Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli görüşü
AzərTAc-ın xüsusi
müxbiri xəbər verir ki, noyabrın 29-da Türkmənistanın
Türkmənbaşı şəhərində Azərbaycan
Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Abdullah
Gülün və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun
üçtərəfli görüşü olmuşdur.
Dövlət başçıları əvvəlcə
birgə foto çəkdirdilər.
Prezident Qurbanqulu
Berdiməhəmmədov
görüşü açaraq ali
qonaqları salamladı, Türkmənistana səfərə gəldiklərinə
görə təşəkkür etdi.
Türkiyə Prezidenti Abdullah Gül üç ölkə
arasında əlaqələrin yüksək səviyyədə
olduğunu bildirdi. O, Azərbaycan, Türkmənistan və Türkiyə
prezidentlərinin birgə görüşünün əhəmiyyətini
vurğuladı.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV
çıxışında dedi:
- Əziz
Qurbanqulu Məlikquliyeviç!
Əziz Abdullah Gül!
Bu gün çox gözəl
bir gündür. İlk dəfədir ki, üç
qardaş ölkənin prezidentləri üçtərəfli
görüş keçiririk. Bu
görüşə çox böyük əhəmiyyət
verirəm. Əminəm ki,
görüşün nəticələri çox uğurlu
olacaqdır. Bizim aramızda dostluq,
qardaşlıq əlaqələrinin möhkəmlənməsi
işində bu görüşün çox gözəl nəticələri
olacaqdır.
Bizi ortaq tarix birləşdirir, müştərək
mədəni köklər birləşdirir. Bu gözəl zəmin əsasında üç
müstəqil ölkə öz siyasətini aparır, biz
aramızda olan bu gözəl, ənənəvi dostluq,
qardaşlıq münasibətlərinin inkişafı
üçün çalışırıq.
Mən çox şadam ki, bu
gün qardaş Türkmənistan torpağındayam. Dünən mənim
rəsmi səfərim də çox uğurlu
keçmişdir. Çox mühüm
razılaşmalar əldə edilmişdir.
Əminəm ki, bu
görüş də çox yaxşı keçəcək
və onun çox gözəl nəticələrini görəcəyik.
Azərbaycan.-2008.-30 noyabr.-S.1.