Gənclərə qayğı gələcəyə inamın əlamətidir

 

Respublikamızın səfalı, gözoxşayan, könülaçan ərazilərindən biri Gədəbəy rayonudur. Yaxın keçmişdə - ötən əsrin sonlarında ermənilərin yaratdıqları qarşıdurma zamanı bu diyarın da səmasından atəş səsləri əskik olmadı. Neçə-neçə igidlər doğma torpaqlarının müdafiəsi uğrunda qanlı-qadalı döyüşlərə atıldılar, canlarını qurban verməkdən belə, çəkinmədilər.

Müqəddəs amal, əqidə yolunda şəhid olanların, münaqişənin ağrı-acılarını yaşayan sakinlərin övladları bu il müxtəlif ali məktəblərə qəbul olunublar. Yaxın günlərdə paytaxtımızda - Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında həmin gənclərlə validenylərinin, rayon sakinlərinin görüşü oldu. Toplantını regionların inkişafı birliyi rayon icra hakimiyyəti birgə təşkil etmişdi. Tədbiri açan Gədəbəy RİH-nin başçısı Kamran Rzazadə dedi:

- Ötən əsrin 70-80-ci illərində Gədəbəy intibah dövrünü yaşamışdı. İnkişafımızın, tərəqqimizin əsil səbəbi çoxlarının yadındadır. Ağsaqqallarımız, ağbirçəklərimiz dünya şöhrətli ulu öndər Heydər Əliyevin qayğısını unutmayıblar, fərəhlərini hələ nəvə-nəticələrinə danışırlar.

Dövlət müstəqilliyinin ilk illərində Gədəbəy öz ağır dövrünü yaşadı. Xalqın xilaskarı ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu bölgənin həyatı dəyişdi, yeniləşdi.

Gədəbəy yeraltı, yerüstü sərvətləri, təbiət gözəllikləri ilə yanaşı, həm elm sahibləri - akademikləri, professorları, ziyalıları ilə tanınır. Çox şükürlər ki, ənənə yenə davam edir. Qürur hissi keçiririk ki, bu il rayonumuzdan 200 nəfərdən artıq gənc respublikanın müxtəlif ali məktəblərinə qəbul olunub. Bu, böyük inkişaf yüksəlişidir. Gənclərə qayğı göstərmək, onları elm, təhsil yolunda həvəsləndirmək gələcəyə inamın təzahürüdür. Sizlərlə görüşümüzün, bir yerə toplaşmağımızın başlıca səbəbi elə budur. Əziz tələbələr, sizin hər birinizə uğurlar arzulayıram. Unutmayın, gündən-günə gözəlləşən, hüsnü-camalı dəyişən rayonumuz ali təhsilli mütəxəssis kimi geri qayıtmağınızı gözləyir.

Ürək sözlərini deyənlər çox oldu. Elm xadimlərindən, münaqişə zamanı ermənilərin törətdikləri müsibətlərdən, faciələrdən danışdılar. Rayonun hazırkı sosial-iqtisadi inkişafından, torpaqlarının hər qarışının Milli Ordumuz tərəfindən mərdliklə qorunmasından söz açdılar. Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü aşıq İsfəndiyar Rüstəmov dedi:

- Xalqımızın tarixi şöhrəti bir ondadır ki, öz keçmişini unutmur, həm gələcəyə inamla baxır. Azərbaycan bu gün iri addımlarla irəliyə doğru gedir. İqtisadi inkişaf tempinə görə ölkəmiz dünyada liderlik zirvəsinə yüksəlib. Bu da təsadüfi deyil. İdarəçilikdə, təşkilatçılıqda bacarığı olan cənab İlham Əliyev kimi dövlət başçısı var. Ölkə başçısının Gədəbəyə gəlişi, yerli sakinlərlə səmimi, mehriban görüşü, söhbətləşməsi heç vaxt, heç zaman yadımızdan çıxmayacaq. Aşıq-ozan sənətində məşhur bir deyim var: "Aylar-illər ötüb keçər, unudulmaz yaxşılıq, yamanlıq". Mən yaşımın ixtiyar çağındayam. Dünyanın həm qəm-qüssəsini, həm sevinc-fərəhini görmüşəm. Möhtərəm Prezident İlham Əliyevin rayonumuza səfərindən sonra Gədəbəydə əsil inkişaf, intibah dövrü başlayıb. Məni dinləyənlər , xüsusən bu il ali məktəblərə qəbul olan rayon gəncləri belə istəklə düşünürlər, təhsillərini davam etdirirlər, gələcəyə inamla baxırlar.

Respublika Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub yüksək səviyyəli tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, dinləyicilərə xoşbəxtlik, səadət, dövlətimizin daha da qüdrətlənməsinə, inkişafına layiqli töhfə verməyi arzuladı. Sonra saz səsləndi, müxtəlif avazlar, havacatlar eşidildi. Tədbir iştirakçılarının sevinc-fərəhləri aşkar duyulurdu.

 

 

T.AĞAOĞLU

 

Azərbaycan.-2008.- 29 noyabr.-S.7.