Azərbaycanın diplomatik nümayəndəlik və
konsulluqlarının konsulluq
məsələləri üzrə
məsul əməkdaşlarının
ikinci müşavirəsi
öz işinə başlamışdır
AzərTAc xəbər verir ki, noyabrın 29-da Xarici İşlər Nazirliyində Azərbaycan
Respublikasının diplomatik
nümayəndəlik və
konsulluqlarının konsulluq
məsələləri üzrə
məsul əməkdaşlarının
ikinci müşavirəsi
öz işinə başlamışdır. Müşavirədə diplomatik nümayəndəlik
və konsulluqların
konsulluq sahəsində
fəaliyyəti müzakirə
olunacaq, qarşıya
çıxan nöqsan
və problemlər araşdırılacaq, təhlil
ediləcək və onların aradan qaldırılması, konsulluq
məsələləri üzrə
məsul əməkdaşların
peşə hazırlığının
artırılması, digər
dövlət orqanlarının
konsulluq işinə dair təklifləri nəzərdən keçiriləcəkdir.
Müşavirə iştirakçıları əvvəlcə
Fəxri xiyabana gələrək ümummilli
lider Heydər Əliyevin xatirəsini anmış, məzarı
önünə əklil
qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə
də güllər düzülmüşdür.
Şəhidlər xiyabanında Azərbaycanın
müstəqilliyi və
ərazi bütövlüyü
uğrunda canlarından
keçmiş vətən
övladlarının xatirəsi
yad edilmişdir.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini V.Sadıqov müşavirədə giriş
nitqi söyləmişdir. Sonra müşavirəyə sədrlik
edən XİN-in Konsulluq
İdarəsinin rəisi,
fövqəladə və
səlahiyyətli səfir
Nadir Hüseynov Azərbaycan
Respublikasının diplomatik
nümayəndəlik və
konsulluqlarının konsulluq
məsələləri üzrə
məsul əməkdaşlarının
2006-cı il dekabrın
11-dən 14-dək keçirilmiş birinci müşavirəsindən
ötən dövr ərzində fəaliyyəti
barədə çıxış
etmiş, tövsiyələrini
vermişdir.
Hazırlanmış proqrama uyğun olaraq hesabat, təhlil və konsulluq məsələləri
üzrə məsul əməkdaşların bilik,
təcrübə və
peşə hazırlığının
artırılması məqsədilə
təlim xarakterli müşavirə işini
dekabrın 1-4-də davam
etdirəcəkdir.
Azərbaycanın
55 xarici ölkədəki səfirlik və baş
konsulluqlarında çalışan konsul məsələləri
üzrə məsul əməkdaşlarının, həmçinin
XİN-in Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin
əməkdaşlarının iştirak etdiyi müşavirədə
təlim xarakterli məruzələr dinləniləcəkdir. İşdə
qarşıya çıxan çətinliklər və konsul
məsələləri üzrə məsul əməkdaşları
maraqlandıran müxtəlif məsələlərlə
bağlı sualları 14 dövlət qurumunun - Prezidentin
İcra Aparatı yanında Vətəndaşlıq Məsələləri
Komissiyasının, Milli Təhlükəsizlik, Vergilər,
Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin
Sosial Müdafiəsi, Təhsil nazirliklərinin, Dövlət
Sərhəd və Dövlət Miqrasiya xidmətlərinin,
Dövlət Sosial Müdafiə Fondunun, Diaspor ilə
İş, Ailə, Qadın və Uşaq Problemləri üzrə
dövlət komitələrinin, Vəkillər
Kollegiyasının və Azərbaycan Respublikası Hərbi
Komissarlığının yüksək vəzifəli
nümayəndələri cavablandıracaqlar.
Azərbaycan.-2008.-30 noyabr.-S.3.