də Naxçıvan şəhərinin 5 minillik tarixə malik olmasına şahidlik edir. Xüsusən, Naxçıvan şəhəri yaxınlığındakı Duzdağ mədəni ərazisindən XIX əsrin 60-70-ci illərində daş baltaların tapılması, Kültəpə yaşayış yerində daş dövrünə aid bəzi əlamətlərin müşahidə olunması faktları da tədqiqatçıları artıq Naxçıvan şəhərinin 5 minillik tarixi ətrafında düşünüb-daşınmağa çağırır. Hazırda Həzrəti Nuh peyğəmbərin məzarüstü türbəsinin Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun sərəncamı əsasında yenidən qurulması əslində Naxçıvan şəhərinin 5 min illik tarixinin bərpa edilməsinə çağırışın əks-sədası kimi səslənir.

Qeyd etmək lazımdır ki, artıq "Naxçıvan abidələri ensiklopediyası" ideyası meydana çıxana qədər Naxçıvanda ensiklopediya hazırlamaq səviyyəsində müəyyən elmi təcrübəyə malik olan yüksək ixtisaslı mütəxəssislər qrupu formalaşmışdı. Bundan əvvəl ilk dəfə bir cilddə, sonra isə iki cilddə hazırlanaraq nəşr edilmiş "Naxçıvan ensiklopediyası"nın yaradılması sahəsində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universiteti alimlərinin keçdikləri yol, qazandıqları təcrübə müstəqil olaraq yeni bir ensiklopediyanın hazırlanmasının baş məşqinə çevrilmişdir. Son onillikdə Azərbaycanın tərkibində Naxçıvan diyarının ən müxtəlif elm sahələri üzrə dərindən və əhatəli tədqiqinə dair regionda çoxsaylı monoqrafik tədqiqat işinin yazılıb nəşr edilməsi, doktorluq və namizədlik dissertasiyalarının uğurla müdafiə olunması, arxeoloji qazıntı işlərinin miqyasının genişlənməsi, folklor materiallarının toplanılması və öyrənilməsinə diqqətin artırılması da "Naxçıvan abidələri ensiklopediyası"nı hazırlaya biləcək elmi qüvvələri birləşdirib ərsəyə gətirmişdir. Bu ensiklopediyanın hazırlanmasında yaxından iştirak edən 2 akademik, 4 müxbir üzv, 5 elmlər doktoru, 6 elmlər namizədindən hər biri humanitar elmlərin ayrı-ayrı sahələri üzrə yüksək ixtisaslı mütəxəssis olmaqla yanaşı, həm də ensiklopediya yaradıcılığı üzrə konkret təcrübəyə malikdir. Ensiklopediyanı ingilis dilinə Azərbaycan Respublikasının əməkdar müəllimi Zülfüqar Zülfüqarov tərcümə etmişdir. "Naxçıvan abidələri ensiklopediyası"nda təmsil olunan dizayner (Rəfael Kərimov), operatorlar, fotoqraflar heyəti də artıq bu sahədə konkret bilik və vərdişlərə sahibdirlər. Bu faktorların hamısı bir yerdə və muxtar respublika rəhbərliyinin böyük qayğısı "Naxçıvan abidələri ensiklopediyası"nın elmi cəhətdən və tərtibat-poliqrafiya baxımından yüksək səviyyədə hazırlanaraq nəşr edilməsini şərtləndirmişdir. Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki "Bakanlar media" nəşriyyatının çap etdiyi ensiklopediya ən müasir poliqrafiya mədəniyyətinə örnək sayılmağa layiqdir. Kitabda verilmiş 716 foto, 6 xəritə, 88 layihə, sxem, plan, fraqment təqdim olunan mətnləri, informasiyaları və tarixi məlumatları aydınlaşdırmaq və tamamlamaqla bir sırada həm də nadir abidələri əyani şəkildə əks etdirən tarixi sənədlərə çevrilir.

Gərgin kollektiv zəhmətin uğurlu nəticəsi olan Naxçıvan abidələri ensiklopediyası" bütün fəlsəfəsi və məntiqi ilə mükəmməl azərbaycanşünaslıq nümunəsidir. Bu əhəmiyyətli və mükəmməl ensiklopedik nəşr ciddi bir vətənpərvərlik dərsliyidir. Təqdim olunan ensiklopedik kitab müxtəlif elm sahələri, o cümlədən Azərbaycan tarixi, coğrafiya, ədəbiyyat, arxeologiya, etnoqrafiya, folklorşünaslıq, sənətşünaslıq baxımından mötəbər və zəngin elmi mənbədir. Nəhayət, "Naxçıvan abidələri ensiklopediyası" kitabı özü də mənası və mahiyyəti etibarilə möhtəşəm bir elmi abidədir. Çoxəsrlik abidələr dünyasına gur işıq salan bu dəyərli kitab-abidə bütövlükdə abidələrin ən uzun ömürlüsü, daha çox yaşayanı olacaqdır.
Bütün bunlara görə "Naxçıvan abidələri ensiklopediyası" Azərbaycan elmi üçün mühüm və əlamətdar hadisədir.

 

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət

Universitetinin rektoru,

Milli Məclisin deputatı,

akademik

 

Azərbaycan.-2008.-29 noyabr.-S.6.